Qərbi Azərbaycan həqiqətləri beynəlxalq dəstək qazanır

post-img

Qərbi Azərbaycan İcması öz varlığını beynəlxalq aləmə tanıtmaq və bu coğrafiyada son 2 əsrdə soydaşlarımızın məruz qaldığı davamlı deportasiya və soyqırımları, onların varislərinin əzəli yurd yerlərinə qayıtmaq hüququ, bu missiyanın ləyaqətli şəkildə gerçəkləşdirilməsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün son vaxtlar beynəlxalq fəaliyyətini gücləndirib. Qurumun müraciətlərinin Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq qurumların rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan İcmasının tarixi Vətənə qayıdışı prosesinə xarici aləmdə hüquqi-siyasi və diplomatik dəstək qazandırmaqda önəmli addımlar olub. İcmanın Azərbaycan – Ermənistan sülh danışıqlarının normallaşmasına, soydaşlarımızın Qərbi Azərbaycana qayıdış hüququnun tanınmasına qarşı qonşu ölkədə və beynəlxalq aləmdə pozucu hərəkətlərlə bağlı bəyanatları da onun fəaliyyətinə aydınlıq, konkretlik gətirir, mübarizənin kəsərliyini artırır.

Qərbi Azərbaycan İcmasının rəh­bəri, Milli Məclisin deputatı Əziz Ələk­bərli qəzetimizə bu mövzuda açıqla­masında bildirdi:

– Son 2 əsrdə Qərbi Azərbaycanda­kı tarixi torpaqlarımızda soydaşlarımıza qarşı sayı-hesabı olmayan etnik təmiz­ləmə, deportasiya, soyqırımı siyasəti həyata keçirilib. Bunların davamı ola­raq, sonuncu deportasiya zamanı – Qa­rabağ münaqişəsinin ilk mərhələsində soydaşlarımız Qərbi Azərbaycan dedi­yimiz indiki Ermənistan ərazisindən son nəfərinə qədər görünməmiş bir vəhşiliklə qovulub çıxarıldı. Həmin deportasiyanı mən, ailəm, bütün həmyerlilərim öz tale­yimizdə bütün dəhşətləri ilə yaşamışıq. İcmanın üzvləri sonuncu deportasiya za­manı – 1988-ci ilin payızında öz doğma yurdumuzu tərk etmək məcburiyyətində qalanlardır.

Təbii ki, ilk gündən varlığımıza hop­muş Vətən həsrəti, yurd ağrısı ötən dövr-də zərrə qədər də azalmayıb. Vətən itir­mək ağır dərddir. Bu kütləvi qovulmadan az sonra – 1988-ci il dekabrın 28-də bir qrup Qərbi Azərbaycan əsilli ziyalı top­laşaraq qaçqınların məskunlaşma, məş­ğulluq kimi problemlərini həll etmək üçün Azərbaycan Qaçqınlar Cəmiyyəti adlı bir təşkilat yaratdı. Bu ictimai qurum ötən dövr ərzində sosial məsələlər çevrəsin­də bacardığını etdi.

Lakin münaqişənin davamında Qara­bağ və Şərqi Zəngəzur torpaqları ermə­nilər tərəfindən işğal olundu, 1 milyona yaxın soydaşımız öz Vətənində məcburi köçkün vəziyyətinə düşdü, doğma yurd­larını tərk etmək məcburiyyətində qaldı. Artıq Qərbi Azərbaycan qaçqınları ola­raq biz öz məsələmizi arxa plana keçirib erməni işğalına son qoyulmasını gözlə­dik. Biz o zaman Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq bir şüar irəli sürmüşdük ki, Qərbi Azərbaycan uğrunda mübarizə­miz Qarabağ uğrunda mücadilənin tər­kib hissəsidir. Çünki Qarabağ yoxdursa, Azərbaycan da yoxdur. 

Azərbaycan Prezidenti İlham Əliyev də öz açıqlamalarında Qərbi Azərbaycan məsələsini gündəmə gətirməyin Qara­bağsız mənasız olduğunu demişdi. Yəni, təkcə 10 milyonluq Azərbaycan xalqı olaraq yox, 50 milyonluq dünya azərbay­canlıları olaraq hamımızın bir nömrəli vəzifəmiz, mübarizəmiz Azərbaycanın suveren ərazilərinin, ərazi bütövlüyünün təmin olunması idi. Başlıca hədəf Qara­bağ, Şərqi Zəngəzur torpaqlarının ermə­ni işğalından azad olunması idi. 2020-ci il 27 sentyabrda başlanan əks-hücum əməliyyatı zamanı müzəffər Ali Baş Ko­mandanımızın rəhbərliyi altında son 2 əsrdə ilk dəfə olaraq işğal olunmuş tor­paqlarımızı düşməndən azad edə bildik. Böyük bir Zəfər qazandıq. 

Artıq bizim qarşımızda tarixi torpaq­larımıza, Qərbi Azərbaycana qayıtmaq uğrunda mübarizə aparmaq üçün gerçək perspektiv yarandı. 2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyə­tinin yığıncağında qurumun adını də­yişərək Qərbi Azərbaycan İcması kimi fəaliyyətimizi yeni müstəviyə keçirdik. Bu da ondan irəli gəlirdi ki, adından gö­ründüyü kimi, Azərbaycan Qaçqınlar Cə­miyyəti qaçqınların problemini həll edirdi. Amma bizim qarşımızda təkcə sonuncu deportasiya zamanı doğma yurdlarından qaçqın düşən insanların taleyi yox, son 200 ildə başımıza gətirilən faciələr, tarixi torpaqlarımızdan qovulan bütün insanla­rın problemini gündəmə gətirmək vəzifə­si dayanırdı. 

Qərbi Azərbaycan İcması kimi yeni­dən təşkilatlanaraq fəaliyyətimizi siya­si-diplomatik yöndə davam etdirməyə qərar verdik. Ötən il 24 dekabrda Pre­zident İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni inzibati binasına gəldi. Dövlət başçısının burada proqram xa­rakterli çıxışında, qarşımızda yeni və­zifələr, tapşırıqlar qoyması artıq bizim fəaliyyətimizi tamam yeni bir mərhələyə yönəltdi. Cənab Prezidentin əsas tap­şırığı Qərbi Azərbaycana Qayıdış Kon­sepsiyasını hazırlamaq oldu. Və biz bu konsepsiyanı hazırlayıb yanvar ayının sonunda qəbul etdik və onun icrasına başladıq. Ötən 6 ay ərzində müəyyən hazırlıq aparılmaqla xeyli iş görülüb. Ən azı, beynəlxalq müstəvidə biz öz səsimi­zi eşitdirə bilmişik.

Beynəlxalq aləmə yönəlik fəaliy­yətlə bağlı görülmüş işlərdən söhbət açan müsahibimiz söylədi:

– Prezident İlham Əliyev 24 dekabr görüşündə vurğuladı ki, bu insanlar öz tarixi torpaqlarına qayıtmalıdırlar. Bu, beynəlxalq hüquqa əsaslanan bir mis­siyadır. Bütün beynəlxalq sənədlərdə insanların öz doğma ata-baba yurdunda yaşamaq, oraya sərbəst gedib-gəlmək onların təməl hüququ kimi təsbir olunub. Yəni heç bir beynəlxalq hüquq buna yox deyə bilməz. Cənab Prezident qəti şə­kildə bildirdi ki, bu hüquqa söykənməklə mütləq öz tarixi torpaqlarımıza da qayı­dacağıq.

İlk növbədə, soydaşlarımız dövlət başçısının söylədiyi bu tarixi ədalətin qələbə çalacağına inanmalıdırlar. Odur ki, ilk vəzifələrimizdən biri olaraq, Qərbi Azərbaycan həqiqətlərimizi dünya icti­maiyyətinə çatdırmağa başladıq. Son 30–35 ildə Qarabağ həqiqətlərini müəy­yən qədər dünya ictimaiyyətinə çatdıra bildik. 44 günlük müharibənin nəticələ­rinin dünya tərəfindən qəbul edilməsin­də bu həqiqətlərin beynəlxalq ictimaiy­yətə çatdırılması çox böyük rol oynadı. İndi artıq qarşımızda Qərbi Azərbaycan həqiqətlərini xarici aləmə çıxarmaq qar­şımızda zəruri vəzifə olaraq durur. 

