Vaşinqtonun maliyyə siyasətində yeni mərhələ başlayır: ABŞ Konqresi kriptovalyutaların hüquqi əsaslarını təsbit edən tarixi qanun paketi qəbul edib. Prezident Donald Trampın ikinci dönəminin ilk yarım ilində baş verən bu hadisə ölkənin rəqəmsal valyutalar sahəsində qlobal supergücə çevrilməsi iddiasını rəsmi şəkildə bəyan edir.
“Kriptovalyutalar ABŞ maliyyə sisteminin periferiyasından mərkəzinə doğru irəliləyir”, – deyə Tramp qanunların imzalanması zamanı bəyan edib. O, ölkənin texnoloji liderliyini möhkəmləndirmək, dolların qlobal rolunu qorumaq və dövlət borcunu nəzarətdə saxlamaq məqsədi daşıyan bu qanunvericilik paketini “tarixi dönüş” adlandırıb.
“Genius Act” – yeni maliyyə erası üçün əsas sənəd
Qanunvericilik paketinin əsas elementi kimi təqdim olunan “GENIUS Act” (“Stablecoin Tənzimləmə və İstiqamətləndirmə Qanunu”) ABŞ-da steyblkoinlərin – dollar, qızıl və ya dövlət istiqrazlarına bağlı rəqəmsal aktivlərin – ilk dəfə federal səviyyədə tənzimlənməsini təmin edir.
Yeni hüquqi çərçivəyə görə, steyblkoinlər ( steyblkoin (ing. stablecoin) – adından da göründüyü kimi, sabit dəyərə malik kriptovalyutadır. Yəni bu tip rəqəmsal pul vahidi hansısa sabit aktivə – əsasən ABŞ dolları, qızıl və ya dövlət istiqrazlarına bağlanır. Məqsəd – kriptovalyutaların tipik olaraq dəyişkən olan qiymətini sabitləşdirmək və onları gündəlik ödənişlərdə və maliyyə əməliyyatlarında daha etibarlı vasitəyə çevirməkdir-red.) yalnız 100% likvid aktivlərlə təmin edilməli və emitent şirkətlər aylıq hesabat təqdim etməlidirlər. Bu, həm bank sektorunda, həm də texnologiya nəhəngləri arasında böyük rezonans doğurub. Belə ki, Amazon, Google, Meta kimi şirkətlər artıq öz “rəqəmsal dollarlarını” buraxmağa hazırlaşırlar.
Federal Rezervə rəqəmsal dollar yasağı
Ən diqqətçəkən məqamlardan biri isə ABŞ-ın dövlət tərəfindən buraxılan rəqəmsal valyuta modelindən imtina etməsidir. Avropa və Çin mərkəzi bankları rəqəmsal avro və yuan layihələrini irəlilədikləri bir vaxtda, ABŞ Konqresi Federal Ehtiyat Sisteminə rəqəmsal dollar buraxmağı qadağan etdi. Rəsmi izahat: “Amerikalıları dövlət nəzarətindən qorumaq”.
Maliyyə sabitliyi və bank sektoru üçün yeni risklər
Ekspertlər xəbərdarlıq edirlər: steyblkoinlərin kütləvi dövriyyəyə daxil olması bank sektoru üçün ciddi təzyiqlər yarada bilər. “Banklar artıq rəqəmsal nəhənglərlə eyni oyun meydanında rəqabətə girməyə məcburdurlar”, – deyə “Bloomberg”in eksperti Kristin Harper bildirir.
Banklara qoyulan sərt tənzimləmə tələbləri sabitkoin emitentləri üçün tətbiq olunmur. Bu isə sistemin sabitliyinə dair suallar doğurur. Harper xatırladır: 2008-ci il böhranı da məhz “təhlükəsiz” sayılan maliyyə alətlərinin yarıtmaz şəkildə istifadəsi nəticəsində baş vermişdi.
Anonimlikdən nəzarətə doğru
Yeni qanunlar kriptovalyutanın əsas ideyası olan anonimliyi də sual altına alır. Steybltkoinlər blokçeyn sistemində izlənilə bilən rəqəmsal izlər buraxır. Bu isə gələcəkdə əməliyyatların dövlət qurumları tərəfindən izlənilməsi imkanlarını artırır.
“Qanunlar istifadəçi məlumatlarının izlənməsi məsələsini açıq buraxır. Bu isə maliyyə məxfiliyi prinsipinə ciddi zərbə vura bilər”, – deyə Cato İnstitutunun eksperti Cenifer Şalp qeyd edir.
Kriptodollar dövrü başlayır, lakin…
ABŞ-ın rəqəmsal valyuta siyasətində yeni səhifə açılır. Kriptovalyutanın qeyri-rəsmi dünyasından rəsmi iqtisadi strukturuna inteqrasiyası prosesi Trampın siyasi iradəsi ilə sürətlənib. Lakin bu prosesin arxasında duran iqtisadi, texnoloji və hüquqi reallıqlar hələ də müzakirəyə açıqdır.
Yeni sistemin vəd etdiyi texnoloji sıçrayışla yanaşı, maliyyə riskləri, qeyri-müəyyənliklər və kriptomaliyyənin mahiyyətinə zidd olan tendensiyalar da mövcuddur. Vaxt göstərəcək: Trampın “kriptosupergüc” arzusu Amerikanı maliyyə inqilabına aparacaqmı?
Hazırladı:
S.ELAY
XQ