Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy rayonu və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XQ-yə bildirilib ki, qəbulda vətəndaşların müraciətləri subsidiya ödənişləri, suvarma suyu ilə təmin olunma, pivot suvarma üçün elektrik xəttinin çəkilməsi və digər məsələlərlə bağlı olub.
Nazir müavini Seymur Səfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Nazir müavini qəbuldan sonra Goranboy DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Daha sonra nazir müavini Seymur Səfərli rayonun Veyisli kəndində yerləşən “Murov Agro” MMC heyvandarlıq təsərrüfatı və fermer Vüqar İbrahimova məxsus əkin sahəsinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb.
Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yem təminatı, innovativ yemləmənin əhəmiyyəti, əkin sahələrində müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.

