Bugünlərdə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ICESCO ilə birgə təşkil etdiyi II Beynəlxalq Multikulturalizm Gənclər Forumu keçirilir.
“Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusunda məclisin məramı müxtəlif ölkələrin gənclərini bir araya gətirərək multikultural dəyərlərin təşviqinə, mədəniyyətlərarası dialoqun inkişafına və dinlərarası anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir. Forumda dünyanın 50-dən çox ölkəsindən 70-dək təmsilçi iştirak edir.
Dünən beynəlxalq məclisin açılış mərasimində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, dillərin və dinlərin qovuşduğu məkan olduğunu vurğulayıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasəti bu gün ölkəmizi dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın və birgəyaşayış ənənələrinin nümunəsinə çevirib.
İcraçı direktor diqqətə çatdırıb ki, Forumun “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunması təsadüfi deyil. Çünki bu gün dünyada sülhün, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsində gənclərin rolu həlledici əhəmiyyət daşıyır. Gənclər yalnız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsidir.
Sonra ICESCO və onun Bakıda Regional Ofisinin rəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzinin və Şimali Avropa Münaqişə Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə “Müxtəlifliyin gücü: Gənclər sülh və anlaşmanın hərəkətverici qüvvəsi kimi ” mövzusunda seminar keçirilib. iştirakçılaar mədəni və identiklik müxtəlifliyinin sülh quruculuğu proseslərində rolunu müzakirə edib və bu istiqamətdə gənclərin hərəkətverici qüvvə olduğunu vurğulayıblar.
Növbəti günlərdə Bakı, Xankəndi və Şuşa şəhərlərində keçiriləcək panel müzakirələrində, interaktiv sessiyalarda və təlim proqramlarında dünya gənclərinin çoxmədəniyyətli mühitdə sülh quruculuğuna töhfəsi, multikutural dəyərlərin təşviqi məsəsələri diqqət mərkəzində olacaq. İştirakçılar Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə də yaxından tanış olacaqlar.
Xatırladaq ki, I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub. Panel müzakirələr, interaktiv sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar müxtəlif multikultural təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar qururlar.
T.RÜSTƏMLİ
XQ