II MƏQALƏ
Biliklərin balanslaşması
Liderlikdə bu mərhələ tarix, cəmiyyət, mənəviyyat, mədəniyyət, adət-ənənə haqqında dərin biliklərə malik olmaq və onu praktiki fəaliyyətdə nəzərə almaq mərhələsindən sonra başlayır. Politologiyada böyük liderliyin mühüm şərtlərindən biri bu özəlliklə bağlıdır. Onun siyasi mənası sadədir.
Çünki lider keçmiş haqqında malik olduğu bilikləri mütləq müasirlik və gələcəklə əlaqələndirməlidir. Əks halda lider daim keçmişdə qalmış olur. Keçmiş haqqında biliyin müasirlik konteksti isə mütləq şəkildə bilikləri məntiqi və məzmunca balanlaşdırmaqdan, yəni onlar arasında elə münasibət sistemi qurmaqdan ibarətdir ki, gələcək fəaliyyət üçün ideya müəyyən etmək mümkün olsun. Bu, o dərəcədə incə məqamdır ki, liderin böyüklüyünü belə ifadə edir. Siyasi liderlərin təcrübəsi göstərir ki, bu məsələdə düzgün nisbət tapılmasa, ən faydalı ideya belə reallaşa bilmir.
1991-ci ildən 1993-cü ilin iyun ayına qədər olan müddətdə Azərbaycan belə bir uğursuzluq məqamını yaşadı. O dönəmdə Azərbaycana başçılıq edənlər keçmiş haqqında bilikləri müasir dövrün tələblərinə uyğunlaşdıra bilmədilər və nəticədə gələcəyin nə ideyası, nə də obrazı siyasi şüurlarda yaranmadı. Heydər Əliyev isə keçmiş haqqında dərin və obyektiv biliklərə sahib idi və bu əsasda onları düzgün qiymətləndirə bildi. Eyni zamanda, həmin biliklərlə müasir dövrün özəllikləri arasında məntiqi bağlantı quraraq gələcəyin real obrazını yaratdı. Bunun üçün lazım olan keçid mexanizmini də dəqiq işləyə bildi. Bu tezisin fonunda biliklərin balanslaşmasında siyasi təcrübənin rolu məsələsi böyük liderlikdə ön plana çıxır.
Siyasi təcrübə faktoru
Ümumiyyətlə, hər bir lider üçün siyasi təcrübənin əhəmiyyəti danılmazdır. Heydər Əliyev Azərbaycanın müstəqillik mərhələsinə çox zəngin liderlik təcrübəsi ilə qədəm qoymuşdu. Azərbaycanda və bəlkə də, SSRİ-də Ulu öndər qədər bu məsələdə böyük təcrübəsi olan lider yox idi. Söhbət sovet dönəmindən sonra müstəqillik əldə etmiş ölkələrə rəhbərlik edən şəxslərdən gedir. Doğrudur, E.Şevardnadze, L.Kuçma, İ.Kərimov və digərləri təcrübəli rəhbərlər idilər. Lakin onların heç biri Heydər Əliyev miqyasında təcrübə toplamamışdı və Ulu öndər səviyyəsində xalqa liderlik etməmişdi. Bundan başqa, Heydər Əliyev sovet dönəmində rəhbərliyi zamanı siyasi məharətlə Azərbaycanın milli maarqlarının hətta Mockvanın ciddi nəzarəti altında təmin edilməsi istiqamətində çox vacib addımlar atmışdı. Bu müddətdə Heydər Əliyevin müstəqillik mərhələsi üçün sistemli planı formalaşmışdı. Praktika göstərdi ki, Ümummilli lider bu istiqamətdə çox uğurlu olmuşdur.
Ulu öndərin təcrübəsi göstərdi ki, Azərbaycan kimi mürəkkəb geosiyasi məkanda yerləşən dövlətin müstəqilliyi qazanması qədər də onu qoruyub saxlamağı önəm daşıyır. Hətta müstəqilliyi qoruyub saxlamaq daha mürəkkəb və çətin vəzifədir. Bu məqamda əsas olaraq liderin şəxsi keyfiyyəti ilə siyasi təcrübəsinin bir-birini tamamlaması həlledici rol oynayır.
Burada liderin fəaliyyətində vurğulanan keyfiyyətlərin həmahəngliyinin mövcud mühitin özəllikləri ilə sıx bağlantısı mühüm xüsusyyətdir. Politoloji baxımdan bu məsələ xüsusi kəskinləşmiş geosiyasi mühit şəraitində bütövlükdə ən aktual mövqeyə çıxır. Azərbaycan təcrübəsində bu xüsusiyyət daha qabarıq özünü göstərdi. Cəmi bir neçə ilə Azərbaycan siyasi rəhbərliyi sui-qəsd və dövlət çevrilişi cəhdlərini yaşamalı oldu. O dövrdə vəziyyət o qədər mürəkkəb idi ki, bu proseslərin sonunun necə olacağını proqnozlaşdırmaq mümkün deyildi. Lakin Heydər Əliyev məhz liderliyinin gücü ilə o çətinlikləri aşdı. Ümummilli liderin bir çağırışı ilə milyonlarla insan dövlətini qorumaq üçün səfərbər oldu.
Bu faktor iki vacib məqamı aydınlaşdırırdı:
Birincisi, Heydər Əliyev xalq tərəfindən artıq böyük xilaskar lider kimi qəbul edilirdi.
İkincisi, bu yolda millət öz liderini qorumağa, ona dəstək verməyə tam hazır idi.
Onu da vurğulayaq ki, Heydər Əliyev çox qısa zamanda liderliyinin legitimliyini bütün cəmiyyətə qəbul etdirmişdi – 1993-1995-ci illər müddətində qarşıya çıxan bütün çətinliklərdə xalq Ulu öndəri müdafiə etdi. Öncə, Heydər Əliyevə səs verərək Prezident seçdi, sonra həyata keçirdiyi neft siyasətinə tam dəstək nümayiş etdirdi – “Əsrin müqaviləsi”ni böyük ruh yüksəkliyi ilə qarşıladı. Burada siyasi nəzəriyyədə indi də çox aktual sayılan bir faktor üzərində dayanmaq zəruridir.
Güclü lider və güclü dövlət
Qərb politologiyası üçün XX əsrin son onilliyində “güclü dövlət” anlayışı az-çox aydın idi, lakin “güclü lider” və güclü liderliklə güclü dövlət quruculuğunun nəzəri əsasları o qədər də aydın deyildi. XXI əsrin üçüncü onilliyi başlamışdır, ancaq hələ də Qərb politoloji fikri bu məsələni nəzəri dərk edə bilməmişdir. Əlbəttə. güclü lider və güclü dövlətlə bağlı kifayət qədər yazırlar və dərin təhlillər aparırlar (məsələn, amerikalı politoloq A.Braun). Lakin nəzəri olaraq güclü lider – güclü dövlət münasibətlərinin obrazı formalaşmamışdır.
Nümunə kimi, Donald Trampın lider kimi obrazının hələ də yayğın olmasını göstərə bilərik. Özü də maraqlıdır ki, onun liderlik obrazı məhz “güclü Amerika” obrazı fonunda mübahisə doğurur. D.Trampın özü həmişə bəyan edir ki, “daha güclü Amrika” qurur və hətta ABŞ-ı yenidən dünya lideri edəcəkdir. Yəni onun güclü Amerika haqqında dəqiq təsəvvürü vardır.
Lakin məsələnin analitiklər, filosoflar, politoloqlar və bütövlükdə cəmiyyət miqyasında qavramı başqa mənzərə yaradır. Hətta ABŞ-ın bir neçə ştatı onun qəbul etdiyi qərarlara əməl etmək istəmirlər, D.Trampı məhkəməyə verməklə hədələyirlər. Bir sözlə, A.Braunun belə vurğulamadığı paramterlərə görə ABŞ prezidentinin güclü lider obrazını qəbul etmirlər.
Eyni zamanda, ABŞ cəmiyyətinin digər qismi tamam fərqli düşünür – onlar hesab edirlər ki, D.Tramp güclü liderdir və güclü Amerikanı yalnız o, yenidən dirçəldə bilər!
Bu ziddiyyətli siyasi məqamlar onu ifadə edir ki, müasir mərhələdə dünyanın ən güclü dövlətində belə güclü lider – güclü dövlət bağlantısının fəlsəfi və politoloji obrazı aydın deyildir. Buradan fəlsəfi və politoloji kontekstdə çox aktual bir sual meydana çıxır: güclü liderliklə güclü dövlət quruculuğu arasında adekvat fəlsəfi və siyasi-nəzəri əlaqənin elmi obrazını necə yaratmaq olar? Bu sualın prizmasında Ulu öndər Heydər Əliyevin liderlik təcrübəsi çox maraqlı və əhəmiyyətli aspektdə daha da aktuallaşır. Bunun səbəblərini izah etməyə çalışaq.
Liderlik ənənəsi və “güclü Heydər Əliyev” obrazı
Çox maraqlı, aktual və əhəmiyyətli məsələdir, deyilmi? Doğrudan da, Azərbaycanda və dünyada liderlik ənənəsi fonunda “güclü Heydər Əliyev” obrazının başlıca “naxışları” nələrdən ibarətdir? Təəssüf ki, bu mövzu hələ nə fəlsəfi, nə də politoloji aspektlərdə araşdırılmamışdır və biz bu baxımdan tədqiqat təcrübəsindən məhrumuq. Əlbəttə, onu da unutmaq olmaz ki, qəzet formatında yazılan məqalədə bu mövzunu tam əhatə etmək imkansızdır. Eyni zamanda, bu, bir müəllifin tam apara biləcəyi tədqiqat deyildir – Ulu öndər çox zəngindir! Bundan başqa, dünya üzrə liderlik ənənəsinin tam mənzərəsini burada yaratmaq imkan xaricindədir. Ona görə də biz H.Kissincerin XX əsr üçün müəyyən etdiyi 6 “böyük liderlər”in liderlik xüsusiyyətlərinin əsas məqamları fonunda Heydər Əliyevin güclü lider obrazı haqqında müəyyən fikirlər ifadə etməyə çalışacağıq.
Öncə, Azərbaycanda liderlik ənənəsinin bir sıra məqamları üzərində qısa dayanaq. Azərbaycan tarixən siyasi obrazı dəyişən, lakin dərin dövlətçilik ənənəsi olan möhtəşəm bir ölkədir. Ona rəhbərlik etmiş liderlər uzun müddət dünyanın ən güclü imperiyaları ilə mübarizə aparmış və hətta müəyyən dönəmdə ərazisini genişləndirərək 2 milyon kvadrat kilometr miqyasına çatdırmışdır. Bununla yanaşı, Azərbaycan imperatorları qonşu dövlətlərə torpaq da “hədiyyə” etmişlər, çünki əmin idilər ki, bütün hallarda o torpaqlar da Azərbaycana məxsusdur. Başqa imperiyalarla savaşlarda məğlub olduğumuz dönəmlər də olmuşdur. Bir dövlətin ərazisinin bu cür kəskin dəyişməsi müsbət haldır, yaxud mənfi hadisədir? Əlbəttə, torpaq itkisi (səbəbi nə olursa-olsun) millət üçün müsbət hal sayıla bilməz. Buna görə də bizim dövlətçiliklə bağlı baş verən bu kimi hadisələr üzərində dönə-dönə düşünməyimiz lazımdır.
Başqa hadisələrə burada müraciət etmirik, lakin XXI əsrə Azərbaycan coğrafi olaraq parçalanmış və onun müstəqil olan şimal hissəsində cəmi 86,6 min kvadratkilometr ərazisi qalmış vəziyyətdə qədəm qoymuşdur. Buradan iki sual yaranır: birincisi, “Azərbaycana rəhbərlik edən və qanuni olaraq lider sayılan başçılarımız harada və hansı səhvləri etmişlər ki, nəhəng bir dövlət parçalanmış və yalnız kiçik bir hissəsi müstəqil olaraq qalmışdır?”, ikincisi, “hansı liderlik nümunəsi Vətənimizin bir daha müstəqilliyini itirməməsi üçün daim inkişafını və güclənməsini təmin edə bilər?”. Bu iki sualın işığında Heydər Əliyevin lider kimi böyük gücü tam detalları ilə aydın görünür, məntiqi təsəvvür edilir və emosional duyulur! Bu suallara cavab axtarışları müasir müstəqil Azərbaycanın qurucusunun güclü obrazının naxışlarını dəqiqləşdirməyə imkan verir.
Heydər Əliyev Azərbaycanda dövlətçiliyin keşməkeşli taleyini dərindən araşdıraraq, uğurlu liderliyin də nümunəsini yaratmağı bacarmışdır. Burada Ulu öndərin liderlik gücünün ilk əlaməti dövlətçilik ənənəsini dərindən mənimsəməsi təşkil edir. Tarixən liderlərimizin buraxdıqları səhvləri təhlil edərək, onlardan müasir dövrün tələbləri kontekstində mühüm nəticələr çıxarmışdır.
Burada ən əhəmiyyətli siyasi parametr kimi biz Heydər Əliyevin dövlət quruculuğu strategiyasında azərbaycançılığı ilk sıraya çıxarmasını vurğulamaq istərdik. Çünki Azərbaycanı saxlamaq, qorumaq və inkişaf etdirmək üçün dövlətçilik şüurunda məhz vətənçilik, yəni azərbaycançılıq önə çıxarılmalı idi. Azərbaycanlıların şüurlarında mükəmməl və bölünməz Vətən obrazı formalaşdırılmalı idi. Dövlətçilik şüurunun başqa bütün parametrlərinə uğurlu çıxış bu məsələ ilə bağlı idi.
Dövlət quruculuğu strategiyasnda əsas hədəf Azırbaycanı saxlamaq, qorumaq və inkişaf etdirmək olursa, insanların siyasi dövlətçilik şüurunun digər komponentləri tədricən yeniləşəcəkdir. Buna görə də ideya səviyyəsində Heydər Əliyev liderliyi gücünün əsas faktoru olan azərbaycançılığı ciddi siyasi məfkurə səviyyəsinə məhz vətənçilik kontekstində və nəzəriyyənin bütün normalarına uyğun “yenidən formatlaşdırması” ilə bağlıdır.
Heydər Əliyev liderliyinin gücünün digər əsas faktoru multikultural dəyərlərin azərbaycançılıq kontekstində dövlətçilik şüurunun birləşdirici parametri kimi qəbul edilməsinə nail olması ilə əlaqəlidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru