Hayastanın “tamamlama siyasəti” çoxdan iflasa uğrayıb

post-img

Aİ-yə üzvlük və Moskvadakı paradla bağlı verilən qəfil sual Paşinyanı mat qoydu

Nikol Paşinyan iqtidarının bir-biri ilə kəskin ziddiyyətdə olan güc mərkəzləri ilə yaxınlaşmaq istəyi heç kəs üçün sirr deyil. Əlbəttə, biz bölgəyə cəmi 200 il əvvəl köçürülmüş ermənilərin xislətinə bələd olmasaydıq, “yaxınlaşmaq” sözü əvəzinə, “yaxından əməkdaşlıq” sözünü yazardıq. Amma ermənilərinki “yaxından əməkdaşlıq” deyil, məhz “yaxınlaşmaq”dır. Bir qədər də konkretləşdirsək, bu, böyük güc mərkəzlərinə qısılmaq, onların himayəsi altına sığınmaq, özləri üçün “qoruyucu mələk” tapmaqdır. Haylar tarixən çar Rusiyasının timsalında özlərinə arxa-dayaq tapmışdılar. Onların bu bölgəyə köçürülmələri, 1828-ci il martın 21-də (Azərbaycan xalqının təntənə ilə qeyd etdiyi Novruz bayramı günündə) imperator I Nikolayın fərmanı ilə Naxçıvan və İrəvan xanlıqlarının torpaqları əsasında “Erməni vilayəti”nin yaradılması, 1836-cı ildə erməni qriqorian kilsəsinin təhriki ilə müstəqil alban kilsəsinin ləğv olunması Rusiya imperiyasının xidmətidir. Ermənistanda sovet hakimiyyətinin qurulması, Zəngəzur və Dərələyəz kimi tarixi Azərbaycan torpaqlarının onun tərkibinə verilməsi isə bolşeviklərin “əməyinin bəhrəsidir”.

Bu da paradoksal haldır ki, haylar, eyni zamanda, hələ Sovet İttifaqı dövründə onunla kəskin qarşıdurma şəraitində olan ABŞ, Kanada, Fransa, Yunanıstan, Latın Amerikası, Yaxın Şərqin bir sıra ölkələri, eləcə də Avropa İttifaqı ilə möhkəm əlaqələr qurublar. Onlar okeanın o tayında həm demokratların, həm respublikaçıların qılığına girməyi, həm Senatda, həm Nümayəndələr Palatasıda, həm də Ağ evdə özlərinə lobbiçi tapmağı bacarıblar.

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək istərdik. Hazırda belə bir fikir yayğındır ki, 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” sözünü ABŞ prezidentləri arasında ilk dəfə 2021-ci il aprelin 24-də demokrat Co Bayden işlədib. Halbuki, ondan 39 il öncə – 1982-ci il aprelin 24-də respublikaçı Ronald Reyqan saxta olaylara münasibətdə “soyqırımı” sözündən istifadə edib. Elə məhz Reyqandan sonra ABŞ prezidentlərinin qondarma olayların ildönümü günündə ermənilərə müraciət ünvanlaması adət halına gəlib. Onu da bildirək ki, Reyqanın 1915-ci il hadisələrini “soyqırımı” adlandırması həmin dövrdə Ağ Evin nitq yazıları departamentinə rəhbərlik edən Ken Xaçikyan adlı erməninin sayəsində mümkün olub. ABŞ-ın 40-cı prezidentinin, yəni Reyqanın əksər çıxışlarının mətnlərini məhz o yazırdı.

Fransa hökuməti də hələ SSRİ zamanında İttifaqın vətəndaşları olan ermənilərlə bağlı məsələ qaldırıb. Ölkənin xarici işlər naziri Kristian Pino hələ 1956-cı ildə İrəvana səfər edib. Ermənistanın dövlət müstəqilliyi¬nin bərpasından sonra Fransa Senatı və Milli Asambleyası qondarma erməni “soyqırımı”nın tanınması ilə bağlı 3 dəfə (1998, 2000 və 2001-ci illərdə) qətnamə qəbul edib. 2006-cı ildə isə Fransa qanunverici orqanı plüralizm və söz azadlığı əleyhinə addım ataraq, uydurma olayların tanınmasının in¬karının cinayət məsuliyyəti yaratdığı barədə qanun qəbul edib. Avropa İttifaqı da dəstədən geri qalmayıb. Qurum hələ 1989-cu ildə – Ermənistan və Azərbaycan xalqları arasında münasibətlərin yenicə kəskinləşməyə başladığı vaxtda ermənilərin mənafeyini müdafiə edən qətnamə çıxarıb.

Təbii ki, bütün bunlar ermənilərin, necə deyərlər, “qara qaşına, ala gözünə” görə baş verməyib. Haylar tarixən böyük güc mərkəzlərinə öz xidmətlərini təklif ediblər. Bu xidmətlərin nədən ibarət olduğu da məlumdur: Bölgədə böyük dövlətlərin maraqlarının müdafiəsi, üç tərəfdən müsəlman ölkələrlə əhatə olunmuş Ermənistanın Şərqdə xristianlığın “qoruyucusu” kimi Azərbaycana və Türkiyəyə qarşı fəaliyyət göstərməsi, bu ölkələrə ərazi iddiası qaldırması, türkofob və islamofob dairələrin əlində vasitə olması, kəşfiyyat-diversiya fəaliyyətinin göstərilməsi və sair. Bütün bu əməlləri haylar son iki əsrdə can-başla yerinə yetiriblər.

Ermənistanın əvvəlki hakimiyyətləri həm Rusiya, həm Avropa və ABŞ, eləcə də İran və Yaxın Şərq ölkələri ilə yaxşı münasibətlərə malik olmalarını vaxtilə “tamamlama siyasəti” adlandırırdılar. Siyasətçilər, regionumuzla maraqlanan analitik və ekspertlər isə bu yanaşmanı haqlı olaraq “eyni vaxtda iki stulda əyləşmək” adlandırırlar. Onlar qeyd edirlər ki, burada məqsəd müxtəlif qüvvələr arasında manevr edərək, son nəticədə öz maraqlarını güdməkdir.

Amma daha bu məsələdə də işlər, necə deyərlər, yağ kimi getmir. Onların iç üzü – xisləti çoxlarına aydın olub. Eyni zamanda, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Rusiyadan, Qərbdən istədikləri dəstəyi ala bilməyən ermənilər məyus durumdadırlar. Onlar gah Rusiyadan, gah da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından incikdirlər. Sən demə, rus İvan Qarabağa gəlib fərari hayların əvəzinə bizimlə döyüşməli, ya da KTMT suveren torpaqlarını işğaldan azad edən Azərbaycana qarşı tədbirlər görməli imiş. Bu inciklik bir neçə il davam etdi. Amma sonra yenə başa düşdülər ki, Rusiya ilə yaxınlıq olmasa, Ermənistanın dövlət kimi varlığını davam etdirməsi mümkün deyil.

İndi Ermənistan hökuməti yeni “sevda”ya düşüb. Bu da “Aİ sevdası”dır. Onlar özlərini Brüsselə yaxın göstərmək üçün, hətta, qoşulma prosesinin başlanmasına dair tələm-tələsik qanun da qəbul ediblər. Maraqlıdır ki, Aİ-nin heç bir rəsmi nümayəndəsi bu məsələyə münasibət bildirmədi. Bu yerdə “qız evində toydur, oğlan evinin xəbəri yoxdur” atalar sözündən istifadə yerinə düşür.

Digər tərəfdən, Ermənistan hökumətini başçısı həm Aİ-yə üzvlükdən dəm vurur, həm də onunla kəskin qarşıdurma şəraitində olan Rusiyaya səfərə hazırlaşır. Paşinyan mayın 9-da faşizm üzərində Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya səfərə hazırlaşır. Bunlar isə bir-biri ilə ziddiyyət təşkil edən məsələlərdir.

Rəsmi İrəvanın belə naqolay əməlləri birmənalı qarşılanmır. Elə aprelin 28-də Tallində Estoniyanın Baş naziri Kristen Mixal ilə keçirdiyi mətbuat konfransında Paşinyan bununla bağlı verilən sualla pis vəziyyətə düşüb. Jurnalist Nikoldan soruşub ki, Ermənistan hökuməti bir tərəfdən Aİ-yə üzvlüklə bağlı məsələ qaldırıb, eyni zamanda, Aİ-nin boykot etdiyi Moskvadakı paradda iştirak etməyə hazırlaşır. Paşinyan isə dərhal “sudan quru çıxmaq” bacarığını işə salaraq deyib: “Biz heç bir istiqamətdə münasibətlərin pisləşməsini qarşımıza məqsəd qoymuruq. Bizim yanaşmamız daha dərin münasibət qurmaq istədiyimiz, lakin münasibətlərin kifayət qədər dərin olmadığı bütün sahələrdə əlaqələri möhkəmləndirmək üçün suverenliyimizdən istifadə etməkdən ibarətdir. Ermənistan–Avropa İttifaqı münasibətləri də məhz belədir. Əlbəttə, bizim müxtəlif istiqamətlərdə xarici əlaqələrimizdə müəyyən gərginlik ola bilər, lakin biz bu vəziyyəti bütün tərəfdaşlarımıza qarşı şəffaflığımız və dürüstlüyümüz vasitəsilə idarə edirik ki, həyata keçirdiyimiz siyasətdə qaranlıq künc-bucaq olmasın”.

Jurnalistin Azərbaycanla sülhün əldə edilməsinə dair sualına Ermənistanın baş naziri belə cavab verib: “Hökumətimiz gündəlik olaraq bu məsələ üzərində işləyir və biz onun həllinə töhfə vermək əzmindəyik. Sülh müqaviləsi imzalamaq məqsədimizə çatana qədər bu strategiyanı davam etdirəcəyik. Biz bu yoldan dönməyəcəyik”.

Göründüyü kimi, Paşinyan vəziyyətdən birtəhər çıxmağa çalışıb. Amma “Qoca qitə”dəkilər də hərif deyillər. Onlar başa düşürlər ki, Aİ-yə üzvlük Paşinyan iqtidarının oyunudur. Ən yumşaq sözlərlə ifadə etsək, bu, bir siyasi gedişdir. Ermənistan quruma üzv olmaq üçün ən ümdə şərtləri də ödəməyib. Onlar Rusiya ilə əlaqələri qoparmadan Aİ-nin kandarından da keçə bilməzlər. Hayastanın “tamamlama siyasəti”, yaxud güc mərkəzləri arasında balans axtarışları çoxdan fiaskoya uğrayıb. Tallində verilən qəfil sual bunun daha bir göstəricisi oldu.

Ramiyə MƏMMƏDOVA,
“World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq

– Paşinyan Estoniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirdi. Bildirdi ki, Aİ-yə üzvlük rəsmi İrəvan üçün prioritet məsələlərdən biridir. Əlbəttə, Ermənistan suveren dövlət olaraq Aİ-yə üzvlüyü prioritet hesab edə bilər. Amma söhbət ondan gedir ki, Aİ hazırda cəlbediciliyini itirib. Qurumun yürütdüyü siyasət onun heç də bütün üzvlərini qane etmir. Aİ bu gün müstəqil hərəkət edə bilmir. Təşkilat ABŞ-ın vassalı kimi çıxış edir. Qurum bir sıra məsələlərlə bağlı, hətta, vahid mövqeyini formalaşdıra və onu müdafiə edə bilmir. Bu gün Aİ özünün müdafiəsini, təhlükəsizliyini təmin etməkdə belə çətinlik çəkir.

Bütün bunları Paşinyan da başa düşür. Bilir ki, Aİ-yə üzvlük olduqca uzun sürən prosesdir. Ortada Gürcüstan, Ukrayna, Moldova nümunələri var. Bu ölkələrin Avroatlantik strukturlara inteqrasiya etmək istəyi onlara baha başa gəlib. Nəticədə onların ərazi bütövlüyü pozulub. Üstəlik, nə Aİ-yə, nə də NATO-ya qəbul ediliblər. Paşinyanın Aİ-yə üzvlüklə bağlı qanun qəbul etdirməsinə rəğmən Rusiya ilə də xüsusilə iqtisadi sahədə əməkdaşlıqdan imtina etməməsi, qonşuların acı təcrübəsini yaxşı mənimsədiyindən xəbər verir.

Digər tərəfdən, Aİ iqtisadi təşkilatdır və hətta, nəzəri baxımdan nə vaxtsa üzv olsalar belə, Paşinyanın ölkəsinin təhlükəsizliyini təmin etməyəcək. Buna görə də Nikol ənənəvi müttəfiqi Rusiya ilə əməkdaşlığa üstünlük verir. Ermənistan hər zaman Cənubi Qafqazda Rusiyanın vassalı olub. İstər çar, istər sovet, istərsə də müasir Rusiya bütün məsələlərdə Ermənistana “stavka” edib. Bu yanaşma Ermənistanın müstəqilliyinin bərpa edilməsindən sonra da dəyişməyib. İrəvan indi də Moskvadan gələn göstərişləri icra edir. Sadəcə, “ikili oyun” oynayır.

Rusiya ilə Ermənistan arasında münasibətləri tənzimləyən və uzunmüddətli dövrü əhatə edən müqavilələr imzalanıb ki, Paşinyan onları ləğv edə bilməz. Heç ləğv etməyi də istəmir. Çünki başa düşür ki, bu halda Ermənistanın dövlət büdcəsi böyük gəlirdən məhrum olacaq.

Səxavət HƏMİD
XQ



Siyasət