Nazirlər Kabinetinin QƏRARI

post-img

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 57-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 157-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969 (Cild I); 2024, № 1, maddə 77, № 2, maddə 209, № 5 (II kitab), maddə 586, № 12 (II kitab), maddələr 1460, 1461) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 40-cı hissə aşağıdakı redaksiyada verilsin:

“40. Sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd.”;

1.2. 48-ci hissədən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Siyahının 40-cı hissəsi işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 636 (Cild I); 2024, № 1, maddə 75, № 5 (II kitab), maddə 586, № 12 (II kitab), maddə 1460) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.26-cı bənd aşağıdakı redaksiyada verilsin:

“2.26. sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd;”;

2.2. 2.31-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Siyahının 2.26-cı bəndi işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 noyabr 2025-ci il

№ 352

Nazirlər kabinetinin qərarları