Həmkarımız, Ali Məhkəmənin sabiq hakimi Vəfaddin İbayevin Konstitusiya və suverenlik ilinə həsr olunmuş tədbirlər çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən nəşr olunmuş “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabı çapdan çıxıb. Kitab 44 günlük Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələrinin təhlilinə həsr olunub. Müəllif apardığı təhlilləri əsasən üç istiqamətə: Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ideyalarının reallaşmasına, müharibə dövründə Azərbaycan Ordusunun fəaliyyətinin beynəlxalq hüquqa əsaslanmasına, bu dövrdə ölkə başçısının fəaliyyəti, xalqa müraciət, çıxış və müsahibələrində söylədiklərinin dünyanın görkəmli şəxsiyyətlərinin fəaliyyətindəki paralellərinə həsr olunub.
Kitabla yaxından tanış olduqdan sonra fikirlərimi oxucularal bölüşmək istədim. Vəfaddin İbayevi tanıdığım vaxtdan (keçən əsrin 80-ci illərinin əvvəllərində mən Bərdə rayonunda məhkəmə sədri, Vəfaddin İbayev isə polis şöbəsində müstəntiq işləyirdi) onun savadlı hüquqşünas, işinə məsuliyyətlə yanaşan polis əməkdaşı olduğunu, Ali Məhkəmədə hakim kimi fəaliyyət göstərdiyimiz vaxtlarda (2006-2010-ci illər) isə, həm də hüquq sahəsində, xüsusən Ermənistan –Azərbaycan münaqişəsinin beynəlxalq hüquqi aspektlərindən məqalə və kitablar yazan, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini ilk olaraq milli məhkəmə təcrübəsində tətbiq edən hakim kimi dəyərləndirmişəm.
Hazırda söhbət açmaq istədiyim yeni kitab müəllifin yaradıcılığında mühüm yer tutur. Əsər Azərbaycan xalqının yeni tarixinin ən məsuliyyətli günlərinə, Azərbaycan bayrağının torpağımızın hər yerində yüksəklərdə dalğalandırılmasına nail olan, Azərbaycan ordusunun qəhrəmanlığı üçün yol açan, bu yolu zəfər yoluna çevirən Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə həsr olunub.
Kitabın hüquqşünas yaradıcılığının məhsulu olması, əvvəllər hakim işləmiş şəxs tərəfindən yazılması əvvəldən sonadək özünü hiss etdirir. Müəllif Prezidentin hər bir fikrini təhlil etdikdən sonra onun təsdiqini müxtəlif prizmadan – beynəlxalq hüquq normaları, mütəfəkkirlərin, tanınmış siyasətçilərin yazdıqları, fateh və sərkərdələrin keçdiyi döyüş nümunələri ilə, hüquqi dildə desək, “sübutlarla” əsaslandırır. Bu cəhətdən kitab zəfər günlərinin şanlı tarixinin, ölkə başçısının müharibə dövründəki möhtəşəm və çoxşaxəli fəaliyyətinin təcəssümü, onun haqq sözünün dahilərin dili ilə təsdiqini əks etdirən əsər kimi zövqlə oxunur.
Kitab 33 fəsildən ibarət olmaqla hər bir fəsil 44 günlük müharibə dövründə Prezidentin xalqa müraciət, çıxış və müsahibələrinin təhlilini əhatə edir. Təbii ki, bir yazı çərçivəsində kitabda əksini tapan reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellərin hər biri üzərində dayanmaq mümkün deyildir. Ona görə də mən yazımda kitabın əsas istiqamətləri barədə fikirlərimi oxuculara çatdırmağa çalışacağam.
Müəllif reallaşan ideyaları ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyevin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdükləri fikir və təklifləri ilə əlaqələndirir, həmin ideyaların reallığa çevrilməsi yolunda İlham Əliyevin fəaliyyətini oxucunun nəzərinə çatdırmaqla yanaşı, ideyaların Azərbaycan xalqının mənafeyinə xidmət etməklə ədalətliliyini, həyatiliyini də əsaslandırır.
Onu da qeyd edək ki, kitabda Heydər Əliyevin irəli sürdüyü ideyalar “İşıq yolu həqiqətləri, kəlamları” kimi təqdim olunur. Həmin ifadəni müəllif 5 oktyabr 2020-ci il tarixdə İlham Əliyevin “TRT HABER” televiziya kanalına müsahibəsi zamanı söylədiklərinə əsasən müəyyən etmişdir. Müxbirin “Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyəti olubmu, olubsa nə idi?” sualını cavablandırarkən İlham Əliyev bildirdi ki, “Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur”.
İlham Əliyev uzun illər ərzində Ermənistan rəhbərliyinə sülhlə bağlı, qonşu dövlətlər kimi sülh şəraitində yaşamaq, nahaq qan axıdılmasının qarşısını almaq üçün çox müraciətlər etmişdi. Müharibəni Azərbaycan başlamamış, Azərbaycan öz sərhədlərindən kənara çıxmamış və heç bir dövlətin torpaqlarına göz dikməmişdi. Azərbaycan müharibəyə məcburən cəlb olunmuş və ABŞ-ın sabiq prezidenti V.Vilson demişkən, ölkəyə “döyüşən tərəf statusu zorla qəbul etdirilmişdi”. Təcavüzkar Ermənistanın niyyətlərindən əl çəkməməsi, yeni ərazilərin işğalına yönəlmiş son təxribatları “onu qanun çərçivəsinə qaytarmaq” və “müharibəni qurtarmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyi” tələb edirdi. Ona görə də İlham Əliyev Çingiz xanın Xarəzm şahı Məhəmmədə naməsində yazdıqlarını xatırlatmalı oldu: “Müharibə istəyirdin. Sən onu alacaqsan”.
Müəllif Heydər Əliyevin Azərbaycan dövləti və xalqının qarşısında duran əsas vəzifənin işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı ideyasını nəzərə çatdırmaq üçün çıxışındakı aşağıdakı fikrə istinad edir: “Biz faciəli bir dövrdə yaşayırıq. Lakin bu faciə, uğursuzluqlar Azərbaycan xalqının iradəsini qırmayıb. Xalqımızın gücü və iradəsi var və əmin ola bilərsiniz ki, xalq gücünü toplayacaq, birləşəcək, öz torpaqlarını qaytaracaq, işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələri qovulacaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin ediləcəkdir”.
İlham Əliyev həmin ideyanı reallaşdıraraq, 27 sentyabr 2020-ci il tarixli xalqa müraciətində mövqeyini bu cür ifadə edir: “Azərbaycan dövlətinin hədəfi Ermənistanın növbəti təcavüzünün qarşısını almaq, Azərbaycan torpaqlarının düşmənin işğalından azad edilməsidir”. İlham Əliyev demək olar ki, bütün çıxış və müsahibələrində Azərbaycan Ordusunun məqsədinin yalnız Azərbaycan torpaqlarının düşmənin işğalından azad edilməsi olduğunu vurğulayır, fəaliyyətini bu istiqamətdə qurur və sonda həmin ideyanı reallaşdırır.
Kitabda İlham Əliyevin irəli sürdüyü ideyalarından biri də Ermənistan rəhbərlərinə tarixin təcrübəsindən dərs almağı məsləhət görməsində ifadəsini tapır: “İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır”.
Müəllif yazır: “Yəqin ki, hökmdarların tarixi təcrübədən özlərinə nəticə çıxararaq fəaliyyətlərini tarixdən aldıqları dərslərə uyğun qurmalarına dair çoxlu misallar göstərmək olar. Məsələn, N.Makiavelli yazırdı ki, “Romalılar özlərinin təcrübəsindən faydalanır, ona görə də qış yürüşlərindən, onlara özlərinin igidliyini və sənətini nümayiş etdirməyə mane olanlardan birmənalı olaraq imtina edirdilər”.
Müəllif tarixi təcrübədən nəticə çıxarmayaraq qışda hərbi əməliyyatlara rəvac verən Napoleonun, Hitlerin düçar olduğu bəlalara istinad etdikdən sonra L.N.Tolstoyun “Hərb və sülh” pomanında ifadə etdiyi fikrə istinadla qeyd edir ki, “özgə torpaqlarını acgözlüklə zəbt etmək niyyətində olanların nəsibi yollarının naməlum olması, təhdid, fəlakət qorxusu altında qaçmaq, geri qalanlarının düşmənin əlinə keçməsidir”. Az müddətdən sonra erməni qoşunları da bu cür qaçışa start verəcəkdilər”.
Vəfaddin İbayev əsərdə məqamı çatdıqda ordu quruculuğu, zabit heyətinin zamanın tələblərinə uyğun səviyyədə yetişdirilməsi, ordunun müasir texnika və texnologiyalarla təmin olunması, gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, beynəlxalq aləmdə, xüsusən beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, onu dəstəkləyən dövlətlərin neytrallaşdırılması, münaqişənin nizama salınmasının həvalə olunduğu Minsk qrupu üzvləri olan dövlətlərin vasitəçilik missiyalarına müvafiq fəaliyyətinin təmin olunması sahəsində ideyalar və onların reallaşdırılması ilə bağlı məsələləri Prezident İlham Əliyevin çıxışları prizmasında təhlil edir və bu sahədə görülmüş işlərin müsbət nəticələrini oxucuların diqqətinə çatdırır.
İlham Əliyevin “İşıq yolu” ideyalarını reallaşdırmasının ən bariz nümunəsi Şuşa şəhərinin erməni qəsbkarlarından azad edilməsi idi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Vəfaddin İbayevin “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və insan hüquqları” mövzusunda dissertasiyanı müdafiə edib beynəlxalq hüquq sahəsində hüquq üzrə fəlsəfə doktoru olması mənə məlum idi. Odur ki, əsərdə bir çox məsələlərin beynəlxalq hüquqi təhlilinə yer ayrılması təəccüb doğurmur. Belə ki, kitabda müəllif Azərbaycanın silahlı hücuma məruz qalan dövlət kimi BMT Nizamnanəsinin 51-ci maddəsində ifadəsini tapan özünümüdafiə hüququna əsasən güc tətbiq etməklə təcavüzkarlara qarşı müqavimət göstərməsi, silahdan istifadə zamanı beynəlxalq humanitar hüquq normalarına riayət etməsi kimi vacib məqamlara toxunur. Xüsusilə kitabda əksini tapan beynəlxalq cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə alınmasının beynəlxalq hüquqi əsasları, silahlı münaqişə zamanı Azərbaycan dövlətinə, onun vətəndaşlarına vurulmuş ziyanın Ermənistan tərəfindən ödənilməli olması barədə məsələlər beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, beynəlxalq cinayət hüquq normaları, beynəlxalq məhkəmələrin qərarları, beynəlxalq təşkilatların qəbul etdiyi müqavilələr və qətnamələrin müddəaları ilə əsaslandırılması elmi yanaşmanın diqqətçəkən hissələrindəndir.
Məsələn, müəllif Prezident İlham Əliyevin 19 oktyabr 2020-ci ildə Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsini təhlil edərkən yazır: “İlham Əliyev Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə həmişə sadiqliyini nümayiş etdirdiyini önə çəkərək bu cür rəftarın əvəzində Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozmasını, danışıqlardan sonra heç 24 saat keçməmiş – gecə vaxtı Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdiyini bildirdi. Ermənistan tərəfi bundan əvvəl də eyni cür hərəkət etmiş, yenə də gecə vaxtı mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini raket atəşinə tutmuşdu. Ermənistan tərəfinin atəşkəs barədə razılığa gəlib, sonradan razılaşmanı pozaraq mülki əhalini raket atəşinə tutması onların bağladığı müqavilələrə, beynəlxalq müqavilə əsasında götürdükləri öhdəliklərə münasibətini ifadə edirdi”.
Kitabda özünümüdafiə hüququ, təcavüzün anlayışı, müharibə aparılması qaydaları, silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi və s. məsələlər aparılan təhlil çərçivəsində beynəlxalq normalar və onların təfsiri təcrübəsi əsasında izah edilməklə əsərin elmi dəyərini artırır, müharibə zamanı Azərbaycan ordusunun fəaliyyətinin hüquqi cəhətdən əsaslılığını təsdiq edir.
Əsərdə geniş yer alan, İlham Əliyevin söylədiyi fikirlərin təsdiqi üçün istinad olunan çoxsaylı siyasi paralellər oxucu üçün maraq doğurmaqla yanaşı, Prezidentin beynəlxalq münasibətlər, diplomatiya, informasiya müharibəsi sahəsində yüksək səriştəliliyini, Ali Baş Komandan kimi hərbi məsələlərdə peşəkarlığını, dünyanın tanınmış sərkərdələri ilə müqayisədə yenilməzliyini sübuta yetirir.
