Hindistan “düşməninin dostu”nu “düşmən”ə çevirmək istəyir

post-img

Yaxud Çaudharinin bəyanatında gizlənən siyasi motivlər

Hindistanda Azərbaycan və Türkiyənin boykot edilməsinə dair isterik çağırışlar səngimək bilmir. Boykot çağırışı edənlər buna səbəb kimi Azərbaycan və Türkiyənin sonuncu Hindistan–Pakistan qarşıdurmasında İslamabadın mövqeyini dəstəkləməsini göstərirlər. Halbuki, Bakı və Ankaranın bu məsələyə dair mövqeyi beynəlxalq hüquqa əsaslanır.

Rəsmi Bakının mövqeyini bir neçə gün öncə jurnalistlərə müsahibəsində Xarici işlər naziri Ceyhun Bayramov bir daha açıqlamışdı. Nazir bildirmişdi ki, son gərginliyin başlama səbəbi Pakistan ərazisinə zərbələr endirilməsi olub: “Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, bir dövlətin digər dövlətin ərazisinə zərbələr endirməsi qəbuledilməzdir. Biz bunu söylədik. Bizim hər iki tərəfə çağırışımız bu gərginliyə ən qısa zamanda son qoymaq, problemin siyasi və diplomatik müstəvidə həll edilməsidir”.

C.Bayramov Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirərkən demişdi: “Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”.

Beləliklə, aydın olur ki, Hindistandan edilən boykot çağırışları təkcə son eskalasiya ilə bağlı deyil və kökü daha dərindədir. Bu çağırışlar əsasən Ermənistanla bağlı geosiyasi məsələlər, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və Hindistan–Ermənistan yaxınlaşması kontekstində güclənib. Hindistanda bəzi millətçi və sağçı çevrələr, xüsusən hindutva ideologiyasına bağlı qruplar Ermənistanı hər zaman açıq şəkildə dəstəkləyiblər. İndi isə buna qarşı çıxan ölkələrə, yəni Azərbaycan və Türkiyəyə qarşı boykot çağırışları səsləndirirlər.

Yeri gəlmişkən, qeyd edək ki, hindutva hindu millətçiliyinin mədəni əsaslandırılmasını və çoxmillətli, çoxkonfessiyalı dövlət olan Hindistan daxilində hindu hegemonluğunun qurulmasına inamı əhatə edən siyasi ideologiyadır. 1922-ci ildə Vinayak Damodar Savarkar tərəfindən tərtib edilmiş ideologiya “Raştriya Svayamsevak Sanqx” yarımhərbi könüllülər birliyinin, “Vişva Hindu Parişad” sağçı təşkilatının, hazırkı hakim “Bharatiya Canata Parti” (Hindistan Xalq Partiyası) və digər təşkilatlar tərəfindən istifadə olunur. Avropa faşizmindən ilhamlanan hindutva hərəkatı əksər analitiklər tərəfindən sağçı ekstremizmin bir variantı, homogenləşdirilmiş çoxluq və mədəni hegemonluq anlayışına sadiq qalaraq klassik mənada, demək olar ki, faşist və separatçı ideologiya kimi təsvir edilir. Bəzi analitiklər isə hindutvanın faşizmlə eyniləşdirilməsi məsələsində mübahisə edir və onu mühafizəkarlığın və ya etnomillətçiliyin ifrat forması adlandırırlar.

***

Ötən sayımızda Ümumhindistan Ticarətçiləri Konfederasiyasının (CAIT – The Confederation of All India Traders) Türkiyə və Azərbaycanla ticarətin bütün formalarını və kommersiya əlaqələrini boykot etmək qərarı verdiyini bildirmişdik. Qeyd etmişdik ki, qərar Hindistanın 24 ştatının ticarət dairələri nümayəndələrinin milli konfransında qəbul olunub. CAIT-in baş katibi və parlamentin üzvü Şri Pravin Handelval iclas zamanı demişdi: “Təəssüf ki, təbii fəlakət zamanı Hindistanın xoşməramlılığından, yardımından və strateji dəstəyindən yararlanan (?) Türkiyə və Azərbaycan indi terrora dəstəyi ilə dünyada tanınan Pakistanın yanında dayanmağa qərar verib. Onların mövqeyi Hindistanın suverenliyinə və milli maraqlarına zərər vurmaqla (?) yanaşı, həm də hinduların hisslərini birbaşa təhqir edir”. Azərbaycan və Türkiyənin ədalətli, beynəlxalq hüquqa uyğun davranışını CAIT-in baş katibi “nankorluq və düşmənçilik” adlandırmışdı.

Dünən isə Şri Pravin Handelval konfransın qərarının əksini tapdığı qəzet səhifəsini skan edərək “X” hesabında paylaşıb. Onun paylaşımını bu sözlər müşayiət edib: “Milli maraqlar biznes maraqlarından üstündür. Türkiyə və Azərbaycanla heç bir ticarət və turizm yoxdur. Hindistanlı tacirlər birləşib və qərarlıdırlar”.

Pakistanı dəstəklədiyinə görə Azərbaycan və Türkiyənin ünvanına daha bir tənqid Hindistanın kənd təsərrüfatı və fermerlərin rifahı üzrə dövlət naziri Bhaqirat Çaudharidən gəlib. “Ölkədə terrora və onu dəstəkləyənlərə qarşı qəzəb var. Türkiyə Pakistana açıq şəkildə dəstəyini ifadə edib. Mərmər və qranitlə məşğul olanlar da daxil olmaqla, bütün sektorlardan terroru dəstəkləyən (?) ölkələri boykot etməyə çağırışlar var” – deyə Çaudhari müsahibəsində bildirib.

Nazir, həmçinin qeyd edib ki, ticarət sahəsində də müvafiq tədbirlər həyata keçirilib: “Türkiyə və Azərbaycanla ticarət dayandırılıb. CAIT-də üç qərar qəbul edilib. Əvvəla, biz heç nə idxal və ixrac etməyəcəyik. İkincisi, biz Türkiyəyə turizmin əleyhinəyik. Üçüncüsü, milli səviyyədə rejissorlar, prodüserlər və kinematoqraflar Türkiyədə və ya Azərbaycanda film çəkməyəcəklər”.

Hindistanlı nazirin Pakistanla bağlı şəxsi və milli qəzəbini Azərbaycan və Türkiyə kimi dövlətlərə yönəltməsi həm emosional manipulyasiya, həm də siyasi məsuliyyətsizlik nümunəsidir. Onun dediyi “terroru dəstəkləyən ölkələrə qarşı boykot çağırışları” ifadəsi, əslində, heç bir hüquqi və diplomatik əsas daşımır və Hindistanın rəsmi xarici siyasət xətti ilə də üst-üstə düşmür.

Türkiyə və Azərbaycan Pakistanla tarixi, mədəni və strateji əlaqələrə malik ölkələrdir. Bu əlaqələrə görə onları “terroru dəstəkləyən ölkə” kimi damğalamaq diplomatik etikadan kənardır. Əgər bir ölkə Pakistanla dostdursa, bu, onu ekstremizmi dəstəkləyənə çevirmir. Bu, diplomatik münasibətlərə siyahı mentaliteti ilə yanaşmaqdır – ya bizimləsən, ya bizə qarşısan! Hindistan rəsmisinin açıq-aşkar, əsaslandırılmamış ittihamlarla başqa dövlətləri terrorla əlaqələndirməsi, ölkəsinin dünyada “inkişaf edən demokratiya və artan iqtisadi güc” imicinə ziddir. Belə ritorika Hindistanın Cənubi Qafqazla münasibətlərini çətinləşdirə, həm də müsəlman ölkələri ilə dialoqu zəiflədə bilər.

Nazirin iqtisadi sektorlara çağırışı isə qeyri-ciddi və təhlükəli yanaşmadır. “Mərmər və qranitlə məşğul olanlar da daxil olmaqla, bütün sektorlardan boykot” çağırışı siyasətin iqtisadi sferaya kobud müdaxiləsidir. Bu kimi qeyri-ciddi çağırışlar Hindistan iqtisadiyyatında fəaliyyət göstərən bir çox firmaları qeyri-sabitlik təhlükəsi ilə üz-üzə qoyur və sərmayəçilərə mənfi siqnal ötürür.

Azərbaycanın özü 30 ilə yaxın müddət ərzində beynəlxalq hüququ pozan, Hindistanın müttəfiqi – işğalçı keçmişə malik Ermənistanla və erməni terror təşkilatları ilə mübarizə aparmış ölkədir. Azərbaycanın terroru dəstəklədiyini demək tarixi və faktları saxtalaşdırmaqdır.

Nazir Türkiyə və Azərbaycanla ticarət əlaqələrinin, guya, dayandırıldığını, turizmə və mədəni sahədə əməkdaşlığa qarşı çıxdığını bəyan etməklə Hindistanın dövlət siyasətindən çox, radikal dairələrin təzyiqi ilə danışan bir siyasətçini xatırladır. Bu çıxış, əslində, müasir dövrün inteqrasiya ruhuna, qarşılıqlı hörmətə və qlobal mədəni dialoqa zidd bir ritorikadır. Xüsusilə, “ticarət dayandırılıb” iddiası – faktlara əsaslanmayan populizmdir. Hindistanın xarici ticarəti hökumət və iqtisadi maraqlar üzərində qurulur, fərdi siyasətçilərin emosional çağırışları ilə yox. Türkiyə və Azərbaycanla Hindistan arasında rəsmi olaraq ticarət əlaqələrinin dayandırıldığına dair heç bir hökumət qərarı yoxdur. CAIT adlı qeyri-hökumət platformasının qəbul etdiyi qərarların heç biri hüquqi və məcburedici xarakter daşımır. Bu, sadəcə kiçik ticarət qruplarının daxili çağırışıdır və dövlət siyasətinə çevrilə bilməz.

Digər tərəfdən turizmə qarşı çıxmaq xalqlar arasında dialoqa zərbədir. Turizm təkcə iqtisadi deyil, həm də mədəni körpüdür. Türkiyə turizmi qlobal miqyasda tanınan brendə çevrilib. Ona qarşı çıxmaq – milyonlarla insanın şəxsi seçimlərinə qarışmaq, Hindistan vətəndaşlarının səyahət hüququnu məhdudlaşdırmağa cəhd etmək deməkdir. Həmçinin, Hindistanın öz turizm sektorunun Türkiyə və Azərbaycan kimi ölkələrlə əlaqələrdən əldə etdiyi gəlirlərə də zərbə vurmuş olur.

Onu da bildirək ki, Hindistanın “The Print”, “OpIndia”, “Svarajya” kimi sağ yönümlü onlayn media resurslarında Türkiyə və Azərbaycanla ticarət və diplomatik münasibətlərə yenidən baxılmasına dair fikirlər yayılıb. Ancaq Hindistan hökuməti rəsmi səviyyədə bu ölkələrlə münasibətləri kəsmək və ya boykot etmək yönündə konkret addım atmayıb. Hərçənd ki, Ermənistanla yaxınlaşma fonunda Azərbaycan və Türkiyə ilə münasibətlərdə bir qədər məsafəli ritorika müşahidə olunur. Türkiyə və Azərbaycanın reaksiyasına gəldikdə isə hər iki ölkənin səfirlikləri bu çağırışlara birbaşa reaksiya verməkdən çəkiniblər, lakin diplomatik kanallarla Hindistanla əlaqələrin qorunub saxlanmasına önəm verildiyi bildirilib.

İnanmaq istərdik ki, Nyu–Dehli boykot çağırışlarının ikitərəfli əlaqələrin ruhuna zidd olduğunu dərk edərək onların dayandırılmasına dair göstəriş verəcək. Çünki bu cür emosional və məsuliyyətsiz çağırışlar nə Hindistanın strateji maraqlarına, nə də beynəlxalq müstəvidə formalaşdırdığı “müdrik və balanslı tərəfdaş” imicinə uyğun gəlir. Diplomatiya nə zamansa qurulmuş dostluq körpülərini yıxmaq üçün yox, onları qorumaq və möhkəmləndirmək üçün var. Ticarət, turizm və mədəni əməkdaşlıq sahəsində bu cür məhdudiyyətlərə çağırışlar isə yalnız münasibətlərə deyil, xalqlar arasında yaranmış qarşılıqlı rəğbətə də xələl gətirə bilər. Nyu– Dehli bu ritorikanın Hindistanın regionda və İslam dünyasında nüfuzuna hansı zərbələr vurduğunu nə qədər gec deyil, anlamalıdır.

Yeganə HACIYEVA,
politoloq

– Hindistan qeyri-müəyyən gələcəyi olan ölkədir. Beynəlxalq arenada bəyan edilən bütün ambisiyalara baxmayaraq, ölkənin təhsil, səhiyyə, sosial müdafiə kimi göstəriciləri dünya üzrə elan edilmiş standartlardan xeyli geridə qalır. Azərbaycan və Türkiyəyə qarşı indiki boykot kampaniyasına gəlincə, bu, açıq-aydın süni xarakter daşıyır və kənardan körüklənir. Bütün əlamətlər onun ssenarisinin Hindistanda yazılmadığına işarə edir. Bu, ölkəmizin beynəlxalq aləmdə imicini sarsıtmağa yönəlmiş daha geniş informasiya və siyasi strategiyanın bir elementidir. Lakin Hindistanın siyasi dairələri bu vəziyyətdən öz maraqları naminə – həm Azərbaycan dövlətinə qarşı mövcud ritorikaya haqq qazandırmaq, həm də gələcək xarici siyasətin əsasını formalaşdırmaq üçün fəal şəkildə istifadə edirlər. Bu cür kampaniyalar onlara Bakıya qarşı mümkün addımları əvvəlcədən əsaslandırmağa və ictimai rəyi yönəltməyə imkan verir.

Səxavət HƏMİD
XQ



Siyasət