İtaliyanın “RAI” telekanalı Azərbaycanın kosmik və innovasiya ekosistemi sahələrində qazandığı uğurlardan bəhs edən reportaj yayımlayıb.
Kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya Azərbaycanın texnoloji cəhətdən inkişaf edən ölkə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan kosmik sənayenin inkişafında önəmli rol oynayır, orbitə buraxdığı müxtəlif təyinatlı peyklər ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasına töhfələr verib, eyni zamanda, telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını aradan qaldırıb.
Reportajda “Azərkosmos”un regionda ilk peyk operatoru olduğu, peykləri vasitəsilə telekommunikasiya və Yerin müşahidəsi xidmətlərini təqdim etdiyi bildirilir.
Eyni zamanda bildirilir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərir. Agentlik innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyir, innovativ layihələri, o cümlədən startapları stimullaşdırır, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirir.