Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov İzmir şəhərində Türkiyə Şahmat Federasiyasının rəhbəri Fethi Apaydınla görüşüb.
AZƏRTAC xəbər verir ki, federasiya nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əlaqələrin inkişafı, mötəbər yarışların təşkilatçılığında təcrübə mübadiləsi və Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının gələcək planları ilə bağlı müzakirələr aparılıb.
AŞF-nin rəhbəri M.Məmmədov Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına milli ornamentlərlə bəzədilən hədiyyə təqdim edib. Eyni zamanda Fethi Apaydın da AŞF-nin prezidenti Mahir Məmmədova qurum adından xatirə hədiyyəsini verib.
Səfər zamanı AŞF-nin rəhbəri 11-ci Çeşmə Beynəlxalq Şahmat turnirinin blits yarışında çıxış edərək iştirakçıları salamlayıb, ardınca isə rəmzi ilk gedişi reallaşdırıb.