VII məqalə
“Bizim ailəmiz Türk dünyasıdır”
Bu mövzuda öncəki məqalələrdə alınan son qənaət ümumtürk identikliyinin formalaşmasının zəruriliyi və perspektivi ilə əlaqəli idi. Burada “bir millət, iki dövlət” kəlamının semantik və kommunikativ sahəsində formalaşmış “bizim ailəmiz Türk dünyasıdır” məşhur kəlamının ifadə etdiyi mahiyyətyaradıcı, məzmunlaşdırıcı, məqsədyönlü anlamları işığında məsələyə baxmaq gərəkdir. Prezident İlham Əliyevin yeni tarixi mərhələdə irəli sürdüyü bu tarixi tezis real ümumtürk identikliyinə aparan ana yoldur. Bu, həm nəzəri, həm də praktiki məsələdir. Vurğulanan kəlamın əhatəli fəlsəfi, siyasi, elmi və ümumiyyətlə, nəzəri obrazı yaradılmalıdır. Bu əsasda ümumtürk birliyinin və onun aparıcı parametrlərindən biri olan ümumtürk identikliyinin məzmununu müəyyən etmək olar. Burada politoloji əhəmiyyəti olan bir məqamı vurğulayaq:
Bütövlükdə “bizim ailəmiz Türk dünyasıdır” tezisi “bir millət, iki dövlət” kəlamının yeni tarixi mərhələyə yaradıcı proyeksiyasıdır. Siyasi varislik əsasında Prezident İlham Əliyev yeni mərhələ üçün istiqamətverici rol oynayan tezislərdən birini formalaşdırmışdır. Çox əhəmiyyətlidir ki, həmin tezis həm də yeni tarixi mərhələdə milli ideya və dövlət suverenliyinin tam təmin edilməsi kimi vacib faktorlarla bağlıdır.
Biz hələ fəlsəfi və siyasi-nəzəri olaraq araşdırmalıyıq ki, yeni tarixi mərhələ üçün milli ideyada “bizim ailəmiz Türk dünyasıdır” kəlamının fonunda ümumtürk identikliyinin yeri və rolu necə olmalıdır. Eyni zamanda, Türk dünyasını ailəmiz kimi təsəvvür etməyimizin prizmasında dövlət müstəqilliyimiz və suverenliyimiz hansı siyasi, geosiyasi və hüquqi sərhədlər çərçivəsində daha optimal ola bilər? Məhz bu kimi suallara cavab axtarışları kontekstində yeni milli ideyanın məzmunu, tam suverenliyin təmini türk dövlətlərinin perspektivli təşkilatlanması baxımından son dərəcə aktualdır.
Milli ideya, suverenlik və identiklik
Bəlkə də adi səviyyədə bu anlayışlar arasında sıx əlaqə məsələsi aydındır. Ancaq onların fəlsəfi və politoloji kontekst-
lərdə anlamları dərk edilməli və konkret məzmunlandırılmalıdır.
Milli ideya suverenlik və identikliyi özündə ehtiva edir. Çünki milli ideya özşüura daxildir. Milli özşüur isə mütləq şəkildə suverenliyin və cəmiyyət identikliyinin obrazlarının formalaşmasını tələb edir. Bu aspektdə problemin qaynağı “milliliyin” müasir anlamı ilə bağlıdır.
Millilik birbaşa dövlətçiliklə əlaqəli izah olunur. Dövlətə sahib olmaq isə zəruri olaraq həm ictimai, siyasi, mədəni və dövləti identikliyi, həm də suverenliyin tam təminini tələb edir. Bu isə onu göstərir ki, milli ideya substantiv (məzmun və mahiyyət) baxımından identikliklə suverenliyi özündə birləşdirməlidir. Həm də onların zaman-məkan kontinuumunda kəsintisiz reallaşmasının mexanizmlərini yaratmalıdır. Buradan problemin kökünə varmaq olar.
“Milli ideya–identiklik–suverenlik” mənəvi üçbucağının mövcud olması və onun dinamik təkamülünü təmin edə biləcək faktor hər bir tarixi dönəmdə liderin siyasi təcrübəsidir. Belə alınır ki, vurğulanan kəlam həm də Prezident İlham Əliyevin liderlik təcrübəsinin birbaşa ifadəsidir. İlham Əliyev realpolitikada əldə etdiyi təcrübəni ümumiləşdirərək belə bir tezisin Azərbaycan müstəqil dövlətçiliyi üçün çox faydalı olduğu qənaətinə gəlmişdir. Bu məqam həmin tezisin tam əsaslı olduğunu və onun müasir real mənzərəyə (bu mənada realpolitikaya) əsaslandığını göstərir.
Bundan başqa, bir maraqlı qənaət əldə edilir: XXI əsrin şərtləri elədir ki, yaradıcı liderin milli ideyanı formalaşdırma, identikliyi məzmunlaşdırma və suverenliyi təmin etmə mexanizmlərini hazırlama qüdrəti ön plana çıxır. Həmin prizmada Azərbaycan Prezidenti İlham Əliyevin “bizim ailəmiz Türk dünyasıdır” kəlamı həm də motivəedici, yönləndirici, müəyyənedici, məzmunlaşdırıcı və fəal reallaşdırmaya istiqamətləndirici tarixi strategiyadır! O həm də proqramdır, seçim deyil. Azərbaycanın güclü və tam müstəqil dövlət olmasının yığcam manifestidir! Bunlarla yanaşı, həmin tezis Türk dünyasının XXI əsrin tələblərinə uyğun təşkilatlanmasının əsaslı konsepsiyasıdır.
Türk birliyinin identikliyi
Əgər bu məsələyə ciddi elmi prizmadan yanaşsaq, hər şeyin özlüyündə aydın olmadığı qənaətinə gələrik. Tarixi-mədəni baxımdan burada qeyri-müəyyən heç nə yoxdur: etnik kök eyniliyi, ortaq adət-ənənə, eyni ailə modeli, mədəniyyət, din, dil eyniliyi və digər çoxlu sayda faktorlar vahid türk qövmündən danışmağa imkan verir.
Lakin məsələ dövlət və bütövlükdə cəmiyyət səviyyəsində identiklikdən gedirsə, burada bir sıra parametrlər müəyyən olunmalıdır. Bu istiqamətdə, obrazlı desək, “türk birliyi təcrübəsi” mövcuddurmu?
Etiraf edək ki, müasir mərhələdə belə bir təcrübə geniş miqyasda mövcud deyil. Lakin “bir millət, iki dövlət” kəlamının semantik və kommunikativ çərçivəsində həmin təcrübənin formalaşmaqda olduğunu söyləmək olar. Bu kəlam türk dövlətlərinin ittifaqlığının mənəvi, siyasi və ideoloji sərhədlərini müəyyən edir. İdentiklik də bura daxildir. Vurğulamışıq ki, onun təməlində azərbaycançılıq dayanır. Buradan “türkiyəçiliyə” mənəvi və məzmun keçidi etmək olar. Eynilə, “qazaxıstançılıq”, “özbəkistançılıq”, “qırğızıstançılıq”, “türkmənistançılıq”, “kiprlilik” və s. anlayışlara konkret məzmun verilə bilər.
Belə olduqda, identiklik baxımından türk birliyinin ümumi mənzərəsi belə ola bilər: Hər bir türk cəmiyyəti özünü qiymətləndirərək identikliyini milli maraqlara uyğun müəyyən edir və onların arasında inteqrasiya prosesinin mexanizmləri hazırlanır. Bu baxımdan azərbaycanlı azərbaycançı, türkiyəli türkiyəçi, qazaxıstanlı qazaxıstançı və s. olaraq qalmaqla bütövlükdə türk ailəsinə mənsubiyyətini identikliyinin təməl parametri kimi qəbul edir.
İdentikliyin heterogen modeli
Burada “heterogenlik” – qeyri-bircinslik, müxtəlifliyin vahid struktur-funksional sistemdə ziddiyyətsiz mövcud olması – nəzərdə tutulur. Təbiət elmlərinə məxsus bu anlayışın fəlsəfi və politoloji yanaşmaya tətbiqi ümumtürk identikliyinin elmi dərki baxımından əhəmiyyətlidir.
Çünki bu halda ümumtürk identikliyində görmək istədiyimiz başlıca məqamlar – “bir millət, iki dövlət” kəlamından “bizim ailəmiz Türk dünyasıdır” tezisinə keçid – mexanizmlər və dinamikası ilə birlikdə aydınlaşa bilər.
Əsas prinsip – hər bir türk xalqının özünəməxsusluğunu və ənənələrinin əsas çalarlarını qorumaqdır. Onun təminatçısı isə mədəniyyətdir. Çünki identiklik hər bir halda sosial-mədəni mahiyyətli fenomendir. Burada məcburiyyət və ya süni məzmunlaşdırma keçərli deyil – nəticəsi iflasdır. Dünya təcrübəsi bunu göstərir.
Türk xalqları ilə bağlı bir özəllik də vardır: hər biri artıq müstəqil dövlətə malikdir. Prezident İlham Əliyevin uzaqgörənliyi ondadır ki, bu reallığı çox gözəl ifadə edən bir anlayış seçmişdir – “türk ailəsi” termininin siyasi, geosiyasi, dövləti və mədəni aspektlərin vəhdəti kimi işlədilməsi.
Türk ailəsinin fəlsəfi və siyasi-nəzəri anlamı
Bu anlayışın mütləq həqiqət kimi təqdim edilməsindən uzağıq. Məqsəd düşünmək üçün bir neçə tezis irəli sürməkdir. Prezident İlham Əliyev isə daha dərin, geniş və siyasi motivli kreativ fəaliyyət göstərən yenilikçi liderdir!
“Türk ailəsi” anlayışının törədən, qaynaqdan gələn, kodlaşdırılmış əlamətləri var: köləliyin olmaması, ailə üzvlərinin qarşılıqlı dəstəyi, yeni ailələr yaratmaq və birgəyaşam keyfiyyətləri, qonşularla mehriban münasibət və bütün bunların “öz kökü” üzərində qurulması. Bu “yosun qanunu” ilə tənzimlənir – xalq və millət miqyasında bu qanun türk qövmünün başlıca özünütəşkil mexanizmidir.
Türk ailəsinin bu tarixi nümunəsini XXI əsrdə müstəqil dövlətlərarası birlik modelinə çevirmək asan deyil. Lakin Azərbaycan Prezidenti bu istiqamətdə siyasi məzmunu müəyyənləşdirib və nəzəri araşdırmalar artıq aparılmalıdır.
Türk Dövlətləri Təşkilatı kontekstində
Ümumtürk identikliyi aspektində “türk ailəsi” anlayışının TDT kontekstində praktiki və tətbiqi mənaya sahib olması ayrıca əhəmiyyətlidir. Burada TDT faktoru birbaşa müsbət və nəticəverici rol oynayır. XXI əsrdə türk liderləri dünyaya göstərirlər ki, siyasi təşkilatlanmanın təməlində ortaq identiklik durur.
Nəticədə, “türk ailəsi” ümumtürk identikliyinin bütün çalarlarını birləşdirən fenomendir. Onun siyasi, geosiyasi, ideoloji, mənəvi, mədəni və digər aspektləri daim araşdırılmalı, dinamik şəkildə yenilənməlidir.
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru