“Marqara planı” və Türkiyə amili

post-img

Ermənistanda səfərdə olan qardaş ölkə jurnalistlərindən “istənilən” nədir?

Məlumdur ki, Ermənistan – Türkiyə quru sərhədi 1993-cü ildən bağlıdır. O da məlumdur ki, sərhədin bağlı qalma səbəbi birincinin Azərbaycana qarşı işğalçılıq siyasətidir. Daha bir həqiqət isə hazırda Ermənistanın Türkiyə ilə sərhədləri açmaq üçün dəridən-qabıqdan çıxmasıdır. Bu yanaşmada diqqətçəkən detal var: Rəsmi İrəvan çalışır ki, Ankara ilə münasibətlərini özünün Bakı ilə normallaşma xəttindən tamam ayrı müstəvidə tutsun. Özü də istək yalnız erməni iqtidarının deyil, eyni zamanda, onun xaricdəki havadarlarınındır. Bu, xam xəyaldır və sonda fikrimizin üzərinə gələcəyik.

Xatırladaq, vaxtilə ermənipərəst dairələr Türkiyə – Ermənistan sərhədlərinin açılması ilə bağlı istəklərini birinciyə hədə-qorxu şəklində gündəmə gətirirdilər. İndi Ankara güclü olduğundan, mövcud istiqamətdə yalnız arzular və eyhamlı açıqlamalar səslənir. Amma mövzumuz bu barədə deyil. Ermənistan hakimiyyətinin dəvəti ilə ölkəyə gəlmiş türkiyəli jurnalistlərin Marqaraya, yəni Türkiyə – Ermənistan sərhədinin Ermənistan tərəfindəki nəzarət-buraxılış məntəqəsinə səfərinin əsl məqsədindən söz açacağıq.

Əvvəlcə onu deyək ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində səfərdə olan türkiyəli media nümayəndələri ilə görüşüb, onlara müsahibə verib. Yazımız çapa gedərkən, həmin müsahibə ilə bağlı təfərrüatlar meydana çıxmadığından, Nikolun konkret nələrdən söz açdığından xəbərsizik. Ancaq ehtimal böyükdür ki, baş nazir də diqqəti Türkiyə – Ermənistan sərhədinin açılmasına, ümumi planda İrəvanın Ankara ilə münasibətlərinin normallaşmasına yönəldib.

Haşiyə çıxaraq deyək ki, böyük dövlət olan Türkiyənin nəhəng media industriyası var. Qardaş ölkənin kütləvi informasiya vasitələrinin bir çoxu nəinki regionda, bütövlükdə, dünyada məşhurdurlar. Onu da bildirək ki, demokratik ənənələrə malik Türkiyədə ermənidilli qəzet və jurnallar da fəaliyyətdədir. Həmçinin erməni əsilli jurnalistlər qardaş ölkənin media cameəsində təmsil olunurlar ki, ilk baxışdan, burada problem görmürük. Hətta, bəzən türk millətindən olan jurnalistlərin də ermənipərəstliyinə dözümlü yanaşmağa, bir növ, adətkarıq. Hərçənd...

Sözümüz ondadır ki, N.Paşinyan administrasiyasının dəvəti ilə Ermənistana gəlmiş jurnalistlərin səfərdən geri qayıtdıqdan sonra nələri qələmə alacaqlarını demək çətindir. Birincisi, erməni iqtidarının ölkəyə türkiyəli jurnalistləri çağırmasının, eləcə də tarixdə ilk dəfə erməni rəhbərin türkiyəli jurnalistlərə müsahibə verməsinin səs-küylü təqdimatı var. Bu, Nikol üçün xaricə nümayiş baxımından böyük dividenddir. İkincisi, Ermənistana çağırılmış türkiyəli jurnalistlərin kim olduqlarından, hansı baxışları bölüşdüklərindən xəbərsizik. Deməli, ehtimal etmək olar ki, onlar Türkiyə – Ermənistan münasibətlərinin, belə demək mümkünsə, erməni gündəminin təbliğinə üstünlük verəcəklər. Marqara məhz bu baxımdan mühüm nöqtədir.

Qeyd edək ki, N.Paşinyan bir müddət əvvəl qələmə aldığı məqalədə Azərbaycanla sülh təklifləri, başlıca məsələ sayılan regional kommunikasiyaların blokdan çıxarılması ilə bağlı fikirlərini diqqətə çatdırmışdı. O, bu məsələdə Türkiyə ilə sərhədlərin açılmasına fokuslanmışdı. Baş nazir bildirmişdi ki, rəsmi İrəvan hələ 2022-ci ildə Ermənistan – Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qərar layihəsini dövriyyəyə gətirmişdi. Sən demə, həmin layihə Azərbaycanın yük və minik avtomobillərinin Ermənistana daxil olmasına, oradan Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcəkmiş.

Məsələ bundadır ki, sözügedən təşəbbüsdə Naxçıvanın adı yalnız epizodik şəkildə çəkilir. Nikolun məqaləsində vurğuladıqları da bunun sübutudur. O, muxtar respublikamıza daxil olmaq üçün heç bir infrastruktur olmadığını, onu qurmağın lazımlılığını diqqətə çatdırmış, həmin infrastruktur hazır olanadək başqa yolu təklif etmişdi: “Məsələn, yük maşınları Kornidzor keçid məntəqəsi vasitəsilə, Laçın-Kornidzor hissəsi ilə Ermənistan Respublikasının ərazisinə daxil ola, Ermənistan–Türkiyə sərhədinə qədər yollarımızla hərəkət edərək, Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilərlər. Eyni şey əks istiqamətdə də mümkündür. Bu cür tranzit yüklərin daşınması üçün fiziki infrastruktur hazırdır. De-yure qərar qəbul etmək qalır. Azərbaycan və Türkiyədə maraq olarsa, qərarı qəbul etməyə hazırıq”.

Bəli, Paşinyanın məntiqincə, ölkəmizdən daşınan yüklər Laçından Marqaraya, oradan isə Türkiyəyə yön ala bilərmiş. Ancaq Nikolun bilərəkdən, yaxud bilməyərəkdən nəzərə almadığı bir məqam var. Hazırda Azərbaycandan qardaş ölkəyə Gürcüstan vasitəsilə daşımalar həyata keçirilir. Qazaxdan Sarpa (Gürcüstan–Türkiyə sərhədinə-red.) qədər məsafə 6 saatdır. Laçından Marqaraya məsafə isə 5 saat. Yəni elə bir ciddi fərq yoxdursa, Azərbaycan Türkiyəyə doğru daşımalarda nəyə görə Gürcüstandan yox, Ermənistandan keçidə üstünlük verməlidir? Axı Bakı İrəvanın təhlükəsizlik zəmanətinə etibar edə bilməz. Ancaq Paşinyan məqaləsində bu məsələni də öz aləmində “həll etmişdi”: “Azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinliklər yaranarsa, o zaman bu yükdaşımalar Ermənistan yollarında həmişə sürmüş və fəal surətdə sürməkdə davam edən Türkiyə TIR-ları tərəfindən təşkil oluna bilər. Digər ölkələrin yük maşınları da eyni şeyi edə bilər”.

Göründüyü kimi, erməni hökumət rəhbərinin primitiv hiyləgərliyi 44 günlük müharibədən sonra formalaşmış regional düzənə meydan oxumaq, onu dəyişdirmək istəyinin daha bir təzahürüdür. O, faktiki olaraq, Azərbaycanın digər əraziləri ilə muxtar respublikamızı birləşdirən yolun regional kommunikasiyaların açılmasında alt mövzu olduğunu vurğulayır. Daha dəqiq desək, onun bildirdiklərinin kökündə dayanan məqsəd Azərbaycanın Naxçıvana quru yolunu kəsmək və ya məhdudlaşdırmaqdır. Nəzərə alaq ki, Nikol quru yolunun ancaq dəmir yolu seqmentinin üzərində dayanmağa üstünlük verir. Bu, azmış kimi, şərt də irəli sürür. Təxminən, belə: Azərbaycanın digər ərazilərindən Naxçıvana Ermənistan vasitəsilə dəmir yolu əlaqəsi olacaqsa, Ermənistanın Mehri rayonundan ölkənin digər hissəsinə – Yerasxa Azərbaycanın Naxçıvan bölgəsindən keçməklə dəmir yolu olmalıdır.

Bir sözlə, N.Paşinyan hər vəchlə çalışır ki, ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında əlaqə olmasın. Onun Marqara sərhəd-buraxılış məntəqəsi üzrə hərəkət istəyi bundan qaynaqlanır. Deməli, Ermənistanda səfərdə olan türkiyəli jurnalistlərin Marqaraya səfərinin təşkilinin hansı məqsədə hesablandığı aydındır. Onlar mövcud istiqamətdə təbliğat aparmaq üçün çağırılıblar. İrəvanın bu yanaşması da primitiv hiyləgərlikdir. Elə əvvəldə barəsində söz açdığımız xam xəyal budur. Fikrimizi əsaslandırmaq üçün bir çox məqamların, eləcə də Bakı–Ankara tərəfdaşlığının və müttəfiqliyinin, ən əsası qardaşlığının üzərində dayana bilərik. Amma bir vacib məqamı vurğulamaqla yazımızı bitirək. Ermənistan hakimiyyəti unutmamalıdır ki, Türkiyə üçün Azərbaycanla birbaşa quru əlaqəsinə malik olmaq, Ermənistanla sərhədin açılmasından qat-qat əhəmiyyətlidir.

Ə.RÜSTƏMOV
XQ

Siyasət