Birgə məlumatda bildirilir ki, Baş Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Tədbirlərin davamı kimi, dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb. Belə ki, sentyabrın 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.Keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədi ilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılıb. Üzmə vasitəsində baş vermiş yanğın səbəbilə hər iki şəxs bağlamalarla birlikdə özlərini dənizə atsa da, keçirilmiş xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilib, “Yamaha-200” markalı “Layner” tipli üzmə vasitəsində baş vermiş yanğın söndürülüb, dənizə atılmış bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilib. Faktla bağlı Dövlət Sərhəd Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nurəngiz Adilqızı
XQ