Dünya Şəhərsalma Forumu bəşəriyyətin diqqətini Azərbaycanın memarlıq təşəbbüslərinə yönəldib
BMT-nin İnsan Məskunlaşmaları Proqramı tərəfindən təşkil olunan WUF qlobal şəhərsalma gündəliyin formalaşdırıldığı ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq legitimlik, regional liderlik və yumşaq güc strategiyası baxımından diqqətəlayiq geosiyasi hadisəyə çevrilib.
XXI əsrin beynəlxalq münasibətlər sistemi getdikcə “şəhərləşən dünya siyasəti” modelinə doğru transformasiya olunur. Çünki iqtisadiyyatın, texnologiyanın, maliyyə axınlarının, innovasiyaların və demoqrafik dinamikanın əsas hissəsi artıq iri şəhərlərdə cəmləşir. Məhz buna görə urbanizasiya milli təhlükəsizlik və qlobal idarəetmə məsələsi kimi qəbul olunur. BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu isə beynəlxalq siyasətin gələcək trayektoriyasını dəyişdirir. Mövcud tendensiya dövlətlərin təhlükəsizlik konsepsiyalarına birbaşa təsir göstərir. Çünki gələcəyin əsas siyasi riskləri məhz şəhərlərdə formalaşacaq. Su qıtlığı, enerji çatışmazlığı, iqlim miqrasiyası, sosial bərabərsizlik, rəqəmsal nəzarət, kiberhücumlar və infrastruktur böhranları artıq şəhərlərin idarəolunması məsələsini geosiyasi təhlükəsizlik probleminə çevirir.
Bakıda keçirilən forumun vacib siyasi xüsusiyyətlərindən biri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma siyasətini qlobal gündəliklə strateji şəkildə əlaqələndirmək cəhdidir. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, rəsmi Bakı postmünaqişə rekonstruksiyasını beynəlxalq legitimlik, texnoloji modernləşmə və yeni regional düzənin formalaşdırılması kontekstində qlobal model kimi təqdim etməyə çalışır. Əslində, müasir beynəlxalq münasibətlər sistemində müharibədən sonrakı dövr artıq hərbi qələbənin özü qədər əhəmiyyətlidir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının forum çərçivəsində ön plana çıxarılması ilə Bakı postmünaqişə rekonstruksiyasını ənənəvi tikinti və bərpa modelindən çıxarıb texnologiya əsaslı idarəetmə modeli kimi təqdim edir.
Burada xüsusi diqqətçəkən məqamlardan biri Qarabağın beynəlxalq siyasi diskursda təqdimat formasının dəyişdirilməsidir. Uzun illər Qarabağ əsasən münaqişə, işğal və təhlükəsizlik problemi kontekstində müzakirə olunurdu. Bakı isə WUF kimi platformalar vasitəsilə bu narrativi dəyişməyə çalışır. Yeni yanaşmada Qarabağ “münaqişə zonası” deyil, yaşıl enerji, ağıllı urbanizasiya və innovativ idarəetmə məkanı kimi təqdim edilir.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin legitimliyi getdikcə daha çox “idarəetmə qabiliyyəti” üzərindən ölçülür. Yəni hansısa ərazidə suverenlik iddiası həmin ərazidə effektiv inkişaf modeli qurmaq bacarığı ilə möhkəmlənir. Forum çərçivəsində verilən əsas mesajlardan biri də odur ki, Azərbaycan postmünaqişə rekonstruksiyasını regional əməkdaşlıq və iqtisadi inteqrasiya platforması kimi görür. Qarabağın nəqliyyat, logistika və yaşıl enerji xəritəsində yeni funksional rol qazanması ideyası məhz bu strategiyanın tərkib hissəsidir.
Qlobal sistemin əvvəlki kimi vahid siyasi mərkəz ətrafında formalaşmaması, böyük güclər arasında rəqabətin sərtləşməsi və beynəlxalq institutların təsir imkanlarının nisbi zəifləməsi yeni diplomatik manevr imkanları yaradıb. Məhz bu şəraitdə Azərbaycan xarici siyasətdə “balanslaşdırıcı diplomatiya” modelini daha açıq şəkildə ön plana çıxarır. Maraqlı odur ki, Azərbaycanın paralel şəkildə həm Qərb institutları, həm də inkişaf etməkdə olan ölkələrlə münasibətləri dərinləşdirir. Bir tərəfdən Bakı BMT strukturları, beynəlxalq maliyyə institutları və Qərb yönümlü iqtisadi layihələrlə əməkdaşlığı davam etdirir, digər tərəfdən isə Qlobal Cənub ölkələri ilə siyasi və iqtisadi əlaqələrini genişləndirir. Belə ikili xətt, əslində, Azərbaycanın dəyişən dünya düzənində özünə çevik geosiyasi mövqe formalaşdırmaq cəhdidir.
Qlobal Şimal ilə Qlobal Cənub arasındakı münasibətlər son illər daha mürəkkəb xarakter almağa başlayıb. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, texnologiya bərabərsizliyi və beynəlxalq maliyyə sistemi ətrafında yaranan fikir ayrılıqları inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında siyasi məsafəni artırır. Azərbaycanın bu siyasətində coğrafi mövqeyi də mühüm rol oynayır. Bakı uzun müddətdir ki, özünü “Şərqlə Qərb”, “Şimalla Cənub” arasında geosiyasi körpü kimi təqdim edir. Müasir beynəlxalq münasibətlərdə orta güclər birbaşa hərbi rəqabət aparmaq əvəzinə, çoxtərəfli platformalar və diplomatik vasitəçilik üzərindən təsir imkanlarını artırırlar. Azərbaycan da WUF kimi forumlardan istifadə edərək qlobal məsələlərin müzakirə olunduğu siyasi məkan kimi təqdim edir.
XXI əsrdə inkişaf modelləri, texnoloji modernləşmə və dayanıqlı şəhər siyasəti beynəlxalq nüfuzun mühüm elementinə çevrilməyə başlayıb. Çünki qloballaşmanın yeni mərhələsində şəhərlər siyasi identiklik, innovasiya və beynəlxalq legitimlik istehsal edən məkanlara çevriliblər. Ənənəvi olaraq Azərbaycanın yumşaq güc siyasəti daha çox enerji diplomatiyası, multikulturalizm narrativi, beynəlxalq humanitar forumlar və idman tədbirləri üzərində qurulurdu. Xüsusilə “Bakı prosesi”, İslam Həmrəyliyi Oyunları, beynəlxalq humanitar forumlar və mədəniyyət diplomatiyası Azərbaycanın beynəlxalq imic siyasətində mühüm rol oynayır.
Şəhərsalma diplomatiyasının əsas mahiyyəti ondan ibarətdir ki, şəhərlər dövlətlərin beynəlxalq münasibətlərinin aktiv aktoruna çevrilirlər. Bu gün London maliyyə və siyasi təsir mərkəzi, Dubay qlobal logistika və innovasiya platforması, Sinqapur texnoloji idarəetmə modeli, Seul rəqəmsal urbanizm nümunəsi, Doha isə diplomatik kommunikasiya məkanı kimi beynəlxalq sistemdə xüsusi status qazanıb. Görünən odur ki, Bakı da məhz bu istiqamətdə yeni mərhələyə daxil olur. WUF vasitəsilə Azərbaycan Bakı şəhərini beynəlxalq urban mərkəz kimi təqdim etməyə çalışır. Əsas məqsəd Bakının qlobal müzakirələrin keçirildiyi siyasi platforma kimi tanınmasına nail olmaqdır. Burada rəqəmsal dövlət idarəçiliyi məsələsi xüsusi diqqət çəkir. Son illər Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron hökumət sistemlərinin genişləndirilməsi və texnologiya əsaslı idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində aktiv siyasət həyata keçirir. Şəhərsalma diplomatiyasının digər mühüm elementi regional əməkdaşlıq platformalarının formalaşdırılmasıdır. Azərbaycan coğrafi mövqeyindən istifadə edərək “yaşıl enerji”, nəqliyyat və rəqəmsal transformasiya, eləcə də şəhərsalma sahələrində regional koordinasiya mərkəzi rolunu gücləndirmək istəyir.
Bakıda keçirilən forum Azərbaycanın enerji siyasətində baş verən strateji transformasiyanın beynəlxalq səviyyədə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Uzun illər Azərbaycan beynəlxalq sistemdə əsasən neft və qaz ixracatçısı kimi tanınıb və ölkənin geosiyasi çəkisi böyük ölçüdə enerji resursları üzərində formalaşıb. Lakin qlobal enerji bazarında dəyişən tendensiyalar, iqlim siyasətinin beynəlxalq gündəliyin mərkəzinə çıxması və yaşıl transformasiya prosesinin sürətlənməsi Bakı üçün yeni strateji adaptasiya zərurəti yaradıb. Məhz bu səbəbdən Azərbaycan son illərdə özünü “yaşıl enerji” keçidinin regional iştirakçısı kimi təqdim etməyə çalışır. Dövlətlərin beynəlxalq nüfuzu getdikcə daha çox onların yaşıl texnologiyalara uyğunlaşma səviyyəsi, karbon emissiyalarının azaldılması siyasəti və dayanıqlı inkişaf strategiyası ilə əlaqələndirilir.
Son olaraq qeyd edək ki, Bakı Dünya Şəhərsalma Forumu Azərbaycanın postneft dövründə diplomatiya, yaşıl transformasiya və çoxtərəfli geosiyasi kommunikasiya vasitəsilə beynəlxalq sistemdə yeni strateji status və identiklik formalaşdırmaq cəhdinin siyasi təzahürü kimi çıxış edir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


