Yaşar Qarayev – 90
Ötən yüzilliyin son yarısında elmi prinsiplərin mübarizələrdə saflaşıb büllurlaşdığı, tənqidi mübahisələrdən nəzəri yekunlar, qənaətlər mərhələsinə keçidin baş verdiyi bir dövrdə həm ayrı-ayrı klassiklərin, həm də klassik bədii mərhələlərin, ədəbi metod, təmayül və cərəyanların canlı, dinamik, monoqrafik portretini göz önünə gətirən əsərlər meydana çıxdı. Bu sahədəki tədqiqlərin orijinal istiqamətinin yaradıcısı – çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktoru və əsas müəlliflərindən biri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yaşar Qarayev idi...
Yaşar Qarayevin ilk və son kitablarına nəzər salanda tədqiqatçının dünyagörüşünün təkamülünü izləmək mümkündür. Əvvəla, bu dünyagörüşü Azərbaycan mütəfəkkirlərinin (xüsusilə Mirzə Fətəli Axundzadənin və Cəlil Məmmədquluzadənin), eləcə də ədəbi tənqid və nəzəriyyəmizin təcrübəsi və onu yaxın dövrdə təmsil edən alimlərimizin – Məmməd Arifin, Məmməd Cəfərin, Cəfər Cəfərovun irsi zəminində formalaşıb. Heç təsadüfi deyil ki, Yaşar Qarayev o mütəfəkkirlərin ən yaxşı tədqiqatçılarından sayılır və özünəqədərki tənqidçi nəslinin bu 3 nümayəndəsi haqqında çox qiymətli portret-oçerklər yazmışdır.
Sonralar sınaqdan uğurla çıxan orijinal, bənzərsiz məntiqi və obrazlı təhlilin təməli hələ “Faciə və qəhrəman” monoqrafiyası ilə qoyulur.
Problemin özəyinə varan, onu bütün qatları ilə göstərən bir təhlil yolu tənqidçinin yaradıcılığında tədricən formalaşmış, mərhələ-mərhələ fundamental tədqiqat metoduna yiyələnmişdir. Son fikri dərin, analitik miqyaslı araşdırmalardan sonra bəyan etmək müdrikliyini isə ağsaqqal sələflərindən mənimsəmişdir.
Yaşar Qarayevin istedadı ictimai-ədəbi fikrimizin inkişafının elə bir çağında yetişdi ki, bu dövrdə Azərbaycan mədəniyyətinin daha dərindən, hərtərəfli öyrənilməsi prosesində bir mərhələ başlayırdı. Bu, alimin dünyagörüşündə və elmi yaradıcılığında da baş verdi. Tənqidçi milli ədəbiyyatın öyrənilmiş və öyrənilməmiş qatlarının yenidən tədqiqinə başladı.
Kifayət qədər dərindən araşdırılmamış, yaxud yanlış şərh edilmiş məsələlərin həllinə cəsarətlə, müasir estetikanın, ədəbiyyatşünaslığın yüksək nailiyyətləri baxımından yanaşdı. O, nəzəriyyə ilə silahlandıqca nəzəriyyəsizliyi, tənqid prinsipiallığını, qələminin publisist kəsərini artırdıqca üzdəngetmənin karagəlməzliyini görür, üslubu zənginləşir, fərdiləşir, dilimizin bütün imkanlarını tənqidi fikrin kəsəri xidmətinə səfərbər edirdi.
Yaşar Qarayev təhlil etdiyi sənət əsərinin bədii, fəlsəfi mahiyyətinə varır, tarixi-müqayisəli, analitik təhlillə daxilində paradoksal təhlilin vəhdətinə nail olduğu üçün onun gözlənilməz tutuşdurmaları təbii səslənir .
Tənqidçi alimin yaradıcılığında güclü pafos, ehtizazlı patetika var, ancaq bu pafosun vətəndaşlıq məğzi, bu patetikanın sənətkarlıq əsası da var. “Tənqid – ədəbiyyata məhəbbətin adıdır” – müəllifin özünün tənqid barədə belə anlayışının – sənətə və sənətkar həqiqətinə güzəştsiz tənqidçi məhəbbətinin əyani təsdiqini onun həm ayrılıqda hər məqaləsində, həm də bütünlükdə tənqidi düşüncəsinin tərzində, üsulunda hiss etməmək mümkün deyil.
Yaşar Qarayevin elmi axtarışlarının başlıca istiqaməti Azərbaycan realizminin tarixini öyrənməyə yönəldilmişdi: bunun barı-bəhrəsi “Realizm: sənət və həqiqət” kimi siqlətli monoqrafiya oldu.
Bu əsərdən sonra klassiklərin bədii metodlarına daha dərindən bələd olduq, bədii fikrimizin ümumi inkişaf ahəngini aydınlığı ilə görə və qavraya bildik. Yaşar Qarayev göstərdi ki, indiki dövrdə nəinki klassikləri yeni tərzdə şərh etmək, hətta klassikaya münasibətdə tamamilə yeni baxış ifadə edən ədəbi-estetik mövqeyi irəli sürmək mümkündür və mütləq lazımdır. Bunsuz ədəbiyyat da, onun məhvərindəki nəzəriyyə də donuqlaşar və ehkamlaşar.
70-ci illərin ortalarında Yaşar Qarayev milli teatr problemləri ilə ardıcıl məşğul olurdu. Sonralar da Azərbaycan dramaturgiyasına verdiyi təhlillər elə dərin əsasa malikdir ki, rejissorlar o əsərləri tamaşaya qoyarkən bu təhlillərsiz keçinə bilməzlər.
Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir, Vurğun kimi poetik və fəlsəfi fikrin böyük dühaları Yaşar Qarayevi gəncliyindən düşündürüb. Onun tədqiqatçı idrakının bənzərsizliyi, xüsusən, Cavid yaradıcılığının problemlərinə həsr etdiyi əsərlərdə aydın duyulur, mütəfəkkir sənətkarın romantik poeziya düşüncələrində fəlsəfi qat qabarıqlaşır.
Müasir Azərbaycan tənqidi fikrinin inkişafı həmkarları ilə yanaşı, həm də Yaşar Qarayevin adı ilə bağlıdır. Pənah Xəlilov, Bəkir Nəbiyev, Şamil Salmanov, Akif Hüseynov kimi tənqidçilərimiz arasında o, öz fərdi ədəbi üslubu ilə seçilir.
Yaşar Qarayev miniatür tənqidi araşdırmalarından tutmuş monumental tədqiqatlarınadək bütün təhlillərində ədəbi-estetik fikrin ən sabit, cilalı anlayış və ölçülərini ədəbiyyatın, sənət dünyasının qaynar zəminində yenidən sınaqdan keçirir və hələ də nəzəri cəlb etməmiş xassələrini üzə çıxarır.
Görkəmli alimin yaradıcılığı ictimai-mədəni-ədəbi fikrimizdə qırılmaz mənəvi irsiliyi ifadə edən nümunədir: o, nəinki bu günlə yaxın keçmişin, həm də gələcəyin – sabahkı ədəbi prosesin arasındakı möhkəm varisliyi təsəvvür etməyə imkan verir.
Professor Yaşar Qarayev Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Məmməd Araz, Anar, Elçin, Aydın Məmmədov, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Yaqub Mahmudov, Kamal Abdulla, Rafael Hüseynov ilə bir sırada müstəqillik dövrü mənəviyyatının yaradıcılarından olmuşdur. Alimin elmi yaradıcılığının baş “qəhrəmanı” həyatda və sənətdə Azərbaycan mayasından yoğrulan milli şəxsiyyətdir. İctimai-siyasi münasibətlərdə milli şəxsiyyətin formalaşması, etik-psixoloji yetkinləşməsi, cəmiyyətin üst qatına çıxaraq hakim elitaya çevrilməsi onun ağrılı və ziddiyyətli təkamülünün mərhələləridir.
Yaşar Qarayev Azərbaycan mədəniyyətinin fundamental şəkildə və universal humanitar əsaslarda araşdırılmasının elmi təməlini qoyanlardan biridir. Onun tədqiqatlarında Azərbaycan mədəniyyəti orqanik bütövlüyündə götürülür, etnik yaddaş, folklor, dulusçuluq və Şəki lətifəsindən tutmuş tragikomediyalaradək çeşidli mədəniyyət fenomenləri milli ruhun ayrı-ayrı zaman laylarında araşdırılır.
Ötən zamanların və xüsusilə son yüz ilin Azərbaycan mədəniyyətində əks olunan əsas izləri Yaşar Qarayevin poeziya qədər duyarlı elmi tədqiqatlarında sistemli-konseptual təhlilini tapıb. Bundan sonra Azərbaycan mədəniyyətini ayrılıqda və onu bəşər mədəniyyətinin tərkib hissəsi kimi tədqiq etmək istəyən araşdırmaçı üçün Yaşar Qarayevin əsərləri tutarlı mənbədir.
Yaşar Qarayev ömrünün sonunadək tənqidçi olaraq qaldı – ədəbiyyatdan mədəniyyətin bütün budaqlarına təfəkkür enerjisi axıdan, bədii sözü və ideyanı tam harmoniyasında aydınladan, estetik-fəlsəfi düşüncənin Azərbaycan türkcəsində ən dəqiq, dolğun və sərrast ifadəsinin misilsiz sənətkarlığını yaradan, Azərbaycan mənəviyyatını parçalanmaz və bütöv görən və təqdim edən düşünər…
Yaşar Qarayevin son kitabına – “Min ilin sonu”na daxil edilən əsərləri – “XXI əsr: qlobal sivilizasiya və Şərq dəyərləri”, “Milli “Mən” şüuru və etnik yaddaş – Azərbaycançılıq”, “Ədəbiyyat tarixi milli (etnik) kimlik və mentalitet tarixi kimi”, “Məsləkim tərcümeyi-halımdır”, “Həpimiz bir günəşin zərrəsiyiz”, “İntellektin bədii yaddaşı” elmi, fəlsəfi, bədii, estetik, həm də qlobal siyasi düşüncənin, planetar narahatlığın küll enerjisi ilə ortaya qoyulmuş klassik nümunələrdir. Bu əsərlərində Yaşar Qarayev Azərbaycanın milli kimlik və mentalitet dəyərləri, bütöv (tarixi və çağdaş) mədəniyyət kompleksi ilə dünyada özgür qərar tutmasının fəlsəfi-ideoloji platformasını irəli sürmüşdür.
Alimin “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər” əsərinin son sözü – “Ədəbiyyat üçüncü minilin astanasında” – ötən tarixlə Yeni Çağ mədəniyyətinin genetik vəhdətini təyin edən strateji baxış və nəzəriyyənin orijinal təsbitidir. O, əsrləri və minillikləri qovuşduran onillik dönəmi bu vəhdətin qaynaq mərhələsi kimi şərh edir: “Son dövrü – 1990-2000-ci illər arasındakı zaman zolağını həm ədəbiyyatda, həm də tənqiddə bugünkü tarixi finala gətirib çıxaran qanunauyğunluq və məntiqdən kənarda hesab etmək olmaz: siyasətdə də, ideologiyada da bilavasitə bugünkü mərhələnin astanası məhz bu dövrün sosial, ictimai və ədəbi hadisələri idi”. Əgər “XXI əsrin dünyasını sintez sivilizasiyası kimi yaratmaqdan söhbət gedirsə”, deməli, bu prosesdə iştirak etməli olan Şərq, eləcə də Azərbaycan da öz klassik dəyərlər panteonu üzərində qurulmalı və yüksəlməlidir.
Bütün yüksək elmi nailiyyətlərinə baxmayaraq, görkəmli alim dünyadan köçdüyü ildə (2002) Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Bununla bağlı, Yaşar Qarayevin övladı, hazırda Böyük Britaniyada yaşayan dr. Lalə Yaşarqızı yazır: “80-ci illərin sonunda akademikliyə seçkilər zamanı ona qarşı edilən, sözün həqiqi mənasında, misilsiz haqsızlıq zamanı da susdu... Sonrakı illər heç namizədliyinin irəli sürülməsini də istəmirdi. 1998-ci ildə ona yenidən veriləcək Akademiyaya müxbir üzvlük adından yazılı şəkildə imtina etmişdi. Yaşar Qarayev üçün xalqının istedadlı oğlu kimi tanınmaq, bir alim kimi vətəninin etimadını qazanmaq ona veriləcək və əslində, keçmiş sovet ölkələri sərhədindən kənarda mövcud olmayan bir addan dəfələrlə üstün idi” .
Azərbaycan mədəniyyətinin yetirməsi Yaşar Qarayev özünəməxsus əxlaqi siması, həzinliyində təlatümləri eşitdirən nitqi, örnək davranışı ilə saf, uca mənəviyyat daşıyıcısı idi. Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna rəhbərlik etmiş Yaşar Qarayevin kabinetindəki masanın üzərində kiçicik bir lövhə vardı: “Vaxt – sərvətdir”. Bu yazı incə bir işarə ilə anladır, eyham vururdu ki, Ədəbiyyat İnstitutu – kargüzarlıqla və ya mətləbdən uzaq söhbətlərlə baş qatılası bir yer deyil, yaradıcı məkan, elm məbədidir. Onun heyrətamiz dərəcədə həssaslığı, zərifliyi ilə əqidə dönməzliyi arasındakı tarazlığı xarakterindən əsərlərinə, əsərlərindən xarakterinə dalğa-dalğa nüfuz edirdi. Yüksək əqidə sahibliyi və dürüstlüyü, Azərbaycan intellektinə inamı ilə ali məktəbdə imtahan komissiyalarına rəhbərlik edərkən, alim böyük bir “qazanc da güdürdü”: istedadlı tələbələri elə o vaxtdan “gözaltı” edir, Akademiyaya – Ədəbiyyat İnstitutuna gətirirdi.
Yaşar Qarayev mənim təkcə elmi rəhbərim deyil, həm də ustadımdır. Qürur duyuram ki, o böyük alimin 70-ci illərdən ömrünün sonunadək yazdığı bütün kitabları sanki hər hərfinə məna verdiyi kalliqrafik avtoqrafları ilə mənim sərvətimdir. Yaşar Qarayevin parlaq ideyaları mədəniyyətimizin bütün inkişaf mərhələlərini bir-birinə bağlayan və onu gələcəyə bütövlüyündə, yaradıcı enerjisində daşıyan qaynaq kimi hər zaman millətimizin və elmimizin gərəyi olacaq.
Rahid ULUSEL,
AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor


