Naxçıvan Dövlət Universitetində Novruz bayramı münasibətilə təntənəli şənlik təşkil olunub.
“Xalq” qəzetinə verilən məlumata görə, tədbir qədim ənənələrə uyğun olaraq, Dədə Qorqud obrazının xeyir-duası və Bahar qızının təbriki ilə başlayıb. Sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Novruzun xalqımızın ən qədim, ən əziz bayramlarından biri olduğunu qeyd edib. Bildirib ki, bu gün işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Rektor Naxçıvanın sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı görülən işlərdən bəhs edərək qeyd edib ki, bir neçə gün öncə Cənab Prezident İlham Əliyevin tarixi abidələrimizin bərpası üçün ayırdığı vəsait Naxçıvanın köklü dəyərlərinə göstərilən diqqətin bariz nümunəsidir. Elbrus İsayev həmçinin çıxışında universitetin əldə etdiyi uğurlardan, tələbələrin elmi və yaradıcı nailiyyətlərindən bəhs edib. Kollektivi bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Ardınca Novruzun əsas atributlarından olan bayram tonqalı alovlandırılıb.
Şənlik proqramı çərçivəsində NDU nəzdində Texniki Kollecinin “Yallı” qrupu, Nağara qrupu və Naxçıvan Musiqi Kollecinin rəqs ansamblı maraqlı çıxışlarla tədbirə xüsusi rəng qatıb. Eyni zamanda fakültələr tərəfindən hazırlanmış Novruz sərgisinə baxış keçirilib, burada tələbələrin əl işləri, rəsm əsərləri nümayiş etdirilib. Sərgi zamanı Muğam üçlüyü və Saz qrupunun ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsində Novruz bayramının fəlsəfi mahiyyəti – su, od, yel və torpaq ünsürləri üzərində qurulan səhnəciklər vasitəsilə təqdim olunub. “Dörd ünsürün mübahisəsi” kompozisiyası, Kosa və Keçəl obrazlarının məzəli çıxışları, yumurta döyüşdürməsi tamaşaçılara xoş ovqat bəxş edib.
Bundan əlavə, NDU nəzdində Gimnaziya və Beynəlxalq Kembric Məktəbi şagirdlərinin xor ifaları, musiqi nömrələri və müxtəlif ifaçıların çıxışları tədbirə xüsusi rəng qatıb.
Sonda Tələbə Teatr Studiyasının hazırladığı “Söylə” və “Tənzərə” yallıları universitet kollektivi ilə birgə oynanılıb. Bayram şənliyi yüksək əhval-ruhiyyə ilə başa çatıb.





