Yaxud Koçaryanın Ermənistanı böyük məzarlığa çevirmək yanğısı
“Pis həkimin və pis cərrahın öz böyük qəbiristanlıqları var”. Belə bir fikri Ermənistanın ikinci prezidenti Robert Koçaryan səsləndirib. Onun təkcə bu sözü yox, ümumən son zamanlardakı aktivləşməsinin başlıca məqsədi baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Əlbəttə, Koçaryanın müxalif düşərgəsi prosesin necə reallaşacağına dair təsəvvürə malik deyil. Görünür, bununla əlaqədar dəqiq baxış ortaya qoymaq mümkünsüzdür. Hərçənd, Robertin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdrımaq “təcrübəsi” var. Yada salaq ki, həmin “təcrübədə” başlıca leytmotiv Qarabağ idi. Ter-Petrosyan Qarabağ məsələsində dirəniş göstərməyin səmərəsizliyini anlamışdı və müəyyən güzəştlərə razı idi. Amma..
Bəli, ömrünü başa vurmuş Qarabağ klanının təmsilçisi olan R.Koçaryanın son günlər ipə-sapa yatmadığı diqqətdən yayınmır. Robertin iki gün əvvəl açıqladığı fikirlərə isə bir neçə cəhətdən yanaşmaq mümkündür.
Birincisi, R.Koçaryan özünü ölkənin hazırkı rəhbəri N.Paşinyandan qat-qat üstün göstərmək istəyir, bir növ, erməni xalqının yalnız ona ümid bəslədiyini bəyan edir. Hiss olunur ki, Robert 2026-cı il seçkilərinə indidən start verib.
İkincisi, Koçaryan sırf Qarabağ avantürasına köklənir. O, erməni xalqının bu avantürizmdən xilasında maraqlı deyil. Vəziyyət təxminən belədir: Sadə ermənilər Azərbaycana münasibətdə, müəyyən mənada, yumşala bilərlər və bu, hazırkı erməni iqtidarı üçün lazımdır. Koçaryan isə həmin yumşalmanın yarana biləcəyini duyur və yenidən ziddiyyətləri körükləyir.
Üçüncüsü, Robert Qarabağ avantürası üzərinə köklənərək, onu erməni milli identikliyinin açar mövzusu halına gətirir. Bu məsələdə Azərbaycan düşmən obrazında təqdim edilir. Belə bir təqdimatda başlıca vurğu “düşmənə heç nə verməmək” inadı üzərinə qoyulur. Diqqət yetirək: Koçaryan özünün on il hakimiyyətdə qaldığını bildirir və həmin müddətdə Azərbaycan Ordusunun, guya, həmişə “yerinə oturdulduğu” məntiqini qabardır. Beləliklə, erməni ordusu barədə mif yaradır.
Dördüncüsü, Koçaryan birbaşa Rusiyaya fokuslandığını göstərir. Belə təəssürat yaranır ki, o, Moskvanın sadə ermənilərin nəzərində aşağı düşmüş nüfuzunu qaldırmaq barədə düşünür. Bu düşüncəni Robertin erməni ordusu barədə yaratdığı miflə çulğalaşdırsaq, Ermənistanın ikinci prezidentinin, əslində, nə qədər miskin ovqat daşıdığını görə bilərik. Mənzərə bir atalar sözümüzü xatırladır: İt araba kölgəsində yatır, elə bilir ki, öz kölgəsidir. Koçaryanın Rusiyaya fokuslanması erməni xalqına araba kölgəsi vədindən başqa bir şey deyil.
Beşincisi, Robertin rəzil təfəkkür tərzini şərtləndirən daha bir məqam onun sanki Rusiyanı yenidən erməni avantürizmi naminə dəstəkçi qismində görməsidir. Məxluq özü də fərqinə varmadan hadisə və prosesləri 10-20 il əvvələ qaytarır. Elə zənn edir ki, yenidən “Miatsum” yaratmaq, mübarizə aparmaq mümkündür. Adam məhz bu baxışla Ermənistana rəhbərlik iddiasını ortaya qoyur, mahiyyətcə ölkə üçün fəlakət simfoniyası ifa edir.
Bir anlıq təsəvvür edək ki, Robert hakimiyyətə gəlib və erməni yaraqlıları 1988-1993-cü illərdə olduğutək Azərbaycan kəndlərində təxribatlar törədirlər. Yaxud onlar Ermənistan ərazisi kimi qəbul olunmuş torpaqlardan ərazilərimizi atəşə tutur, şərti sərhədi keçib işğalçılıq həyata keçirmək istəyirlər. Hazırda bunu təsəvvürə gətirmək istənilən ermənini vəlvələyə salır.
Altıncısı, R.Koçaryanın bildirdiklərində təzad var. O, bir tərəfdən sanki erməni ordusu barədə mif yaradır, daha doğrusu, elə danışır ki, sanki özünün hakimiyyətdə olduğu zaman kəsiyində həmin ordu Azərbaycanın öhdəsindən gəlirdi, sonra isə N.Paşinyanı danışıqlar prosesini pozmaqda günahlandırır. Buradan belə nəticəyə gəlmək mümkündür ki, Nikol özü də aldanmış tərəfdir. Yəni, baş nazir əvvəlki iqtidarın erməni ordusunun mifi barədə dediklərini əsas tutub və məsələn, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verib. Bir halda ki, güc var, başqa nə deyilməli idi ki? Gücün olduğunu bildirən isə R.Koçaryan və dostu, Ermənistanın üçüncü prezidenti Serjik Sarkisyan olmuşdu. Yəni, Paşinyan Robertdən və Serjikdən fərqli olaraq, danışıqlarla vaxt uzatmaq istəməmişdi.
Yeddinci məqama diqqət yetirək. İndi təkcə Koçaryanın yox, ümumən müxalif hay düşərgəsinin bildirdiyi odur ki, Nikol “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verməklə səhvə yol verib, baş nazir belə bir fikir işlətməli deyilmiş. Halbuki, həmin düşərgə Qarabağ deyib vay-şivən qaldırır, bölgəni erməni milli identikliyinin rəmzi olaraq vurğulayır. Belədirsə, nə üçün hay müxaliflərin nəzərində Paşinyanın bəyanatı səhv imiş? Məgər müxaliflər eyni sərsəm fikirlər işlətmirlərmi?
Hər halda, Nikol da uzun sürən Qarabağ danışıqlarının nəticəsizliyini görmüşdü. Diqqətə çatdırdığımız sərsəm bəyanatı da bu səbəbdən səsləndirmişdi. Amma Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan rəhbərliyi həmişə bildirib ki, danışıqlar prosesi, yəni sülh yolu səmərəsini verməsə, ölkəmiz hərbi gücə üstünlük verəcək. Hə, görünür, Koçaryan kimilərin klassik hay düşüncəsinə nəzərən Paşinyan da Rusiyaya sığınaraq erməni ordusu barədə mif yaratmalı, beləliklə, Qarabağ avantürasını qorumalı idi. Yəni, ortada erməni siyasi düşüncə sistemi adına son dərəcə riyakar mənzərə var. Ən pisi isə budur ki, bu mənzərəni yaradanlar Ermənistanda hakimiyyətə iddialıdırlar. İddialıların başında duran isə Koçaryandır.
Sonda yenidən Koçaryanın “Pis həkimin və pis cərrahın öz böyük qəbiristanlıqları var” fikrinə qayıdaq. Məlumdur ki, onun düşüncəsindəki pis həkim də, pis cərrah da Paşinyandır. Bu “həkim-cərrah” 44 günlük müharibə ilə Ermənistanı qəbiristanlığa çevirdi. Robertin də ölkəsi baxımından irəli sürə biləcəyi başqa perspektivlər yoxdur. O, hakimiyyətə Qarabağ avantürası üzərində gəlməyi düşünür, açıq şəkildə dilə gətirməsə də, revanşizmi təlqin edir. Sanki, Azərbaycan 1988-1993-cü illərin Azərbaycanı imiş. Nəzərə alaq ki, Robert özünün ucuz populizmini tələbə-gənclərlə görüşdə aşılayır. Bir anlıq onun yenidən hakimiyyətə gəldiyini düşünək. Bu düşüncənin məntiqi yekunu olaraq gözümüz önündə yalnız bir mənzərə canlanır: Ermənistan adlı daha böyük qəbiristanlıq.
Ə.RÜSTƏMOV
XQ