27 sentyabr 2020-ci il tarixdə Təhlükəsizlik Şurasının iclasında İlham Əliyevin çıxışını təhlil edərkən müəllif yazır: “İlham Əliyev Ermənistanı təcavüzkar dövlət elan etməklə yanaşı, həmçinin bəyan etdi ki, “təcavüzkar dövlət dayandırılmalıdır”. Əslində, o bu fikri altı gün əvvəl sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində səsləndirmişdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”. Eyni fikirlər Uinston Çörçillin Fulton nitqində də öz əksini tapıb: “Çətinliklər və təhlükələr biz onları sezməsək belə aradan qalxmayacaqdır. Biz hər şeyi öz axarına buraxdığımız və nə baş verəcəyini gözlədiyimiz zaman da onlar yoxa çıxmayacaqdır. Əgər biz əmin-amanlıq siyasətini həyata keçirsək, bu halda da onlar yoxa çıxmayacaqdır. Nizamasalma lazımdır. Biz nə qədər uzun zamana bunu təxirə salsaq, onu əldə etmək bir o qədər çətin olacaq, bizi hədələyən təhlükə bir o qədər artacaqdır”.
Müəllif daha sonra yazır: “İlham Əliyev U.Çörçillin 74 il əvvəl söylədiklərini bilirdi, həm də bunları 17 illik prezidentlik təcrübəsində yaşamışdı.
U.Çörçill deyirdi: “Faşist diktatorlarının təcavüzünə müqavimət göstərməyə qabil olan bütün qüvvələr birləşməlidirlər. İngiltərə ümumi sülhü qorumaq üçün mübarizə aparmalıdır. Biz daha irəli getməliyik. Biz yalnız milli birlik və öz təhlükəsizliyimizi möhkəmləndirməklə kifayətlənə bilmərik”. Təəssüf ki, U.Çörçillin də haqlı çağırışlarını vaxtında eşidən olmadı.
İlham Əliyev də həqiqətləri deməli idi. Deməli idi ki, sonra “bizim bundan xəbərimiz yoxdur” cavabını eşitməsin. Bu da İlham Əliyevə xas siyasət idi. O, sonradan ona irad tutulmasın deyə, qabaqcadan həmin subyektlərdən cavabları alırdı. Ona görə də bütün beynəlxalq təşkilatlardan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozması, işğal olunmuş torpaqları tərk etməli olması barədə zəruri sənədləri toplamışdı.
Həmin xüsusatla bağlı müəllif yazır: “Azərbaycanın iqtisadi və hərbi cəhətdən güclənməsi onun özünə güvənərək problemlərini həll etmək üçün zəmin yaradırdı. Uzun illərin təcrübəsi göstərirdi ki, taleyüklü məsələlərin həllində Azərbaycan yalnız özünə, öz xalqına, onun gücü və qüdrətinə güvənməlidir: “...biz ancaq öz gücümüzə arxalanmalıyıq. O dövr bitdi. Biz müstəqilliyimizi əldə edəndə bəziləri düşünürdü ki, Azərbaycana kimsə gəlib yardım etməlidir. Biz dünyaya bu baxışlarla yanaşırdıq. Hesab edirik ki, bizim haqlı olmağımız dünya tərəfindən dərhal qəbul edilməlidir və təcavüzkar Ermənistan cəzalandırılacaqdır. Ümid edirdik ki, kimsə gəlib bizə yardım edəcək, kimsə bizim üçün nəsə tikəcək, nəsə edəcəkdir. Artıq bu yoxdur və lazım da deyil”.
Müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra 14 yanvar 2021-ci ildə Şuşaya səfəri zamanı İlham Əliyev deyirdi: “Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır”.
Təcavüzə məruz qalan xalqın məhz özünün təcavüzə qarşı durması, bu mübarizədə ilk növbədə özünə güvənməsi Mustafa Kamal Atatürkün də fəaliyyətinin əsas qayəsini təşkil edirdi: “Padşah Mustafa Kamalı onları xilas etməsi üçün göndərmişdi. Lakin türklər özləri-özlərini xilas etməli idilər. Boş oturub kənardan gözləmək heç bir fayda verməyəcəkdi. Yeni milli ordunu könüllü əsgər və silahla təmin etməli, düşmənə müqavimət göstərməli idilər. Çünki özlərini məhv olmaqdan xilas etməyin, ailələrinin namusunu qorumağın yeganə yolu bu idi” (Armstronq H.K. Boz qurd. Bakı-2017).
Müharibə vaxtı ermənipərəst qüvvələrin, xüsusilə Fransa Prezidentinin Türkiyə əsgərlərinin, muzdluların Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi barədə yanlış fikirləri Azərbaycanın beynəlxalq mövqeyinə xələl gətirirdi. Bu cür fəaliyyətin qarşısının alınması üçün İlham Əliyevin diplomatik səylərini şərh edərkən müəllif yazır: “44 günlük müharibənin ilk günlərindən başlayaraq ermənipərəst dövlətlərin başçıları əsassız olaraq feyk informasiyalar yaymaqla Azərbaycan ordusunun müvəffəqiyyətli yürüşünü dayandırmağa, müxtəlif vasitələrlə onun uğurlarına kölgə salmağa çalışırdılar. Həmin xəbərlərdən biri də Azərbaycan tərəfdə türk ordusunun, muzdluların döyüşməsi ilə bağlı idi. Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan Prezidenti İlham Əliyev bu cür xəbərlərin həqiqətə uyğun olmadığını bildirərək qeyd etdi ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir”
Müəllif Avropadan yayılan bu cür məlumatlarla bağlı avropalıların öz dillərində cavab verərək yazır: “Əslində, bu cür dil, kök, mədəniyyət birliyinə malik ölkələr arasında qardaşlıq münasibətlərində heç bir təəccüblü cəhət yoxdur. Tarixi təcrübədə eyni kökə, dil, din, mədəniyyət birliyinə malik ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafına, bu cür ölkələrin bir-birinə dəstək verməsinə çoxsaylı misallar gətirmək olar. Uinston Çörçill ABŞ və Böyük Britaniya arasındakı münasibətlərlə əlaqədar deyirdi: “Bizim iki ölkə qarşısında aydın və parlaq imkan açılır. Onu rədd etmək, inkar etmək və ya boş şeylərə sərf etmək bizim üçün gələcək nəsillərin iradlarını qazanmaq demək olardı. Müharibə dövründə olduğu kimi sülh dövründə də ingilisdilli xalqları inamlarının daimliyi, məqsədyönlülüyü və qərarlarının böyük sadəliyinin davranışlarını idarə etməsi zəruridir. Biz bu ciddi tələblərə müvafiq olmalıyıq və mən bilirəm ki, bu bizdə alınacaq”...
İlham Əliyevin 9 oktyabr 2020-ci il tarixli xalqa müraciətini şərh edərkən müəllif yazır: “Azərbaycan Ordusuna arxayın olan Ali Baş Komandan deyirdi: “Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi... Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik!” Böyük Atatürk yada düşür. Mustafa Kamal da türk xalqının ölüm-dirim mübarizəsi günlərində demək olar ki, eyni sözləri deyirdi: “Xətti müdafiə yoxdur, səthi müdafiə var”. Bu məsələ ilə bağlı fikirləri Atatürk “Nutuk” (Nitq) əsərində aşağıdakı kimi izah edir: “Xətti müdafiəyə çox ümid bağlamadıq və onun yarılması ilə ordunun böyüklüyünə mütənasib uzunluqda geri çəkilmək nəzəriyyəsini sıradan çıxarmaq üçün məmləkət müdafiəsini başqa bir tərzdə ifadə etməyi və bu ifadəmin üzərində israr və təkidlə dayanmağı faydalı və müəssir hesab etdim. Xətti müdafiə yoxdur, səthi müdafiə var. O səth bütün vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanı ilə islanmadıqca, tərk edilə bilməz”.
“HABER GLOBAL” televiziya kanalına 12 oktyabr 2020-ci il tarixdə İlham Əliyevin verdiyi müsahibəsini şərh edərkən müəllif: “Onlar döyüş meydanında məğlub olurlar, uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır” fikirlərinə diqqəti cəlb edərək yazır: “İlham Əliyevin söylədikləri U.Çörçillin 1942-ci ilin mayında Britaniya Ordusunun Madaqaskarda qazandığı uğurlarla bağlı söylədiyi fikirləri xatırladır: “1942-ci il may ayının 6-da Britaniya ordusu və donanması iki günlük döyüşdən sonra vişilərin nəzarəti altında olan Madaqaskara çıxdı və mühüm liman sayılan San-Dieqonu ələ keçirdi”. Çörçill İcma palatasında deyirdi: “Bu əməliyyat risksiz olmasa da, böyük igidlik nəticəsində keçirildi”. 15 mayda isə Çörçill Lidsdə böyük kütlə qarşısında çıxış edərkən bildirdi ki, “...Biz müharibənin elə dövründəyik ki, zirvəyə qalxdığımızı bəyan etmək hələ tezdir, lakin qabaqda zirvə görünür”. Kitabın XXII fəsilində İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsini şərh edərkən müəllif yazır: “İlham Əliyevin istədiyi, arzuladığı sülh ədalətli sülh idi. O bu sülhə özünün hazırladığı və özünün rəhbərlik etdiyi Ordunun gücü və qüdrəti ilə nail olmalı idi. Azərbaycan Ordusunun cəbhədəki şanlı qələbələri silahlı münaqişənin hansı nəticələrə gətirib çıxaracağını aydın göstərirdi. Lakin hələ son üçün müəyyən zaman və səylər tələb olunurdu.
Vəfaddin İbayevin hakimlik təcrübəsi, beynəlxalq hüquq üzrə mütəxəssis olması onun əsərində Nürnberq prosesi materiallarına istinad etməsini də şərtləndirirdi. Tarixi və rəsmi sənədlərə söykənməklə, müəllif İlham Əliyevin erməni işğalçılarının törətdikləri beynəlxalq cinayətlərə görə mütləq cəzalndırılacağı barədə ideyalarının reallaşacağını aşağıdakı kimi əsaslandırırdı: “Amerika Birləşmiş Ştatlarının Baş ittihamçısı R.X.Cekson 21 noyabr 1945-ci ildə Nürnberq prosesindəki çıxış nitqində deyirdi: “Bizim mühakimə etməyə və cəzalandırmağa cəhd etdiyimiz cinayətlər o qədər qabaqcadan düşünülmüş, qərəzli və o dərəcədə dağıdıcı nəticələrə malikdir ki, onları rədd etməyə sivilizasiya tab gətirə bilməz, belə ki, onlar təkrar olunarsa, o, məhv olacaqdır… Bu adamlar hakimiyyətin doğurduğu irqi nifrətin, terrorun və zorun, dikbaşlığın və qəddarlığın canlı simvollarıdır”.
Azərbaycan xalqına qarşı soyqırım, müharibə cinayətləri, talançılıq törətmiş cinayətkarların bir qisminin hazırda mühakimə olunması reallaşan ideyaların təcəssümüdür.
İlham Əliyevin 8 noyabr 2020-ci il tarixli xalqa müraciətində səsləndirilən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” sözləri hər bir azərbaycanlının qəlbini riqqətə gətirən, heç vaxt unudulmayacaq sevinc nəğməsidir.
Mən yazımı 8 noyabr tarixli müraciətlə bağlı müəllifin qələmə aldığı daha bir paralellə bitirmək istərdim. John Man Şərqin böyük sərkərdəsi Səlahəddinin müqəddəs Qüdsü azad etməsi ilə bağlı yazır: “Şəhərin tutulmasından sonra əl-Əqsa məscidində ilk cümə namazı 9 oktyabr 1187-ci ildə qılındı və səksən səkkiz ildən sonra ilk dəfə xütbə oxundu... müsəlmanlar qalib gəlmiş, franklar buradan qovulmuş və pisliklər təmizlənmişdi. İbrahim torpaqları və peyğəmbərin merac etdiyi yer kafirlərdən xilas olunmuşdu... Əyyubun oğlu Səlahəddin, Allah səni qorusun! Sən bu ümmətin itirilmiş ləyaqətini yenidən özünə qaytardın”.
Müzəffər Ağazadə,
Azərbaycan Respublikasının Ali Məhkəmənin sabiq hakimi,
əməkdar hüquqşünas, Ali Məhkəmə yanında
Elmi-məsləhət şurasının üzvü

