Platoşkinlər daşnaklarla Paşinyan iqtidarını eyniləşdirirlərsə...
Rusiyadakı müəyyən qüvvələrin Baş nazir Nikol Paşinyan iqtidarını hakimiyyətdən uzaqlaşdırmaq istəkləri şübhəsizdir. Bu qüvvələrin Ermənistandakı revanşist və şovinist kəsim üzərinə siyasi sərmayə yatırdıqları da diqqətdən yayınmır. Ən maraqlısı isə həmin qüvvələrin təmsilçilərindən bəzilərinin tarixdə eşələnmələridir. Belələrindən biri də Nikolay Platoşkindir. Onun barəsində məlumat verəcək, nə dediyini aydınlaşdıracağıq. Hələlik isə...
Deməli, Rusiya ictimai rəyində ruslar Ermənistanın, bir növ, xilas bələdçisi kimi təqdim olunur. Platoşkinin bu baxımdan irəli sürdüyü formul təxminən belədir: tarix boyu Qərb ölkələri erməniləri satıblar, yaxud Qərb hayları Türkiyəyə satıb. O Türkiyəyə ki, “erməni qanına susayıb, əlinə düşən ilk fürsətdəcə onlara qarşı soyqırımı reallaşdırıb”. Bu sayaq deyimlər Paşinyan iqtidarının Ankara ilə münasibətləri normallaşdırmaq kursunu heçə endirməyə hesablanıb. Politoloq, tarixçi və diplomat Platoşkin isə vəziyyəti bir qədər də dramatikləşdirir.
Haşiyə çıxaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olmuş N.Platoşkin Rusiyanın, belə demək mümkünsə, intellektual imperializm təfəkkürünün daşıyıcıdır. O, 2018-ci ildən aktiv siyasətə qoşulub və “Yeni Sosializm Uğrunda” sol-patriotik hərəkat yaradıb. Bu hərəkat daxilindəki baxışları onu deməyə əsas verir ki, cənab Platoşkin Rusiyada SSRİ-nin dağılmasını mənfi hadisə kimi dəyərləndirənlərin sırasında öndə dayanır.
Əlqərəz, N.Platoşkin tarixə baş vuraraq bildirib ki, bəs 1920-ci ildə bolşevik Rusiyası olmasaydı, Mustafa Kamal Türkiyəsi ermənilərin soyunu qurudacaq, 1915-ci ildə Osmanlı imperiyasındakı “soyqırımı” təkrarlayacaqdı. Sən demə, həmin il daşnaklar Türkiyə ilə yaxınlaşmaq kursu seçib, sonradan peşman olublarmış. Platoşkin o dövrlə indiki zaman arasında paralel aparıb və vurğulayıb ki, hazırda Paşinyan iqtidarı vaxtilə yol verilmiş səhvi təkrarlayır. Yəni, sən demə, daşnaklar hazırkı erməni iqtidarı ilə eyni yolu tutubmuşlar və bunun faciəsini yaşayıblar. Elə isə bəzi məqamları xatırladaq.
* * *
Birincisi, əgər türklərdə ənənəvi hay düşmənçiliyi xətti var idisə, nə üçün 1918-ci ildə Osmanlı Ermənistan Respublikası adlı dövlətin yaranmasına etiraz etməmişdi? Halbuki buna qarşı çıxa bilərdi. Çıxmadı və həmin il imzalanmış Batum müqaviləsi ilə Ermənistanın müstəqilliyini tanıdı. İkincisi, Platoşkin bildirir ki, 1918-1920-ci illərdə heç bir Qərb dövləti Ermənistanın müstəqilliyini tanımamışdı. Onun bu yanaşması qüsurludur. Məsələ ondadır ki, həmin illərdə Qərbin Cənubi Qafqaza, müəyyən mənada, vahid münasibəti olmuşdu. Konkret olaraq, 1920-ci il yanvarın 19-da Parisdə Antanta Ali Şurası tərəfindən Ermənistanın de-fakto tanınması barədə qərar qəbul edilmişdi. Bu qərar Azərbaycan və Gürcüstan üçün də keçərli olmuşdu. Görəsən, niyə de-fakto? Çünki sərhədlər müəyyənləşdirilməmiş, dövlətlərin uzunmüddətli beynəlxalq hüquqi statusu tam formalaşmamışdı. Sonradan isə nə sərhədlər dəqiqləşdi, nə də hüquqi status. Buna rus işğalı imkan vermədi. O işğal ki, çarizm müstəmləkəçiliyinin fərqli şəkildə davamı idi. Görəsən, Platoşkin bunu bilmir? Çox yaxşı bilir, amma ona Rusiyanı təcavüzkar qismində göstərmək sərfəli deyil... Üçüncüsü, 1918-1920-ci illər Ermənistanının Türkiyə ilə yaxınlaşmaq istəməsi qədər absurd tezis ola bilməz. Axı daşnakların antitürk təmayülü qədər aydın heç nə yoxdur. Əlbəttə, həmin daşnaklar da indikilər kimi, böyük torpaqlar iddiasında idilər. Ancaq haqqında söz açdığımız Batum müqaviləsinə əsasən, yalnız kiçik ərazi ilə kifayətlənmək məcburiyyətində qaldılar ki, bu onlarda hiddət doğurdu.
1918-ci ilin sonlarında Osmanlı I Dünya müharibəsində məğlub olandan sonra Ermənistan rəhbərliyi özünün avantürizmini Qərb musiqisinin notlarına köklədi, diqqəti Fransa, Böyük Britaniya, ABŞ kimi Antanta dövlətlərinin təxtibatçı direktivlərinə yönəltdi. Ermənistan Paris Sülh Konfransında “Böyük Ermənistan” layihəsini müdafiə etdi ki, belə bir avantüra özündə Şərqi Anadoluya ərazi iddialarını daşıdı. Elə bu faktın özü Türkiyə ilə uzunmüddətli siyasi yaxınlaşma modelinə uyğun gələ bilməzdi.
Ümumən, 1919–1920-ci illərdə Mustafa Kamal Atatürkün rəhbərliyindəki türk milli hərəkatı ilə Ermənistan arasında münasibətlər qarşıdurma həddinə çatdı. Daşnaklar “Böyük Ermənistan”ı hərbi yolla gerçəkləşdirmək istədilər və ağır məğlubiyyətə uğradılar ki, rüsvayçılıq 1920-ci ilin dekabrında imzalanmış Gümrü (Aleksandropol) müqaviləsində əksini tapdı. Amma özünü həm də tarixçi adlandıran Platoşkin bu məqama fərqli yanaşır. Əvvəldə vurğuladığımız kimi, sən demə, həmin vaxt ruslar olmasaymış, türklər erməniləri məhv edəcəkmiş.
Reallıq isə budur ki, sovet hakimiyyətini qəbul etməyən daşnakların müqavimətinin qırılmasının Türkiyənin əli ilə olması sovet Rusiyasına sərfəli idi. Axı Ermənistanda kommunizmin qurulması nəzərdə tutulurdu. Daşnaklar buna qarşı idilər və onların ərazi hərisliyinin baha başa gəlməsi məhz belə bir şəraitdə baş vermişdi. Nəticədə Aleksandrapol müqaviləsi ilə Ermənistan Qars, Ərdəhan, İğdır və ətraf bölgələr üzərində iddialardan, habelə “Vilson Ermənistanı” layihəsindən imtina etdi. Bu, Ermənistanın Şərqi Anadoluda geniş ərazi iddialarından da geri çəkilməsi demək idi. Üstəlik, sözügedən müqaviləyə əsasən, Ermənistan ordusunun sayı ciddi şəkildə məhdudlaşdırılırdı, onun ağır silahlara sahib olması, ümumən ölkənin Türkiyəyə qarşı düşmənçilik xətti qadağan edildi.
Maraqlı və mühüm məqam budur ki, Aleksandrapol, yəni Gümrü müqaviləsi imzalandıqdan dərhal sonra Ermənistan sovetləşdirildi. Bu səbəbdən sənəd tam ratifikasiya edilmədi, sonradan Moskva və Qars müqavilələri regional sərhədlərin əsas hüquqi bazasına çevrildi. Vurğuladıqlarımız xüsusunda Platoşkinin, guya hazırkı Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrünün türklərdən azad edilməsi iddiası cəfəngiyyatdan başqa bir şey deyil. Çünki Ermənistan Qərbin təhriki ilə Türkiyəyə qarşı müharibə başlatmış, eyni vaxtda rus işğalı ilə üzləşmişdi.
Bəli, güclü tərəf olan Türkiyə Kazım Qarabəkir Paşanın rəhbərliyi altında Gümrüyə daxil olmuş və türk ordusunun İrəvanadək irəliləmək, düşməni mənzilinədək qovmaq məqsədi prioritet seçilmişdi. Bu məqsəd həm də ona görə leqal idi ki, Türkiyə qədim türk yurdu olan İrəvanı azad edir və beləliklə, Osmanlının Batum müqaviləsi ilə yol verdiyi səhvi aradan qaldırırdı. Amma...
