“Metsamor” AES dilemma qarşısında: ABŞ, yoxsa Rusiya?

post-img

Vaşinqton nüvə müqaviləsi müqabilində Paşinyana hakimiyyət vəd edib

Ermənistanda “Metsamor” atom elektrik stansiyasının istismar müddəti başa çatıb. Onun ləğv edilməsi bir neçə dəfə gündəmdə olub. Sonradan Ermənistanın enerji ehtiyacını nəzərə alaraq AESin fəaliyyətinin davam etdirilməsi nəzərdən keçirilib və müddəti uzadılıb. Bununla bağlı 2023-cü il dekabrın 15də “Rosatom” və Ermənistan AES arasında stansiyanın ikinci enerji blokunun istismar müddətinin 2036-cı ilə qədər uzadılması haqqında saziş imzalanıb.

Ermənistan “Metsamor”-un istismar müddəti başa çatana qədər yeni AES tikmək niyyətindədir. Artıq bununla bağlı həm Rusiya, həm də ABŞ öz xidmətlərini təklif ediblər. Amerikalı diplomatlar Ermənistanla “modul reaktorlar”, “Rosatom” isə öz növbəsində yeni AESin tikintisi ilə bağlı danışıqlar aparıb. Belə görünür ki, Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi potensial olaraq enerji sektorunda ABŞ ilə Rusiya arasında ciddi rəqabətə səbəb olacaq.

Maraqlıdır ki, Çin də bu rəqabətə qoşulmaq istəyir. Bu ölkənin Ermənistandakı səfiri “Metsamor” AESə baş çəkib. Məlumatlara görə, səfir AESin rəhbərliyi ilə nüvə enerjisi sahəsində mümkün əməkdaşlıq məsələlərini müzakirə edib. Bəs Ermənistan kimə üstünlük verəcək? Xarici mətbuatın yazdığına görə, İrəvan bu sahədə Vaşinqtonla əməkdaşlığa üstünlük verir. “Civilnet” internet nəşri ABŞ Dövlət Departamentinə istinadən xəbər verib ki, Ermənistan ABŞa yeni texnologiyadan istifadə etməklə ərazisində atom elektrik stansiyasının tikintisi ilə bağlı sorğu göndərib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib: “ABŞ hökuməti danışıqlar prosesinin təfərrüatlarını şərh etmir, lakin biz xəbər verə bilərik ki, Dövlət Departamenti Ermənistanın “123 sazişi” ilə bağlı (ABŞ Atom Enerjisi Aktının 123-cü maddəsinə əsasən əməkdaşlıq haqqında saziş) tələbini nəzərə alır və ona müvafiq olaraq baxır”.

Başqa sözlə, hər hansı bir ölkəyə nüvə ilə bağlı avadanlıq və ya materialların tədarükü üçün ABŞ həmin ölkə ilə “123 razılaşması” kimi tanınan müqavilə bağlamalıdır. Hazırda ABŞın 48 ölkə ilə belə müqaviləsi var.

Beləliklə, ilk dəfədir ki, ABŞ İrəvanın Vaşinqtonla “123 sazişi” imzalamağa can atdığını açıq şəkildə təsdiqləyib. Bildirilib ki, Ermənistanın bu müraciəti onun ənənəvi müttəfiqi olan Rusiya ilə münasibətlərinin pisləşməyə doğru getdiyi bir vaxtda daxil olub. Müraciət müsbət cavablandırılarsa, Hayastan ABŞ-ın mülki nüvə texnologiyasını əldə edə biləcək. Ermənistanda yeni atom elektrik stansiyasının layihələndirilməsinə və tikintisinə yol açacaq.

Yada salaq ki, bu barədə Ermənistan təhlükəsizlik şurasının sədri Armen Qriqoryan “Ermənistan – Qərb Tərəfdaşlığı – Avropa İttifaqı, çağırışlar və imkanlar” adlı panel müzakirəsində çıxışı zamanı demişdir: “Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlarda biz çox mühüm mərhələyə qədəm qoyduq. Hələlik topun ABŞın meydanında olduğunu deyə bilərəm”.

Onu da qeyd edək ki, bu tip (modul) stansiyaları Rusiya da tikir. Atom elektrik stansiyasının tikintisində dünyanın aparıcı şirkəti “Rosatom”dur. İrəvan Moskva ilə də yeni atom elektrik stansiyasının tikməsilə bağlı danışıqlar aparıb. Ancaq bunun üçün 10 milyard dollar lazımdır. Məbləğ ABŞ texnologiyası əsasında tikiləcək AESin xərcindən 2 dəfə çoxdur. Bu səbəbdən Moskva ilə danışıqlar çətin gedib. ABŞ da öz növbəsində yaranmış vəziyyətdən istifadə edərək enerji sektorunda aparıcı ölkələrdən biri olan Rusiyanın mövqeyini zəiflətmək istəyir.

Son hadisələr də hayların Vaşinqtona meyilli olduğunu göstərir. Bu günlərdə nüvə enerjisi üzrə ixtisaslaşmış ABŞ şirkətinin nümayəndələri İrəvanda peyda olublar. Erməni mediası xəbər verir ki, şirkət nümayəndələrinin İrəvanda görünməsi ABŞ-ın gələcək nüvə tikinti layihələrində iştirakının nəinki həll olunmuş, həm də artıq icra mərhələsində olduğuna işarədir.

Çünki podratçı şirkət ABŞ hökumətinin müvafiq departamentinin – Nüvə Tənzimləmə Komissiyasının və Ermənistan hökumətinin müvafiq icazəsi olmadan İrəvana gələ bilməzdilər.

