ŞƏT-də müşahidəçi statusu almağımız Avrasiyada sülhə, sabitliyə və inkişafa xidmət edəcək
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da bir çox məsələlərlə yanaşı, iki ölkənin beynəlxalq və regional təşkilatlarda əməkdaşlığı məsələsinə də toxunulur.
Sözsüz ki, bu çərçivədə ən böyük universal təşkilat olan BMT-nin adı çəkilir. Bildirilir ki, tərəflər BMT mərkəzli dünya quruculuğunun və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamın və beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərir, hegemonluğa və güc siyasətinə qarşı çıxırlar.
Bundan əlavə, Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində sədrliyini dəstəkləyib və Azərbaycan tərəfinin AQEMin inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirib. Sənədin digər bəndlərindən birində qeyd edilib ki, Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir. Bildirilib ki, tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyiblər.
Birgə bəyanatda digər bir təşkilatın da adı çəkilir. Bu da ölkəmizin son illərdə xüsusi önəm verdiyi Şanxay Əməkdaşlıq Təşkilatıdır. Sənəddə bildirilib ki, Azərbaycan Çinin ŞƏT-ə sədrliyini dəstəkləyir və Çin tərəfinin qurumun keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in Dayanıqlı inkişaf ili” tədbirlərində fəal iştirak etməyə və təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Çin isə Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyib.
Qeyd edək ki, həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu ŞƏT 2001-ci il iyunun 15-də Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiya liderləri tərəfindən Şanxayda təsis olunan beynəlxalq təşkilatdır. 2017-ci ilin iyunun 9-da təşkilata Hindistan və Pakistan, 2023-cü il iyulun 4-də İran, 2024-cü il iyulun 4-də isə Belarus da üzv qəbul edilib. Beləliklə, hazırda ŞƏTin 10 əsas, 2 müşahidəçi üzvü (Əfqanıstan və Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı və ŞriLanka) var.
ŞƏT-ə üzv ölkələrin ümumi ərazisi 35 milyon kvadratkilometrdən çoxdur. Bu, Avrasiya ərazisinin 65 faizi deməkdir. 2022-ci ilə olan məlumata görə, ŞƏT ölkələrinin ümumi əhalisi təxminən 3,5 milyard nəfər idi. Bu isə dünya əhalisinin yarısıdır. ÇXR iqtisadiyyatı 2014-cü ildən nominal ümumi daxili məhsula görə dünyada ikinci, alıcılıq qabiliyyəti paritetinə əsaslanan ÜDM-ə görə isə birincidir. Rusiya, Çin, Hindistan və Pakistan “kosmik klub”un üzvləridir.
ŞƏT NATO kimi hərbi blok və ya CənubŞərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) kimi açıq müntəzəm təhlükəsizlik konfransı deyil, aralıq mövqe tutur. Təşkilatın əsas məqsədləri iştirakçı dövlətləri birləşdirən geniş məkanda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi elan edilib.
ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən katibliyi və Daşkənddə yerləşən terrorizmə qarşı regional strukturu mövcuddur. Təşkilatın hazırkı Baş katibi Çin nümayəndəsi Can Mindir.
Qeyd etdiyimiz kimi, Azərbaycan hazırda ŞƏTdə dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə ölkəmizlə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT-lə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır. Əvvəla onu qeyd etmək yerinə düşər ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyridaimi üzvü seçilən Azərbaycanın BMTdən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin ötən il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Prezident İlham Əliyevin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ŞƏT-in 2024-cü il iyulun 34-də Astanada keçrilən Zirvə görüşündə iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətli idi. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərqlə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi idi.
Prezident İlham Əliyev bir neçə gün öncə Çinin “Sinxua” agentliyinə müsahibəsində ŞƏT-lə əməkdaşlığımızın inkişafına dair fikirlərini belə ifadə edib: “Hesab edirəm ki, Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək. ÇXR ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Əminəm ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək. Biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisaditicari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir. Həmçinin əminəm ki, ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək”.
Birmənalı olaraq demək mümkündür ki, Avrasiyada təhlükəsizlik məsələlərini müzakirə etmək üçün mühüm platforma olan ŞƏT-də Azərbaycanın hüquqi statusunun artırılması həm bu təşkilat, həm də ölkəmiz üçün faydalı olacaq.
İlqar VƏLİZADƏ,
“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, siyasi şərhçi
– Prezident İlham Əliyevin aprelin 2224-də Çin Xalq Respublikası etdiyi dövlət səfəri, əlbəttə, çox əhəmiyyətli idi. Səfər əsnasında müxtəlif məsələlər, o cümlədən ÇXR-lə Azərbaycan Respublikası arasında müxtəlif platformalar çərçivəsində münasibətlərin davam etdirilməsi müzakirə edilib. Biz bilirik ki, Çin hazırda Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik edir və Pekinin sədrliyinin gündəmi çox zəngindir. Çin bu təşkilatla digər ölkələr arasında əməkdaşlığın inkiaf etdirilməsi və dərinləşdirilməsi məsələsinə xüsusi önəm verir. Azərbaycan–Çin münasibətlərinin məhz bu platforma çərçivəsində inkişafı həm Bakıya, həm də Pekinə əlavə üstünlüklər gətirəcək.
Qeyd etmək lazımdır ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilk növbədə təhlükəsizlik platformasıdır. Hazırda dünyada təhlükəsizlik məsələsində böyük problemlər yaşanır. Bu problemlər onunla səciyyələnir ki, ümumiyyətlə, beynəlxalq, qlobal təhlükəsizlik sistemi dağılır. Əlbəttə, regional əməkdaşlıq və təhlükəsizlik sistemlərinin önəmi, rolu xeyli artır. Ona görə də Azərbaycanla Çin arasında münasibətlər məhz bu platforma çərçivəsində çox vacibdir, önəmlidir. Bu platformada müxtəlif istiqamətlər var ki, tərəflər inkişaf etdirə bilərlər. Burada əməkdaşlıq, sırf təhlükəsizlik, eləcə də digər komponentlər var ki, onların inkişafı və bu çərçivədə işbirliyi hər iki tərəfə böyük fayda verə, dünyada iqtisadi və hərbi təhlükəsizlik prinsiplərinin eroziyası fonunda tərəflərin münasibətlərini daha da yeni səviyyəyə qaldıra bilər.
Şanxay Əməkdaşlıq Təşkilatında Çinlə yanaşı digər ölkələr – bizimlə yaxın olan Mərkəzi Asiya dövlətləri, qardaş Pakistan, qonşu Rusiya və İran təşkilatda təmsil olunurlar. Bu da bizə imkan verir ki, təşkilatda ən azı müşahidəçi statusda çıxış etməklə digər ölkələrlə daha sıx münasibətlər quraq. Digər tərəfdən hüquqi statusumuzun artırılması Azərbaycana öz təşəbbüslərini bu platformada səsləndirməyə imkan yaradacaq.
Bundan əlavə, məlumdur ki, ölkəmiz hücum diplomatiyası strategiyasını seçib. Bu strategiya çərçivəsində belə təşkilatlarda ölkəmizin yer alması xüsusi önəm kəsb edir. Ona görə də düşünürəm ki, Çinin Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın hüquqi statusunun artırılmasını dəstəkləməsi ümumi məqsədlərə xidmət edəcək. Həm Cənubi Qafqaz regionunda, həm də bütövlükdə Avrasiyada sülh, sabitlik və inkişafa töhfə verəcək.
Səxavət HƏMİD
XQ