Cavabsız suallar qarşısında

post-img

Haypərəst konqresmenlərin növbəti canfəşanlıqları

ABŞ-da ermənilərə lobbiçilik edən konqresmenlər Azərbaycana qarşı növbəti kampaniyaya başlayıblar. Qanunverici orqanda təşkil olunan anti–Azərbaycan dinləmələrində adı bizə yaxşı məlum olan Kristofer Smit canfəşanlıq edir.

Vaxtilə demokratların düşərgəsindən respublikaçıların yanına “transfer” olunan, partiya mənsubiyyəti kimi hüquqşünas məsləkini “daşnakizmə” dəyişən Smitin başına topladığı konqresmenlər, görünür, Donald Tramp Administrasiyasının Azərbaycana münasibətdə hansı siyasəti yeridəcəyini sınaqdan keçirirlər. On il bundan əvvəl “Ermənilər mənim dostlarımdır” – deyən Smitin Birləşmiş Ştatlardakı hay diasporu ilə sıx işbirliyində olduğu, onlardan “yağlı” qonorarlar aldığı rəsmi Bakıya çoxdan məlumdur.

Xatırlayırıq ki, Bayden hakimiyyəti dönəmində Konqresdə buna bənzər dinləmələr adi hal almışdı. Doğrudur, ABŞ qanunvericiliyinə görə, Konqres Prezident Administrasiyasına tabe olmayan müstəqil qurumdur. Burada bəzən iqtidarda olan partiyanın təmsilçiləri azlıqda qala bilər. Bu baxımdan, respublikaçı Prezident Trampın zamanında da Konqresdə anti-Azərbaycan dinləmələrinin keçirilməsində dövlət başçısının rolunun olduğunu söyləmək doğru deyil.

Danılmaz fakrt odur ki, bəzi konqresmenlər erməni lobbisinin “dolu çətirinin” cazibəsinə düşürlər. Onların erməni diasporu ilə sıx işbirliyində olması, böyük məbləğdə ənam almaları səbəbsiz deyil. İndiki dinləmələrdə məhz bu amilin əsas rol oynadığı dəqiqdir. Məhkəmənin son hökmünü gözləyən təqsirləndirilən şəxsin – Ruben Vardanyanın vəkilinin Bakıya dəvət olunması bidəfəki dinləmələrdə “çirkli pullar kralının” kapitalının rol oynadığı şübhəsizdir.

Konqresin “insan hüquqları” ilə bağlı dinləmələrdə Smit bildirib ki, onların əsas məqsədi Azərbaycan hökumətinin saxladığı “erməni siyasi məhbusları və hərbi əsirləri” azad etməkdir. Qarabağda “erməni mədəni irsini qorumaq, ermənilərin “Dağlıq Qarabağa” qayıtmaq hüququnu diqqətdə saxlamaq da onun üçün “prioritet” məsələlərdəndir. Dinləmələrə Ruben Vardanyanın xaricdəki vəkili Jared Genserin də dəvət olunması “cidanın gizlədildiyi yeri” dəqiq nişan verir.

Bu gün ABŞ Konqresindəki Azərbaycan dinləmələri açıq-aşkar qərəzli xarakter daşıyır. Bizim ərazimizdə cinayət törətməyən, qanunlarımızı pozmayan bir erməni də həbs olunmayıb. Bakıda məhkəməsi davam edən ermənilərin isə heç birinin hüququ pozulmur. Onlar vəkillərlə təmin edilib, prosesdə beynəlxalq təşkilatların təmsilçilərinin iştirakına şərait yaradılıb. Yəni tamamilə şəffaf həyata keçirilən prosesin sonunda həmin ermənilərin əməllərinə qanuna uyğun qiymət veriləcək və hökm çıxarılacaq.

Kənardan heç kəs ağlına belə gətirməsin ki, hansısa haypərəst dinləmələrlə Azərbaycana, separatçılar üzərində məhkəmə prosesinə təsir göstərə bilər. Azərbaycan beynəlxalq hüququn və ədalətin tərəfindədir və ölkəmiz özünü məkrli və qərəzli hücumlardan qorumağa qadirdir. Ən əsası, təqsirləndirilən şəxslər törətdikləri cinayətləri dünyanın gözü qarşısında etiraf edirlər. Ortada dünyanın şahidlik etdiyi bu reallıq varsa, ABŞ Konqresinin hansısa komissiyasında keçirilən dinləmələrin, hazırlanacaq və qəbul ediləcək sənədin dəyəri kağız parçası qədərdir.

Bizim anti–Azərbaycan kampaniyasına qoşulmuş şəxslərə bir neçə sualımız var: Sizin müdafiə etdiyiniz Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və digərləri harada saxlanılıblar? Saxlanıldıqları Azərbaycan ərazisində hansı fəaliyyətlə məşğul olublar? Məgər həmin şəxslər BMT-nin və ABŞ-ın Azərbaycan ərazisi olaraq tanıdığı yerdə özlərinə “dövlət” qurmağa çalışmırdılarmı? İndi durub bu adamları “hərbi əsir”, “siyasi məhbus” adlandırmaq və onlara azadlıq tələb etmək beynəlxalq hüquqla bir araya sığırmı? Varmı bu suallara cavabınız? Niyə gözlərinizi döyürsünüz, udquna-udquna qalmısınız?!

Əslində, ABŞ Prezidentinin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda bütün sualların aydın cavabı var: “ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün güclü dəstəkçisi olaraq qalır”.

Belə görünür ki, Ağ evdə Azərbaycanla əməkdaşlığa meyillərin güclənməsi Smit kimi ermənipərəst konqresmenləri narahat edib. Hələ, bu, harasıdır?!

İ.HƏSƏNQALA
XQ

Siyasət