Doğrudan da, haylarla danışmağın özgə yolu qalmayıb. Bunu Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların məsuliyyət zonasında ömürlərini uzatmağa çalışan separatçı-terrorçuların başçısı Arayik Arutyunyan deyir: “Bakı yalnız inteqrasiya prosesləri ilə bağlı danışıqlar aparmağa razıdır”.
Bəli, qondarma rejimin qondarma prezidenti etiraf edib ki, danışıqların başqa formada aparılması mümkünsüzdür: “İki il cəhd etdim, amma Bakı yalnız inteqrasiya prosesini müzakirə edəcəyini deyir. Onlar bunu təkcə bizə yox, BMT-də də deyirlər. Dünən də, bu gün də - Vaşinqtonda Blinken-Mirzoyan-Bayramov görüşündə də deyilib. Azərbaycan bizə deyir ki, birinci məsələ “müdafiə ordusunun” buraxılmasıdır. Ondan sonra “dövlət idarəetmə sistemi” ləğv edilməlidir. Başqa formada danışıqlar nəticə vermir”.
Bəs sən nə gözləyirdin, ay məğlub ordunun “oyundankənar” separatçı-komandiri? Gözləyirdin ki, Bakı gəlib sənin qondarma qurumunun başçısı kimi tacqoyma mərasimində iştirak edəcək?
* * *
Arutyunlanın züy tutanlarından biri – erməni separatçı ünsürlərin “vahid vətən partiyasının” rəhbəri Samvel Babayan “Bakı ilə dialoqa” çağırış edib. Özünü, guya, danışıq tərəfdarı, “güzəştlərə hazır”, yerli separatçılardan fərqli mövqedə duran hay kimi təqdim etməyə çalışan Babayanın “dialoq formatı”na diqqət yetirin: “Bakı ilə Xankəndi arasında dialoqun başlaması zəruridir. İnam yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışmaq lazımdır ki, insanlar dinc və normal yaşasınlar”.
“Sülh carçısı” Babayan bundan sonra “ikinci məsələyə” – qalan problemlərin müzakirəsinə keçəcəklərindən danışıb: “Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik. İkinci “siyasi qüvvə” kimi təcili danışıqların əleyhinə deyiləm. Amma ilk növbədə bir-birimizə qarşılıqlı etimadın aşılanması üçün dialoq aparacağımız məqamlarla bağlı konkret sənəd formalaşdırmalı, sonra başqa məsələlərə keçməliyik”.
Keçmiş “hərbi diplomatın” təxəyyülünün üfüqləri çox geniş imiş. O, unudur ki, Azərbaycan, hətta, keçmiş DQMV və onun ətrafındakı 7 rayon işğal altında olanda belə özü kimi separatçıları heç vaxt “tərəf” kimi tanımayıb. Bakı öz sözünü birbaşa İrəvana deyib. Bu, hələ o vaxt idi. İndi isə Azərbaycan 44 günlük Vətən müharibəsində böyük hərbi zəfər qazanandan, üstəlik, rəsmi İrəvanın Azərbaycanın Qarabağ və anklavlar da daxil olmaqla, ərazi bütövlüyünü tanımasından sonra özünü “tərəf” sayan Xankəndi ilə hansı formatda danışıqlar aparmalıdır? Bunun elementar məntiqlə qeyri-mümkün olduğunu həmin separatçı tör-töküntüsü doğrudanmı anlamır? Yox, anlayır, amma özünü anlamaz yerinə qoyur.
Bəli, Xankəndi və ətrafında yaşayan erməni icması ilə müzakirə mövzusu yalnız Azərbaycana inteqrasiya ola bilər. Bakının tək tələbi budur və bunu separatçıbaşı Arayik Arutyunyan da yaxşı bilir və hətta etiraf edir.
* * *
“Qarabağda yaranmış hazırkı vəziyyətə görə yalnız bir şəxs məsuliyyət daşıyır. O, ölkəni idarə etmək və ya beynəlxalq diplomatiya sahəsində təcrübəsi olmayan, uğursuz danışıqlar aparan şəxsdir. Bu gün Qarabağı təhvil vermək qərarına gələn şəxs üzündən danışıqlar prosesi yanlış gedir”. Hayastanın baş naziri Nikol Paşinyanın ünvanına bu aşağılayıcı sözlərin müəllifi kriminal biznesmen, Kremlin uğursuz emissarı statusunu qazanmış Ruben Vardanyandır.
Azərbaycanın sərvətlərini talan etməklə qazandığı haram milyardları hesabına “Arsaxa xoşbəxt gələcək” quracağını vəd edən bu saxtakar tacirin biznesinə son qoyulan kimi oturdulduğu “dovlət naziri” postundan da qovuldu. Qarabağdan Rusiya sülhməramlılarının yük maşınındakı çirkli mələfələrin altında gizlənərək çıxmağı bacaran “xalq qəhrəmanı” indi də silaha sarılıb “müharibə aparmaqdan” dəm vurur. Amma bir şeyi unudur ki, onun haqqında Bakıda cinayət işi qaldırılıb və “günəşli” Qobustan həbsxanası özünün “milyarder” məhkumunun yolunu intizarla gözləyir...
İ.HƏSƏNQALA, “Xalq qəzeti”