19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı

post-img

Türk Millətinin Dirçəliş Günü

Tarixin bəzi günləri vardır ki, təkcə bir təqvim tarixi deyil, bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsinə çevrilir. 1919-cu ilin 19 mayı da türk milləti üçün məhz belə müqəddəs günlərdən biridir. Həmin gün Mustafa Kamal Atatürk Samsuna çıxaraq Türkiyənin istiqlal və qurtuluş mübarizəsinin əsasını qoydu. Bu addım təkcə işğala qarşı müqavimətin başlanğıcı deyil, eyni zamanda müasir Türkiyə Cümhuriyyətinin doğuluşuna aparan yolun ilk səhifəsi idi.

Bu gün Türkiyədə böyük qürurla qeyd olunan Atatürkü Anma, Gənclik və İdman Bayramı milli birlik, vətən sevgisi və gəncliyə etimadın rəmzinə çevrilib. Çünki Atatürk gələcəyin təminatını məhz gənclərdə görür, Türkiyənin əbədi yaşamasını onların vətənpərvər ruhuna bağlayırdı.

Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin parçalanması və Anadolu torpaqlarının işğalı türk xalqını ağır sınaq qarşısında qoymuşdu. 1919-cu il mayın 19-da Samsunda başlayan milli mücadilə qısa zamanda bütün Anadoluya yayıldı. Xalqın iradəsi, Atatürkün qətiyyəti və istiqlal ruhu nəticəsində Türkiyə öz müstəqilliyini qorumağa nail oldu.

1923-cü ildə Türkiyə Cümhuriyyətinin elan edilməsi həmin mübarizənin ən böyük zəfəri kimi tarixə düşdü. Bu baxımdan 19 May yalnız bir başlanğıc deyil, həm də milli iradənin zəfər simvoludur.

Türkiyənin istiqlal savaşında Azərbaycanın mənəvi və maddi dəstəyi xüsusi əhəmiyyət daşıyıb. O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti gənc və çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Anadolu türklərinin mübarizəsinə biganə qalmadı.

Tarixi mənbələr göstərir ki, Azərbaycan Türkiyəyə maliyyə yardımı göndərmiş, neft və digər strateji resurslarla dəstək vermişdi. Həmin dövrdə “Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipi Azərbaycan xalqının qardaş ölkəyə münasibətini aydın şəkildə ortaya qoyurdu.

Bu tarixi həmrəylik bu gün də iki dövlət arasında mövcud olan “Bir millət, iki dövlət” fəlsəfəsinin təməl sütunlarından biri kimi qiymətləndirilir.

Mövzu ilə bağlı fikirlərini bölüşən Türkoloq Tarixçi Faiq Ələkbərli bildirdi ki, 19 May türk dünyasının ortaq yaddaşında mühüm yer tutur: “19 May tarixi Türk milləti üçün çox önəmli və mənalı bir gündür. Bu tarixdə  Samsuna çıxaraq milli mübarizəni başlatmış və yeni bir Türk dövlətinin qurulması yolunda ilk addımı atmışdır. Osmanlı Dövlətinin zəiflədiyi, xalqın çətin vəziyyətdə olduğu bir dövrdə Atatürk Türk millətinə ümid olmuşdur. O, xalqı bir araya gətirərək azadlıq və müstəqillik uğrunda böyük bir mübarizəyə başlamışdır.

Atatürk inanırdı ki, Türk milləti əsarət altında yaşaya bilməz. Buna görə də 19 May 1919-cu ildə Samsuna çıxaraq xalqın iradəsinə əsaslanan yeni bir dövlət qurmaq üçün çalışdı. Bu mübarizə sadəcə torpaqları qorumaq üçün deyil, həm də Türk millətinin yenidən ayağa qalxması, öz kimliyini və gücünü tapması üçün idi. Türk xalqı onun rəhbərliyi ilə birlik və bərabərlik içində mübarizə apararaq böyük zəfərlər qazandı.

Milli mübarizənin nəticəsində Türkiyə Cümhuriyyəti quruldu və Türk milləti yenidən öz dövlətinə sahib oldu. Bu səbəbdən 19 May yalnız bir tarix deyil, həm də azadlığın, müstəqilliyin və milli ruhun simvoludur. Bu gün gənclərə həsr olunmuş bir bayram kimi qeyd olunur və gələcəyin gənclərin əlində olduğu vurğulanır. Atatürkün Türk millətinə miras qoyduğu ən böyük dəyərlərdən biri də vətən sevgisi və müstəqillik düşüncəsidir”.

Türkoloq qeyd etdi ki, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti də mövcud idi və çox çətin siyasi şəraitlə üz-üzə qalmışdı. Osmanlıda baş verən proseslər, Mustafa Kamal Atatürkün başladığı istiqlal mübarizəsi Azərbaycanda diqqətlə izlənilirdi. Bu mübarizə təkcə bir dövlətin xilası deyil, ümumilikdə türk xalqlarının güclənməsi və azadlığı uğrunda atılmış mühüm addım kimi qiymətləndirilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti ilə Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi yeni Türkiyə arasında münasibətlər xüsusi əhəmiyyət daşıyırdı. 1920-ci ilin 23 aprelində Türkiyə Böyük Millət Məclisinin yaradılması yeni dövlət quruculuğunun əsas mərhələlərindən biri oldu.

Azərbaycanda baş verən siyasi dəyişikliklərə baxmayaraq, Türkiyənin istiqlal mübarizəsinə dəstək davam edirdi. 1920-ci ilin 27 aprelindən sonra Azərbaycanda sovet hakimiyyəti qurulsa da, Azərbaycan rəhbərliyi Türkiyə ilə münasibətləri qorumağa çalışırdı. Xüsusilə Nəriman Nərimanovun rəhbərliyi dövründə Türkiyə Böyük Millət Məclisinə və qurtuluş savaşına müəyyən yardımlar göstərilmişdir.

Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan mübarizə nəticəsində Türkiyə Cümhuriyyəti quruldu və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər daha da möhkəmləndi.

Bizim dostluğumuz və qardaşlığımız tarixi köklərə əsaslanır. Bu münasibətləri qorumaq və qiymətləndirmək hər birimiz üçün önəmlidir”.

O, vurğuladı ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri həmin dövrdə daha da möhkəmlənib. Azərbaycanın Türkiyəyə göstərdiyi dəstək tariximizin ən şərəfli səhifələrindən biridir: “Azərbaycan və Türkiyə münasibətləri tarix boyu qarşılıqlı dəstək və qardaşlıq prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi istiqlal mübarizəsinə ciddi dəstək göstərilmişdir. Cümhuriyyət süqut etdikdən sonra yaranan Azərbaycan Sovet hökuməti dövründə də, xüsusilə Nəriman Nərimanovun rəhbərliyi altında Türkiyə Böyük Millət Məclisinə mühüm yardımlar edilmişdir.

Mustafa Kamal Atatürk bu yardımları hər zaman yüksək qiymətləndirirdi. Nəriman Nərimanovun məşhur “Qardaş qardaşa borc verməz” ifadəsi də həmin dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər səmimi və yaxın olduğunu göstərirdi.

Mustafa Kamal Atatürk deyirdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir.” Bu fikir iki qardaş xalq arasındakı münasibətlərin fəlsəfəsini açıq şəkildə ifadə edir. Həm Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları — Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, həm də Türkiyə Cümhuriyyətinin liderləri — Mustafa Kamal Atatürk, Kazım Qarabəkir Paşa və digər dövlət xadimləri bu münasibətlərin möhkəmlənməsi üçün mühüm fəaliyyət göstərmişlər.

Mustafa Kamal Atatürk bir gün Azərbaycanın yenidən müstəqil olacağına inanırdı və Türkiyənin buna hazır olmasının vacibliyini vurğulayırdı. Bu baxış onun türk dünyasının gələcəyinə necə böyük önəm verdiyini göstərirdi”.

 

Türkoloq sonda onu da əlavə etdi ki, 19 May bu gün də gənc nəslin milli ruhda formalaşması baxımından böyük əhəmiyyət daşıyır:  “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf etmişdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş və hər zaman Azərbaycana dəstək göstərmişdir. Azərbaycan xalqı da bu dəstəyi daim yüksək qiymətləndirmişdir.

Xüsusilə Ümummilli Lider  dövründə Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmlənmişdir. Sonrakı dövrlərdə Türkiyə Prezidenti  və Azərbaycan Prezidenti  bu münasibətlərin inkişafına mühüm töhfələr vermişlər.

Bu gün də Mustafa Kamal Atatürkün 19 May ruhu Azərbaycan və Türkiyə gəncləri tərəfindən yaşadılır və gələcək nəsillərə ötürülür. Azərbaycan-Türkiyə münasibətləri yalnız iki dövlət arasındakı əlaqə deyil, həm də ortaq tarix, ortaq mədəniyyət və ortaq gələcək anlayışıdır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində də Azərbaycan və Türkiyənin birliyi öz gücünü nümayiş etdirir. Gələcəkdə də türk dünyasının güclənməsində Azərbaycan və Türkiyə aparıcı rol oynamaqda davam edəcəkdir”. 

Beləliklə 19 May yalnız Türkiyənin deyil, bütün türk dünyasının qürurla qeyd etdiyi əlamətdar tarixlərdən biridir. Bu bayram azadlıq uğrunda mübarizənin, milli birliyin və gəncliyə inamın rəmzidir. Bu tarix bir millətin qaranlıqdan işığa çıxışını, əsarətdən istiqlala gedən yolunu ifadə edir. Atatürkün idealları və Heydər Əliyevin siyasi irsi isə Azərbaycan–Türkiyə qardaşlığını gələcəyə aparan möhkəm mənəvi körpü olaraq yaşayır.

Aradan bir əsrdən artıq zaman keçsə də, Samsunda yandırılan istiqlal məşəli bu gün də türk dünyasının yolunu işıqlandırır. Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətləri də həmin tarixi ruhun davamı kimi gələcək nəsillərə örnək olmağa davam edir.

Nurəngiz Adilqızı

XQ

 



Sosial həyat