“Əmması” dövrün başqa tələblərinin mövcudluğunda idi. Yeni yaranmış sovet Rusiyası ilə Türkiyə məcburi şəkildə xarici qüvvələrə qarşı birləşmişdilər. Belə bir durumda onlar arasında nifaq yarana bilməzdi. Məhz buna görə də Cənubi Qafqazda sovetləşmə tam gücü ilə davam etdi. Sovet Rusiyası, sonra isə SSRİ-nin formalaşması ilə azğın daşnakların yerini hay bolşeviklər tutdular. Bolşevik ermənilər daşnakların mənfur kursunu davam etdirdilər. Birincilərin SSRİ-nin ali rəhbərliyinə təsiri nəticəsində 1969-cu ilin mayınadək Azərbaycan SSR torpaqlarından Ermənistan SSR-ə ərazi hədiyyələri edildi. Yalnız ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlişi ilə bunun qarşısı alındı. Təsadüfi deyil ki, 1988-ci ildə erməni millətçilərinin Qarabağ avantürasına başlamaları da Heydər Əliyevin SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından sonra yaşandı.
* * *
Əslində, rus imperializmi Qərblə birgə “erməni kartı”nın işə düşməsinə şərait yaratdı ki, bunun zərərini Azərbaycan xalqı ödədi, ölkəmizin torpaqları işğala məruz qaldı, təcavüz 30 ilə yaxın sürdü. Ümumiləşdirmə apararaq isə deyə bilərik ki, Platoşkin kimi imperialist intellektuallar niyəsə 1830-cu ildən sonra ermənilərin Qafqaza köçürülmələrinin məhz çarizmin türk arealını bölmək siyasətinin nəticəsi olduğunu nəzərə almırlar. Heç nədən 1918-ci ildə Ermənistan Respublikası adlı qurama dövlətin yaranmasını da. O dövlət ki, mövcudiyyəti ərzində Azərbaycan Xalq Cümhuriyyətinə qarşı çıxdı. Qərbin erməni planı ilə azğınlaşmış daşnakların Türkiyə tərəfindən sarsıdıcı məğlubiyyət almalarından sonra Ermənistanın sovetləşməsi nəticəsində isə sözügedən plan, sadəcə, əl dəyişdirdi, daşnaklar, faktiki olaraq, bolşevik libasına bürünərək, mənfur xislətlərini davam etdirməyə başladılar. Qarabağ avantürası da eyni ssenarinin tərkib hissəsi oldu.
Sonda bir vacib məqamı da vurğulayaq. 1920-ci ilin Aleksandrapol müqaviləsinə əsasən Türkiyə və Ermənistan diplomatik münasibətlər qurmalı, nəqliyyat və kommunikasiya xətlərini açmalı idilər. Yəni başları əzilmiş daşnaklar məcburən düz yola gəlirdilər. Lakin Qərbin üstünlüyü itirməsi ilə təşəbbüsə yiyələnmiş ruslar buna imkan vermədilər, beləliklə, hayların türk düşmənçiliyi xətti qorundu. Ötən il avqustun 8-də Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalandı və həmin sənəddə Bakı-İrəvan sülh sazişinin paraflandığı əksini tapdı. Bu gün Qərb nə qədər erməni avantürizmini saxlamağa çalışsa da, onun üçün sülh prioriteti əsasdır. O cümlədən, İrəvanın Ankara ilə münasibətlərinin bərpası.
Amma Rusiyanın Platoşkin kimi tarixçiləri və diplomatları sifətlərinə ağıllı görkəm verib ortaya düşür və var gücləri ilə çalışırlar ki, Ermənistanda türk düşmənçiliyi xəttini seçən revanşist və şovinistlər hakimiyyətə yiyələnsinlər. Yəni həm də Gümrü müqaviləsində vaxtilə nəzərdə tutulmuş kommunikasiyaların açılması müddəası reallaşmasın. Hazırkı Rusiyada sovet Rusiyasının yolunu getmək istəyənlər və Ermənistan cəbhəsində hərəkətə keçənləri unutduqları isə budur: nə Azərbaycan 1918-1920-ci illərdəki Azərbaycandır, nə də indiki Türkiyə o dönəmin Türkiyəsidir.
Əvəz CAHANGİROĞLU
XQ

