Amma nikbinlik müsbət qarşılanmalıdır
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Əlbəttə, bu, çox müsbət haldır. Amma...
Bəzi prinsipial məsələlər açıq qalmaqdadır. Bu, onu deməyə əsas verir ki, sülh müqaviləsinin mətni hələ yekunlaşdırılmayıb. Nəzərə alaq ki, barış fundamental mahiyyət daşımalıdır. Fundamentallıq isə qarşılıqlı inam və etimad mühitinin formalaşmasından asılıdır.
Əlbəttə, Ermənistan son illərdə Azərbaycanla danışıqlar prosesində bir sıra zəruri güzəştlərə gedib. Amma məsələni güzəşt kontekstində dəyərləndirməyin tərəfdarı deyilik. Çünki ölkəmizin məqsədi güzəştə nail olmaq yox, haqq və ədalətin bərpasıdır. Rəsmi İrəvan mövcud istiqamətdə səmimiyyət nümayiş etdiribmi? Təəssüf ki, yox!
44 günlük müharibədən ötən hər il Ermənistanın sülh yolundakı davamlı manipulyasiyaları ilə yadda qalıb ki, bu, haqqında söz açdığımız etimad mühitinin formalaşmasına ciddi əngəl törədib. Əslində, Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi tez-tələsik bəyanat da rəsmi İrəvanın fürsətcilliyindən qaynaqlanır. Belə yanaşma qətiyyən yolverilməzdir, məsuliyyətsizlikdir. Rəsmi İrəvan primitiv gedişlərlə Azərbaycanın çıxılmaz vəziyyətdə qoymağa hesablanmış hərəkətlərdən uzaq durmalıdır.
Bəli, sülh fundamental olmalıdır. Bunun üçün danışıqların hərtərəfli nəticəlilik amili şərtdir. Konkret nəticə əldə olunmadan regionun ictimai fikrini çaşdırmaq cəhdləri, hətta ilk baxışdan pozitiv təsir bağışlayan bəyanat və açıqlamalar qəbuledilməzdir. Nəzərə alaq ki, cəmi 15 maddədən ibarət sənədin razılaşdırılması o demək deyil ki, sənəd imzalanmaya tam hazırdır. Çünki razılaşdırılmamış prinsipial məqamlar da var.
Azərbaycan tərəfi həmin prinsipial məqamları hər zaman diqqətə çatdırıb. Prezident İlham Əliyev də dünənki açıqlamasında bildirdi ki, Ermənistan konstitusiyası dəyişməlidir. Buna xüsusi diqqət yetirilməlidir. Məsələ ondadır ki, erməni ana qanunu, ümumən, ölkənin qanunvericilik sisteminə təsirini göstərməkdədir. Ən başlıcası, konstitusiyanın istinad etdiyi Ermənistanın İstiqlaliyyət Bəyannaməsidir. Sənəddə Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Buna son qoyulmalıdır.
Hər bir halda, Ermənistan Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməlidir. Nəzərə alınmalıdır ki, xalqımız Xocalını və Ermənistanın təcavüz əməlini özündə daşıyan digər faciələri unuda bilməz. Buna görə də rəsmi İrəvan Bakıda keçirilən və ərazilərimizdə törədilmiş çoxsaylı cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi ilə əməkdaşlıq etməlidir. Eyni zamanda, Ermənistan rəhbərliyi hazırda ölkə ərazisində olan və dinc azərbaycanlılara qarşı cinayətlər törətməkdə şübhəli bilinən şəxsləri təhvil verməlidir.
Bəli, otuz ilə qədər davam etmiş işğal adi sayıla və qarşılana bilməz. Bu, xalqımızın qan yaddaşına hopmuş yaradır. Ona görə də Azərbaycana işğal cəhdlərinin bir daha təkrarlanmayacağına dair real təminat lazımdır. Təminat həm də gerçək fəaliyyəti işğalın leqallaşdırılmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun rəsmi şəkildə ləğvidir. Bunun üçün Ermənistan Azərbaycanla birlikdə müvafiq müraciət ünvanlamalıdır. Belə bir müraciət rəsmi İrəvanın bir daha təcavüzkarlıq niyyətinə düşməyəcəyinə dair ilkin zəmanətdir. Hesab edirik ki, sülhün fundamentallığı baxımından bu, son dərəcə vacibdir.
Onu da qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi iki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb. Nəzərə alaq ki, bu dialoqun da mövzuları var. Məsələn, Naxçıvana maneəsiz yol. Bu, ölkəmizin haqqıdır. Bu, eyni zamanda, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikdir. Rəsmi İrəvan öhdəliklərini yerinə yetirməli, Azərbaycanla bütün münasibətlərdə səmimiyyətə əsaslanmış konstruktiv mövqe tutmalıdır. Belə mövqe olmayınca sülh müqaviləsindən danışmaq tezdir.
R.ƏVƏZ
XQ