“Sosial jurnalistika” təliminin iştirakçılarına sertifikatlar təqdim edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən media nümayəndələri üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzularını əhatə edən “Sosial jurnalistika” təlimi təşkil olunub.

Bu barədə XQ-yə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində keçirilən təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 25 media qurumundan jurnalistlər iştirak ediblər.

Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılara əməyin mühafizəsi sahəsində qüvvədə olan qanunvericilik tələbləri, texniki təhlükəsizlik normaları, iş yerlərində risklərin qiymətləndirilməsi və təhlükəsiz əmək şəraitinin təmin edilməsi mexanizmləri barədə ətraflı məlumat verilib.

Təlim çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi mövzularının mediada düzgün işıqlandırılması, faktların dəqiq təqdim olunması və maarifləndirici yanaşmanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra iştirakçıların mövzunu mənimsəmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə vörkşop təşkil olunub və onlar müvafiq test tapşırıqlarını yerinə yetiriblər.

Sonda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar verilib.

Qeyd edək ki, “Sosial jurnalistika” təlimlərinin keçirilməsində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə, məşğulluq və digər sosial sahələr üzrə məlumatlılığının artırılması, jurnalistlərin mövzuya peşəkar yanaşma bacarıqlarının inkişaf etdirilməsi, həmçinin media ilə səmərəli əməkdaşlığın genişləndirilməsidir.





Sosial həyat