Vəfa Fətullayeva – 80
Tanınmış sənətkarlar olan Xalq artisti Hökümə Qurbanovanın və teatr xadimi, rəssam Nüsrət Fətullayevin ailəsində doğulan Vəfa da bu sahəyə könül verərək, milli teatra ömürlük bağlanıb.
Tamaşaçıların sevimlisi kimi yetişəcək Vəfa Fətullayeva 1945-ci il avqust ayının 25-də anadan olub. Deyilənə görə, o ərəfələrdə anası Hökümə xanım Xalq şairi Rəsul Rzanın “Vəfa” pyesində baş qəhrəman olan Vəfanı oynayırmış. Bu rol aktrisanın könlünə elə yatıb ki, həmkarları arasında deyibmiş ki, qızım olsa, adını Vəfa qoyacam. Elə də olur və sənətçilər ailəsində bir Vəfa boy atmağa başlayır.
Vəfa hələ uşaqlıq illərindən anası ilə birgə teatra gedərək, tamaşalardakı uşaq rollarında çıxış edib. 9 yaşında ikən Şeksprin “Qış nağılı” pyesində kralın oğlu Mamili obrazını bacarıqla canlandırıb, anası ilə tərəf-müqabil olub.
Əvvəlcə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olan gənc aktrisa sonra ixtisasını dəyişərək teatrşünaslığa keçib. Təhsilini bitirdikdən sonrakı 20 ildən də az müddətdə Gülgəz (“Mahnı dağlarda qaldı”, İ.Əfəndiyev), Şirin (“Məhəbbət əfsanəsi”, N.Hikmət), Tənzilə (“Sən yanmasan”, N.Xəzri), Şərəfnisə (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundov), Beatrice (“Heç nədən hay-küy”, U.Şekspir), Bənövşə (“Kəndçi qızı”, M.İbrahimov), Zeynəb (“Sizi deyib gəlmişəm”, Anar) və s. rolları səhnədə məharətlə ifa edib. Çəkildiyi televiziya tamaşalarında və filmlərində də yaddaqalan obrazlar yaradıb. “Göz həkimi”, “Alov”, “Atayevlər ailəsi”, “Bizim qəribə taleyimiz”, “Firəngiz”, “Göz həkimi”, “Min birinci söz” buna misal ola bilər. Sənət uğurlarına görə Əməkdar artist fəxri adına və Dövlət mükafatına layiq görülüb.
Yeri gəlmişkən, Vəfanın soyadının ona qədərki daşıyıcıları haqqında. Onlar milli mədəniyyətimizdə məşhur nəsil olublar. Nüsrət Fətullayev Azərbaycan teatr tarixinin ən yaxşı rəssamlarından sayılırdı. Vəfanın əmisi Fateh Fətullayev də aktyor idi. Çoxları onu “Ögey ana” filmindəki İsmayılın atası Arif rolundan yaxşı tanıyırlar. Digər əmiləri Nurəddin və Şəmsəddin Fətullayevlər isə teatrda musiqi hissə müdiri, dirijor işləyirdilər. Əmisi oğlu Hafiz Fətullayev teatrlarda və televiziyada rejissor olub. Digər əmisi oğlu Ramiz Moskvada Kinematoqrafiya İnstitutunu bitirib, hazırda İsraildə yaşayır, studiya rəhbəridir. Bütün bunlar istedadlı aktrisanın böyüdüyü münbit mühit barədə aydın təsəvvür yaradır.
Bu da var ki, anası Hökümə Qurbanova ailədə adına uyğun hökm sahibi olub və onun arzusu qızını özü kimi aktrisa görmək imiş ki, belə də olub.
Vəfa 1987-ci ildə – eyni xəstəxanada yatdığı anasından 1 il əvvəl ağır xəstəlikdən dünyasını dəyişib. (Atası Nüsrət Fətullayev isə daha tez – Vəfadan 2 ay sonra onun itkisinin ağrıları ilə həyata əlvida deyib). Vəfanın taleyinə cəmi 42 illik qısa bir ömür yazılıbmış. Əgər çox yaşasaydı, şübhəsiz ki, daha zəngin obrazlar qalereyası yaradar, daha da məşhurlaşardı.
Onun ailə həyatında da bəxti gətirməyib. Orta məktəbi bitirəndən sonra Zaur Nağıyev adlı bir idmançı ilə tanış olur. Onlar böyük məhəbbətlə bir-birlərini sevirlər. Az müddət görüşəndən sonra ailə qururlar. Amma bu evlilik çox kədərli ayrılıqla başa çatır. Dediyimiz kimi, anası Vəfanı özünün davamçısı olan aktrisa qismində görmək istədiyindən, Zaur isə, əksinə, buna razı olmadığından onların izdivacı erkən pozulur. Məhz ərindən boşanandan sonra Vəfa Teatr İnstitutuna girir. Hələ tələbə ikən Akademik Dram Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında Fəridə roluna dəvət alır. Sən demə, Vəfa Fətullayevanın öz həyat “gündəliyi” də məhvə məhkum imiş…
Ömür vəfa etsəydi, avqustun 25-də Vəfa Fətullayevanın 80 yaşı olacaqdı. Vaxtsız getsə də, yaddaşlarda gözəl, yaraşıqlı, parlaq simalı, böyük istedadlı bir xanım sənətkar kimi qalıb.
Ə.DOSTƏLİ
XQ