Azərbaycan Şimal qonşusu ilə ortaq dəyərlərə sadiqdir

post-img

Rusiyadan Azərbaycana gələn turistlərin sayı durmadan artır

Son illər Azərbaycan turizm və müvəqqəti miqrasiya baxımından regionun əsas mərkəzlərindən birinə çevrilib. Xüsusilə 2022-ci ildə Rusiya–Ukrayna müharibəsinin başlamasından sonra postsovet məkanında sosial-siyasi sabitlik və təhlükəsizlik baxımından əlverişli məkan axtarışı bir çox rusiyalını və ukraynalını Azərbaycana yönəldib. Nəticədə, həm turist, həm də müvəqqəti məskunlaşmaq niyyətilə gələn rusiyalıların sayı artır.

Rəsmi statistika bu artımı təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son üç ildə Azərbaycana səfər edən xarici vətəndaşlar arasında rusiyalılar üstünlük təşkil edib. Bu müddətdə 2 milyon 67 min 278 rusiyalı və 109 min 158 ukraynalı ölkəmizə gəlib. Yalnız 2025-ci ilin yanvar-iyun ayları ərzində 314 min 549 rusiyalı və 17 min 138 ukraynalı Azərbaycana səfər edib. Bu göstəricilər bir daha sübut edir ki, Azərbaycan rusiyalılar üçün həm turizm, həm də müvəqqəti məskunlaşma baxımından hələ də cazibədar və təhlükəsiz bir məkandır.

Şimal qonşumuzun bəzi sosial media platformalarında, müəyyən dairələrdə rusiyalı turistlərin, guya, Azərbaycanda hüquqlarının pozulması, diskriminasiyaya məruz qalmaları barədə iddialar irəli sürülür. Fəqət bu iddialar heç biri rəsmi məlumat və sübutlarla təsdiqlənmir. Əgər bu tip hallar real olsaydı, bu, ilk növbədə Rusiya rəsmiləri tərəfindən dərhal gündəmə gətirilər, beynəlxalq platformalarda səsləndirilərdi. Əlavə olaraq, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, həmçinin yerli və xarici media nümayəndələri tərəfindən indiyə qədər rusiyalı turist və ya sakinlərin hüquqlarının pozulması ilə bağlı heç bir fakt qeydə alınmayıb. Bu faktın özü ittihamların əsassız və fərdi mülahizəyə söykəndiyini göstərir.

Azərbaycana gələn rusiyalıların sosial şəbəkələrdə paylaşdıqları təəssürat və rəylər onların burada özlərini təhlükəsiz və rahat hiss etdiklərini göstərir. Paylaşımlarda yerli əhalinin səmimiliyi və qonaqpərvərliyi xüsusi vurğulanır. İnsanlar gündəlik həyatda onlara göstərilən diqqət və mehriban münasibətdən məmnun olduqlarını qeyd edirlər. Bakı və digər şəhərlərin təmizliyi, müasir infrastrukturu və gözoxşayan mənzərələri fotolarla paylaşılır. Rus dilində ünsiyyətin geniş yayılması, xüsusən yaşlı nəsil üçün əlavə üstünlük kimi qiymətləndirilir. Gecə saatlarında belə küçədə təhlükəsiz gəzmək imkanı onların təəccüb və məmnuniyyətinə səbəb olur. Azərbaycanın hüquq sistemi bu məsələdə şəffaflıq və bərabərlik prinsipinə əsaslanır. Konstitusiyanın 69-cu maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olduqları müddətdə, qanunla başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə eyni hüquqlardan istifadə edə və eyni vəzifələri yerinə yetirə bilərlər. Bu normativ baza Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbilərin, o cümlədən rusiyalı turistlərin hüquqlarını tam şəkildə təmin edir. Bu, təkcə daxili hüquqi normativ deyil, eyni zamanda, beynəlxalq insan hüquqları konvensiyasına riayət edilməsi deməkdir.

***

Amma biz eyni sözləri Rusiya ərazisində yaşayan azərbaycanlılarla bağlı deyə bilmərik. Orada vəziyyətin tam fərqli olduğu hamıya məlumdur. Yekaterinburqda baş verən və iki azərbaycanlının polis zorakılığı nəticəsində həyatını itirməsi bu sahədəki acınacaqlı durumun göstəricisidir. Rusiya Federasiyasında 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlar əsasən tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışırlar. Amma tez-tez “qonaq işçi” stereotipi ilə üzləşir, sosial və hüquqi cəhətdən “ikinci növ vətəndaş” kimi qəbul olunurlar. Bu hal artıq sistematik xarakter daşıyır.

Beləliklə, Azərbaycanda rusiyalıların hüquqlarının pozulması ilə bağlı iddiaların hüquqi və faktiki heç bir əsası yoxdur. Əksinə, statistik göstəricilər, rəsmi sənədlər və ictimai rəy göstərir ki, rusiyalı turistlər və müvəqqəti qonaqlar ölkəmizdə təhlükəsiz, hüquqi baxımdan qorunan, sosial baxımdan isə hörmətli mühitdə yaşayır və özlərini rahat hiss edirlər. Bu, Azərbaycan dövlətinin insan hüquqlarına və beynəlxalq hüquq normalarına sadiqliyinin bariz təzahürüdür. Azərbaycan bu prinsipləri rəhbər tutaraq, vətəndaşlığından, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq öz ərazisindəki bütün insanlara bərabər və ədalətli münasibət göstərir. Bu, sivil və tolerant Azərbaycan dövləti və cəmiyyəti üçün xarakterik cəhətdir.

Əmir ƏLİYEV,
hüquq elmləri doktoru, professor

Ölkəmizə gələn bütün əcnəbilər, o cümlədən Rusiya Federasiyası vətəndaşları Azərbaycan Respublikasının Konstitusiyası və qüvvədə olan qanunvericiliklə qorunan hüquq və azadlıqlara malikdirlər. Heç bir halda onların milli mənsubiyyətinə, dilinə, dini etiqadına və ya vətəndaşlığına görə ayrı-seçkiliyə məruz qalması mümkün deyil. Konstitusiyanın 69-cu maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

Yəni, Azərbaycan ərazisində olan hər bir əcnəbi – istər turist, istər iş adamı, istərsə də tələbə yerli vətəndaşlarla eyni hüquqlara malikdir. Bu norma birbaşa Konstitusiyada təsbit olunub və heç bir subyektiv münasibətlə dəyişdirilə bilməz.

Azərbaycanda əcnəbilərin hüquqları həm də Miqrasiya Məcəlləsi, Turizm haqqında Qanun və digər normativ aktlarla dəqiq tənzimlənir. Bu qanunvericilik onların sərbəst hərəkət etmək, yaşayış yeri seçmək, mülkiyyətə sahib olmaq, məhkəmələrə müraciət etmək, mədəni və sosial həyatda iştirak etmək və digər əsas hüquqlarını təmin edir. Bundan əlavə, turizm fəaliyyəti ilə bağlı hüquqi münasibətlər dövlət orqanlarının daimi nəzarəti altındadır.

Ölkəmiz regionda turizmin inkişafına xüsusi əhəmiyyət verir. Bu gün Bakıda, Qarabağ bölgəsində və digər şəhərlərdə turistlərin rahatlığı üçün yaradılan şərait, sərmayə yatırılan infrastruktur bunun bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq öhdəlikləri də əcnəbilərin, o cümlədən turistlərin hüquqlarının qorunmasına təminat verir:

Azərbaycan İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına (1950) qoşulub. Konvensiyanın 14-cü maddəsində ayrı-seçkiliyin yolverilməzliyi təsbit edilib. Həmçinin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən, hər kəsin, o cümlədən əcnəbilərin və turistlərin sərbəst hərəkət etmək və istədikləri zamana qanuni yollarla dövlət sərhədini tərk etmək hüququ var. Bundan başqa, Azərbaycan BMT-nin 1966-cı il “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın tərəfdaşıdır. Paktın 12-ci maddəsi hansısa dövlətin ərazisində olan hər bir kəsin bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququnu tanıyır. 13-cü maddəyə görə isə əcnəbilər yalnız qanuni əsaslarla ölkədən çıxarıla bilər, başqa sözlə, turistlərin əsassız deportasiyası yolverilməzdir.

Azərbaycan qoşulduğu 1965-ci tarixli irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın 5-ci maddəsinə görə isə Azərbaycan ərazisində olan bütün şəxslərə qarşı irqi ayrı-seçkiliyin bütün formalarını qadağan və ləğv etməyi və irqinə, dərisinin rənginə, milli, yaxud etnik mənşəyinə görə fərq qoyulmadan hər bir insanın hüquqlarını təmin etməyi özü öhdəsinə götürmüşdür.

Azərbaycan həm də turistlərin hüquqlarının daha səmərəli qorunması və onların ölkəmizdə rahatlığının təmin edilməsi üçün konkret addımlar atır. Məsələn, 2024–2026-cı illər üzrə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış “Turizmin İnkişafı Yol Xəritəsi” məhz bu məqsədə xidmət edir. Sözügedən sənəd qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsini, regionlararası əməkdaşlığı, turizm infrastrukturunun inkişafını, eləcə də vətəndaşların qarşılıqlı səfərlərinin daha təhlükəsiz və əlverişli təşkilini nəzərdə tutur.

Bütün bu hüquqi çərçivə göstərir ki, Azərbaycan əcnəbilərin və turistlərin hüquqlarının qorunması məsələsində həm milli qanunvericiliyə, həm də beynəlxalq öhdəliklərə söykənən sistemli təminatlar yaradıb.

Odur ki, rus turistlərin ölkəmizdə, guya, hüquqlarının pozulması barədə yayılan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Bunu Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa yönələn təbliğat kampaniyasının elementi hesab edirəm.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət