Biz media sahəsində fəaliyyət göstərən qurumlar olaraq daim əməkdaşlıq və informasiya mübadiləsi içindəyik. Bu əməkdaşlığın mühüm tərəfdaşlarından biri də Azərbaycan Dövlət İnformasiya Agentliyidir. AZƏRTAC-la əlaqələrimiz çoxşaxəlidir və qarşılıqlı dəstəyə əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzulu paneldə deyib. O qeyd edib ki, media sahəsindəki əməkdaşlıq vacibdir. “Çünki bir-birimizdən öyrənəcəklərimiz çoxdur: “Mən hər şeyi bilirəm, yeniliyə ehtiyacım yoxdur” kimi düşüncə tərzi bu günün informasiya dünyasında yersizdir. Daim öyrənmək, yenilənmək və informasiya dəqiqliyini qorumaq peşəkar medianın əsas şərtləridir”.
Avropa Xəbər Agentlikləri Alyansının baş katibinin sözlərinə görə, bu əməkdaşlıqlar etibarlı və doğru xəbərin dəyərli olduğu üçün edilməlidir.
“AZƏRTAC Azərbaycanın dövlət xəbər agentliyi olaraq rəsmi, yoxlanılmış və dəqiq məlumatlar təqdim edir. TREND isə özəl xəbər agentliyi kimi fəaliyyətdədir və ölkənin media palitrasında özünəməxsus yer tutur. Biz bilirik ki, bu agentliklərdə yayımlanan məlumatlar doğruluğa, rəsmi mənbələrə və peşəkar jurnalistika prinsiplərinə əsaslanır. Bu da bizim üçün informasiya təhlükəsizliyinin təminatıdır.
Unutmamalıyıq ki, mətbuat həqiqətin carçısıdır. Medianın vəzifəsi sadəcə xəbər vermək deyil, həm də insanları düşünməyə, təhlil etməyə və nəticə çıxarmağa sövq etməkdir. İnsanlar bu informasiyaların əsasında öz yanaşmalarını formalaşdırmalı, fərqinə vararaq qərar verməlidirlər”, - deyə Alexandru Giboi bildirib.