Yəni dünya bilməlidir ki, erməninin dərdi təkcə Qarabağ deyil. Onlar Qara­bağ məsələsindən qabaq da 200 il bu coğrafiyada münaqişə ocaqları yaradıb­lar. Onlar yaşadıqları ərazinin yerli türk xalqlarına məxsusluğunu unutdurmaq, özgə torpaqlarında möhkəmlənmək, guya, bu yerlərin min illər boyu onların olması yalanına dünyanı inandırmaq üçün hər saxtakarlığa və böhtana əl atıblar. Sonra da zorakı yollarla soydaş­larımızı öz vətənindən didərgin salıblar. Sonda isə müharibə edərək Azərbaycan ərazilərini işğal ediblər. 

Bu həqiqətləri dünyaya bəyan etmək­lə bağlı ilk addımlarımız uğurlu oldu. Qər­bi Azərbaycan İcmasının 3 sənədini Təh­lükəsizlik Şurasının və digər şuraların rəsmi sənədi kimi BMT-nin bütün rəsmi dillərində təşkilata üzv olan dövlətlərdə yaya bildik. Bu, Qərbi Azərbaycan əra­zisində ermənilərin törətdiyi cinayətlərin beynəlxalq müstəvidə etirafı idi. İndiyə qədər bu gerçəyi BMT tribunası səviy­yəsinə çıxarıb qəbul etdirə bilməmişdik. Amma artıq Qərbi Azərbaycan həqiqət­ləri və qayıdış missiyamız haqqında 190 dövlətə zəruri informasiya verə bilmişik. 

Əziz Ələkbərli dünyada hökm sürən “ikili standartlar”a qarşı mü­barizədə əldə edilən irəliləyişdən də danışdı:

– Ötən dövrdə biz gördük ki, dünya Azərbaycan həqiqətlərinə nə qədər kar, kor, lal olmuşdu. O da yadınızdadır ki, torpaqlarımız işğaldan azad olunandan sonra cənab Prezident dəfələrlə UNES­CO-ya və başqa beynəlxalq təşkilatlara deyirdi: Gəlin, gözünüzlə görün, yəqin edin ki, onlar Azərbaycan mədəniyyəti­ni, irsini amansızlıqla dağıdıblar, təhqir ediblər. Yaşayış məntəqələrimizi necə xarabalığa çeviriblər, yer üzündən silib­lər. Hətta qəbirlərimizi necə söküblər, qarət ediblər.

Amma beynəlxalq qurumlar kimi, UNESCO da buna susqun qaldı, re­aksiya vermədi. Amalı, məramı dünya mədəni irsini qorumaq olan bu qurumu nə qədər dəvət etsək də, Azərbaycana gəlmədi. Bizim BMT çərçivəsində qəbul etdirdiyimiz sənədlərdən biri də UNES­CO-nun Qərbi Azərbaycan ərazisinə gəlib burada mədəni irsimizin ermənilər tərəfindən necə dağıdılmasının moni­torinqinin keçirilməsilə bağlıdır. Biz bu sənədi də dünya ölkələrində yaya bildik. Bütün bunlar Azərbaycan diplomatiya­sının Qərbi Azərbaycanla bağlı müba­rizəsində əməli addımlar və hiss olunan irəliləyişdir. 

Eyni zamanda, biz Qayıdış Konsep­siyamızı da BMT-nin rəsmi sənədi kimi dünya ölkələrində yaya bildik. Bu sənə­din beynəlxalq aləmdə rəsmi olaraq ya­yılması o deməkdir ki, biz qayıdışımızın sülh yolu ilə, ləyaqətli şəkildə həyata keçirilməsi üçün zəruri addımları ardıcıl olaraq atırıq. Bütün bunlar öz məqsədi­mizə çatmaq uğrunda inamlı mübarizə­mizi gücləndirir və icmamızı öz hədəfinə sürətlə yaxınlaşdırır. Qərbi Azərbaycan həqiqətləri artıq ciddi beynəlxalq dəstək qazanır. Bizi Qarabağa qaytaran, hər şeydən əvvəl, haqq işimizə güclü inamı­mız oldu. Belə bir inam Qərbi Azərbay­can icmasını da tarixi vətənə qovuşdu­racaq.

 

Müsahibəni hazırladılar:

T.RÜSTƏMLİ,
R.FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Müsahibə