Hindistan gərginliyi niyə artırır?

post-img

Pakistan isə hələlik dözüm sərgiləyir

Aprelin 20-də Pahalqamda baş verən terror aktını bəhanə gətirərək, Hindistanın Baş naziri Narenda Modi qonşu Pakistana qarşı ağır savaş açmaq niyyətindədir. İki böyük nüvə dövlətinin müharibə etməsi təkcə bu ölkələr üçün deyil, bütün dünya üçün ciddi təhlükədir. Amma qonşu Pakistana qarşı kin və qəzəb hissi Dehlinin gözlərini çoxdan örtüb.

Son illərə qədər planetin hər hansı bir nöqtəsində belə bir gərgin vəziyyət yarananda, bir qayda olaraq Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclası çağırılır, gərginliyin azaldılması üçün müzakirələr aparılırdı. Təəssüf ki, hazırda bölgədə silahlı qarşıdurmanı dayandıra biləcək, ən azı, bunu arzulayan bir güc, qüvvə yoxdur.

Beynəlxalq qanunlar isə artıq çoxdan işləmir. Məsələn, TŞ-nin daimi üzvü Rusiya Hindistana necə desin ki, siz özünüzdən ərazicə və əhalisinin sayına görə dəfələrlə kiçik olan Pakistana hücum etməyin. Axı Rusiya özü 3 ildən çoxdur ki, qonşusu Ukraynaya qarşı ağır müharibə aparır. ABŞ da Hindistanla Pakistan arasında gərginliyin azalması üçün real iş görmür. Bəzi təhlilçilər düşünürlər ki, əgər Hindistanla Pakistan vuruşarsa, Çinin “Orta dəhliz” layihəsi təxirə salına bilər. Digər tərəfdən, ona alternativ olan Mumbai–Dubay–Aralıq dənizi layihəsi üçün yaşıl işıq yandırıla bilər. Görünən budur ki, hərə öz xeyrini düşünür.

Hindistanda son günlər baş nazir Modinin “dirijorluğu” ilə qatı millətçilər Pakistana qarşı qan-qan deyirlər. Dehli artıq öz təbliğatının girovuna çevrilir. Kəşmirdən pakistanlıları kütləvi sürətdə qovurlar. Hindistanın digər niyyəti Hind Su Müqaviləsini birtərəfli şəkildə pozmaqdır. Məqsəd Pakistanı içməli və suvarma suyundan məhrum etməkdir.

Kəşmir ştatından Pakistan ərazisinə daxil olan bol sulu Hind çayı əsrlər boyu pakistanlılar üçün həyati əhəmiyyət kəsb edib. Modi hökuməti çayın qonşu ölkəyə axınının qarşısını almaq üçün min cür məkr və hiylə işlədir. Dehli bu yolla təkcə mövcud beynəlxalq müqavilələri pozmur, eyni zamanda, tarixdə misli görünməmiş bir qəddarlığa əl atır. Bütün bunlar XXI əsrin əvvəllərində baş verir. Dünyada aqressivliyin bu qədər artmasını müşahidə etmək çox ağırdır!

N.Modi regionda gərginliyi artırmaqda maraqlıdır. Belə ki, əhalisinin sayına görə, dünyanın 2-ci böyük dövləti olan (bəzi mənbələr Çini arxada qoyaraq 1-ci yerdə olduğunu iddia edirlər-müəllif) Hindistanın sosial-iqtisadi problemləri durmadan artır. Əhalinin hökumətdən narazılığı da güclənir. 2027-ci ildə isə Hindistanda parlament seçkiləri keçirilməlidir. İslamofob siyasət növbəti dəfə seçkiləri udmaq üçün N.Modinin işinə çox yarayır. Yeri gəlmişkən, baş nazir 2019-cu ildəki seçkilərdə də eyni taktikadan istifadə edib.

Başqa bir faktı nəzərinizə çatdıraq. Hələ 4 il əvvəl N.Modinin təşəbbüsü ilə ölkədə vətəndaşlıq aktına düzəlişlər edilib. Yeni qanuna əsasən, Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsi sadələşdirilib. Maraqlıdır ki, bu şəxslər, əsasən, müsəlmanların kompakt yaşadığı şimal vilayətlərində, ən çox da Kəşmir və Cammuda yerləşdirilir. 2021-ci ildən Hindistanda bu qanuna qarşı kəskin etirazlar başlanıb və bu gün də davam edir. Hər dəfə polis etirazçıların başına min bir oyun açır.

Hindistandan fərqli olaraq, Pakistan sülh və əmin-amanlıq tərəfdarıdır. Bununla bərabər, İslamabad qarşı tərəfin mümkün hərbi müdaxiləsi qarşısında geri çəkilmək niyyətində də deyil. Dünən Pakistanın müdafiə naziri Xavaca Asif “Sky News” telekanalına müsahibəsində bildirib ki, Pakistan ordusu Hindistanın istənilən hərəkətinə adekvat cavab verməyə hazırdır.

Məsaim ABDULLAYEV
XQ

Siyasət