Erməni mediasının yazdığına görə, ABŞ səfirinin müşayiət etdiyi nümayəndələrin İrəvana gəlməsi o deməkdir ki, Nikol Paşinyan hökuməti “Rosatom”un xidmətlərindən imtina edərək, Amerikaya etibar edib. ABŞ şirkəti nümayəndəsini baş nazirin müavini Mher Qriqoryan qəbul edib. Bildirilir ki, görüşdə nüvə müqaviləsinin açıq və gizli şərtlərinin təsdiqləndiyi şübhə doğurmur.

Erməni mediası yazır ki, AES siyasi məsələdir: “Nikol Paşinyan nüvə müqaviləsi müqabilində Donald Tramp administrasiyası ilə hansısa addımları və qərarları razılaşdırıb”. Ona da işarə vurulur ki, Paşinyan bu anlaşmaya hakimiyyətini qorumaq üçün razılaşa bilər.

***

Yeri gəlmişkən, “Metsamor” AES-in bölgə üçün fəlakət mənbəyi olduğu, onun tullantılarının Araz çayına axıdıldığı, köhnəlmiş infrastrukturun sıradan çıxması halında regionda qarşısıalınmaz fəlakətlərin yaşana biləcəyi barədə illərdir yazılır, deyilir. Dəfələrlə Azərbaycan tərəfi beynəlxalq qurumların qarşısında bu məsələni qaldırıb. Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoruna ünvanladığı məktubda da “Metsamor” atom elektrik stansiyasının törətdiyi qlobal təhlükəyə toxunulub. Bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırılmasının vacibliyi vurğulanıb: "Köhnə texnologiya ilə işləyən, 9,5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış “Metsamor” atom elektrik stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Ermənistan hakimiyyətinin AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. “Metsamor” AES-i istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır. “Metsamor”un maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir”.

“Metsamor”dan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur: "Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır. “Metsamor” AESin tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur".

Hadisələrin gedişi göstərir ki, “Metsamor” AES ekologi problemlərlə yanaşı, regionda siyasi problemlər də yaradacaq. Amma Ermənistan hakimiyyəti bu nimdaş tikilidən qurtulmağın yolunu seçərkən də mənfur niyyətlərə əl atır ki, bu da əlavə gərginlik yarada biləcək haldır. Bu, həm də iki nəhəngi – ABŞ ilə Rusiyanı– üz-üzə qoymağa hədəflənən strategiyadır.

Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı XQ-yə dedi ki, “Metsamor” AES sovetlər dövründə inşa edilib: “ Yerevandan təxminən 30 km qərbdə, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiya ölkənin əsas elektrik enerjisi mənbələrindən biridir və ümumi istehsalın 40 faizə qədərini təmin edir. Əvvəlcə onun istismar müddəti 2026-cı ilə qədər uzadıldı, sonra yenidən 10 il müddətinə uzadılması istiqamətində işlər aparıldı. Bu işlər Rusiya mütəxəssisləri tərəfindən həyata keçirildi. İndi isə yeni atom elektrik stansiyasının tikintisi planlaşdırılır. Çünki mövcud stansiyanın bu şəkildə qalması bölgə üçün çox böyük təhlükələr törədir. Gələcəkdə baş verəcək qəza bütün regionun əhatə edə bilər. Bu mənada “Metsamor” stansiyasının bağlanması həyati məsələ kimi gündəmdədir. Ona görə də haylar ölkənin elektrik enerjisinə olan tələbatını təmin etmək üçün yeni atom elektrik stansiyası tikmək istəyirlər. Bu məqsədlə müxtəlif ölkələrin təcrübəsi oyrənilir. Ermənistan tərəfi “Rosatom” dövlət korporasiyası tərəfindən hazırlanmış yeni blokun tikintisinin ilkin texnikiiqtisadi əsaslandırmasını nəzərdən keçirib. ABŞda öz təklifi ilə çıxış edib.

Onu da qeyd edim ki, adi atom elektrik stansiyasının tikintisi milyardlarla dollara başa gəlir və azı 7–8 il çəkir. Ermənistanın belə vəsaiti yoxdur və Rusiyanın krediti hesabına yeni atom elektrik stansiyasının tikintisinə razılıq vermək İrəvanın Moskvanın orbitindən çıxmaq planlarını pozacaq. Axı, Kreml “Rosatom”dan “Qazprom” kimi geosiyasi təsir rıçaqı kimi istifadə edir. “Rosatom” tərəfindən tikilən atom elektrik stansiyası həm nüvə yanacağı, həm zavodun saxlanması, həm də ödənilməmiş kreditlər baxımından Rusiyadan asılılıq deməkdir. Ermənistan bunu istəmir. İkincisi, Rusiya tərəfinin özünün layihəni maliyyələşdirmək imkanı məhduddur.Bu səbəbdən İrəvan başqa mənbələr axtarmalı olub”.

Professor daha sonra qeyd etdi ki, yeni atom elektrik stansiyasının tikintisi üçün Ermənistan büdcəsində də vəsait yoxdur. Deməli, yalnız ABŞ bu layihənin nəinki benefisiarına, həm də sponsoruna çevrilə bilər.

Beləliklə, Rusiya ilə ABŞ arasında “erməni atomu” uğrunda ciddi rəqabət yaranıb. Göründüyü kimi, Ermənistanın ən əlverişli şərtlərlə problemi həll etmək istəyir. Nəticədə ABŞ faktiki olaraq Rusiyanı regionda əsas təsir rıçaqlarından birindən məhrum edir. Nəzərə alsaq ki, Moskva Ukrayna müharibəsində bataqlığa düşüb, çox güman ki, amerikalılara köhnəlmiş atom elektrik stansiyasını “verərək” Ermənistanı tərk etmək məcburiyyətində qalacaq.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət