Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq teatr festivalında uğurla təmsil olunub

post-img

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı Türkiyədə keçirilən V Trabzon Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatr festivalda görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” tamaşası ilə çıxış edərək Azərbaycan teatr sənətini layiqincə təmsil edib.

T.C. Trabzon Böyükşəhər Bələdiyyəsi və Trabzon Teatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan festival müxtəlif ölkələrdən teatr kollektivlərini bir araya gətirib. Gəncə teatrının təqdim etdiyi “Pəri cadu” tamaşası da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı isə Mehdi Hüseynovdur. Səhnə əsərində əməkdar artistlər Sevda Orucova, Kəmalə Məmmədova, Salamulla İsmayılov, həmçinin aktyorlar Murad Meyfəliyev, Günay Cabbarova, Elmir Məmmədov, Sevinc Hüseynova və Emil Salmanov çıxış ediblər.

Qeyd edək ki, festivalın beynəlxalq əlaqələr üzrə koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru, Avrasiya Teatrlar Birliyinin Azərbaycan üzrə təmsilçisi Yusif Cəfərovdur.

Bu iştirak Gəncə Dövlət Milli Dram Teatrının beynəlxalq mədəni əlaqələrinin genişlənməsi, milli teatr sənətimizin xaricdə tanıdılması və Azərbaycanın zəngin səhnə ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri















Mədəniyyət