Üçtərəfli görüş nəticə verəcəkmi?

post-img

Cənubi Qafqaz respublikaları diplomatlarının Tbilisi müzakirəsi

Azərbaycan, Gürcüstan və Ermənistan Xarici işlər nazirlərinin müavinləri – Elnur Məmmədov, Laşa Darsaliya və Vaan Kostanyan Tbilisidə görüşdülər. Məqsəd regional əməkdaşlıq imkanlarını dəyərləndirmək idi.

Əlbəttə, mövzu, ilk növbədə, Bakı – İrəvan münasibətlərinin tənzimlənməsini nəzərdə tuturdu. Odur ki, üçtərəfli təmasa Gürcüstanın qeyri-formal vasitəçiliyi kimi yanaşmaq mümkündür. Görüşü pozitiv qiymətləndirməyimizə səbəb daha bir amil Azərbaycanın, Gürcüstanın və Ermənistanın Cənubi Qafqazla bağlı məhz regional məşvərətə üstünlük vermələridir.

Nazir müavinlərinin Tbilisi görüşünün Cənubi Qafqazda bilavasitə regional əməkdaşlıq kimi mühüm məsələyə fokuslanmasının özü də müsbət haldır. Çünki mövzu prinsipial əhəmiyyətə malikdir. Prinsipiallığı şərtləndirən başlıca məqam isə regional kommunikasiyaların açılmasıdır. Bu baxımdan Azərbaycanın mövqeyi aydındır. Ölkəmiz Naxçıvana maneəsiz yol məntiqində israrlıdır. Elə bir yol ki, orada gömrük və sərhəd nəzarəti olmasın.

Azərbaycan məsələyə Orta Dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi kontekstində yanaşır. Bunu Xarici işlər naziri Ceyhun Bayramov da dünən sloveniyalı həmkarı Tanya Fayonla birgə mətbuat konfransında vurğulayıb. Cənab Bayramov bildirib ki, məsələ ətrafında danışıqlar intensiv gedib, lakin əməli nəticə yoxdur. Nazirin sözlərinə görə, Azərbaycan mövcud istiqamətdə irəliləsə də, Ermənistan razılaşmanın icrasını təmin etməyib: “Azərbaycan ümumi kommunikasiyaların açılmasına əlavə olaraq, qərb bölgələri ilə Naxçıvan arasında əlaqənin qurulmasına xüsusi yanaşma tələb edir. Çünki belə hal yoxdur ki, bir ölkə iki hissəyə parçalanmış olsun. Mən bunun tarixi aspektlərinə toxunmaq istəmirəm. Ermənistan hələ 2020-ci ildə maneəsiz keçid üzrə öhdəlik götürüb (44 günlük müharibəyə son qoyan, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat nəzərdə tutulur – red.) və bu yerinə yetirilməlidir. Azərbaycan üçün bu keçid, sözün əsl mənasında, maneəsiz olmalıdır, heç bir maneə olmamalıdır. Bu elə bir öhdəlik olmalıdır ki, Ermənistanın qanunvericiliyində hər hansı gələcək dəyişikliklər bu vəziyyəti qısa, uzun və ya orta perspektivdə dəyişmək imkanı yaratmasın. Çünki biz bunu bir dəfə yaşamışıq. Sovet dönəmində bizim maneəsiz keçidimiz var idi, amma bu pozuldu və 300 mindən çox əhalisi olan bölgə blokada şəraitində qaldı. Hər hansı siyasi konfiqurasiyanın dəyişməsi elementlərindən asılı olmayaraq, sərbəst və maneəsiz keçidin təmin olunmasını Azərbaycan gözləyir və bu istiqamətdə səylərimiz davam edir”.

Göründüyü kimi, Azərbaycan dövləti prinsipial yanaşmasına sadiqdir. Ermənistan isə özünün “Dünyanın kəsişməsi” ideyasında israrlıdır. Baş nazir Nikol Paşinyanın jurnalistlərə sonuncu açıqlamasında bildirdikləri də bunu söyləməyə əsas verir. Paşinyanın nələrdən söz açdığına diqqət yetirəcəyik. Ancaq əvvəlcə bir məqama nəzər salaq.

Məlumdur ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin bütün bəndləri üzrə razılığa gəliblər. Hazırda sənədin imzalanması üçün İrəvanın Bakının yalnız iki şərtini yerinə yetirməsi qalıb. Söhbət ATƏT-in Minsk qrupunun rəsmən ləğvindən və Ermənistan konstitusiyasına dəyişiklikdən gedir.

Əlbəttə, erməni avantürizminə son qoyulmasını hədəfə çevirən bu iki şərt barış sazişinin mətnində nəzərdə tutulmur. Eləcə də regional kommunikasiyaların açılmasının detalları sülh müqaviləsində yer almır. Ancaq Ermənistan hakimiyyəti, ona yaxın dairələr, bütövlükdə erməni siyasi kəsimi C.Bayramovun dünən bildirdiklərini Bakının İrəvan qarşısında qoyduğu növbəti sülh şərti kimi qiymətləndirir və iddia edirlər ki, guya, Azərbaycan sülhdən boyun qaçırmaq üçün növbəti bəhanə tapıb. Halbuki belə təqdimat yolverilməzdir. Həm də o səbəbdən ki, ölkəmiz regional kommunikasiyaların açılması ilə bağlı eyni prinsipial mövqeyini əvvəllər də açıqlayıb. Yəni, mahiyyətcə nazir Bayramovun söylədikləri yenilik deyil.

Bəli, Azərbaycan, həmişəki kimi, Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə düşən öhdəliyin icrasına çağırır. Rəsmi Bakı İrəvanın öhdəlikdən uzaq düşməsini qarşılıqlı etimadı sarsıdan hal olaraq qiymətləndirsə də, durumu sülh müqaviləsi kontekstinə gətirmir. Prezident İlham Əliyev də bunu dəfələrlə bildirib. Dövlətimizin başçısının prinsipial baxışı belə olub ki, Ermənistan Naxçıvana maneəsiz yol vermək istəmirsə, Azərbaycan alternativ varianta üstünlük verəcək. Alternativ variant isə məlumdur. Söhbət Naxçıvana yolun İrandan keçməsindən gedir ki, həmin marşrut indi də işləkdir, işğal illərində də fəaliyyət göstərib.

Ölkəmizin mövqeyi budur ki, rəsmi İrəvan Naxçıvana maneəsiz yol vermirsə, sülh müqaviləsi regional kommunikasiyalar açılmadan imzalanacaq. İmzalanacaq və nəticədə Ermənistan həmişəkitək dalanda qalacaq. Görünür, Paşinyan administrasiyası ölkəni dalan perspektivindən uzaqlaşdırmaq istəyir. Amma bunun “Dünyanın kəsişməsi” formulu yolverilməzdir. Ona görə də N.Paşinyanın jurnalistlərə açıqlaması zamanı söylədiklərinin əhəmiyyəti yoxdur. Daha doğrusu, onun əvvəl səsləndirdiyi fikirləri yenidən gündəmə gətirməsinin.

Ancaq erməni baş nazir köhnə şakərindən qalmır, öz aləmində, regional kommunikasiyalar üçün marşrut müəyyənləşdirir, hətta, ölkəsinin bununla bağlı Azərbaycana yazılı təklif göndərildiyini də dilə gətirir. Bəri başdan deyək ki, C.Bayramovun bildirdiklərini, Nikolun haqqında söz açdığı təklifə cavab kimi qiymətləndirmək mümkündür. Cavabımız pozitiv deyil. Nazir vurğuladı ki, regional kommunikasiyaların açılmasındakı başlıca gözləntimiz Naxçıvana maneəsiz yoldur. Rəsmi İrəvanın yazılı təklifində ölkəmiz tərəfindən qəbul edilməyən başqa hansı mətləblər yer alır? Hesab edirik ki, buna Paşinyanın dedikləri aydınlıq gətirir:

– Ermənistan özünün “Dünyanın kəsişməsi” təşəbbüsü çərçivəsində regional kommunikasiyaların açılması ilə bağlı müəyyən yumşaldıcı addımlara hazırdır. Söhbət sərhəddən keçid mexanimzlərinin sadələşdirilməsindən gedir.

Bundan başqa, Nikolun düşüncəsinə görə, regional kommunikasiyaların blokdan çıxarılmasının Naxçıvana yol məntiqi ancaq dəmir yolu ilə məhdudlaşmalıdır. Bu baxımdan Paşinyan əvvəl Mehri-Yerasx marşrutunu önə çəkir və onu “Ermənistandan Ermənistana yol” kimi qiymətləndirirdi. Yəni, Ermənistanın Mehri bölgəsindən hərəkətə başlayan qatarlar Azərbaycanın Naxçıvan ərazisindən keçməklə yenidən Ermənistanın Yerasx bölgəsinə çatmalı idilər. Baş nazirin düşüncəsinə görə, Azərbaycan eyni sadələşdirilmiş mexanizmlə özünün qərb torpaqlarından Naxçıvana doğru hərəkət imkanı qazanacaqdı. Hazırda Paşinyanın etdiyi dəyişiklik isə Mehri – Yerasx ifadəsini Horadiz – Yerasx ifadəsi ilə əvəzləməsidir. Görünür, hökumət rəhbəri, öz aləmində, konstruktiv davrandığını düşünür. Amma...

Regional kommunikasiyaların açılmasının avtomobil yolu məntiqinə gəldikdə isə Paşinyan tamam başqa marşrutun üzərində dayanır. O, Laçın – Kornidzor – Marqara marşrutunu irəli sürür. Yəni, yük avtomobilləri Azərbaycanın Laçın rayonundan Ermənistanın Kornidzor bölgəsinə keçməli, oradan isə Türkiyə ilə sərhəddəki Marqaraya çatmalıdır. Nikol hətta azərbaycanlı TIR sürücülərinin Ermənistan ərazisində həyəcan keçirməmələri üçün “formul” da müəyyənləşdirmişdi. Sən demə, problem Ermənistan ərazisində onların türkiyəli həmkarları ilə əvəzlənməsi nəticəsində həllini tapacaqmış...

Deməli, həm C.Bayramovun bildirdiklərini, həm də N.Paşinyanın əvvəl və indi söylədiklərini nəzərə alsaq, belə qənaətə gəlmək mümkündür ki, regional kommunikasiyaların açılması ilə bağlı razılıq yoxdur. Belə bir durumda Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçıları müavinlərinin Tbilisidəki görüşünün konkret nəticələri barədə danışmaq tezdir. Yəni, rəsmi Tbilisinin qeyri-formal vasitəçiliyinin uğurlu nəticələr verməsi bir o qədər də inandırıcı görünmür. Amma üçtərəfli təmasın gerçəkləşməsi onun əvvəldə vurğuladığımız pozitivlik trayektoriyasına mənfi təsir göstərmir. Əvvəldə faydaları sadaladıq, əlavə edək ki, Tbilisi görüşü, həmçinin XİN rəhbərləri müavinləri səviyyəsində oturuşmuş təmas formatının formalaşması naminə başlanğıc sayıla bilər. Ümid edək ki, gələcəkdə bu formatda Cənubi Qafqaz üçün real əməkdaşlıq məsələləri barədə faydalı diskussiyalar aparılacaq və mühüm razılıqlar əldə olunacaq.

Ə.RÜSTƏMOV
XQ



Siyasət