Müasir dünya siyasətində Azərbaycan-Türkiyə münasibətləri analoqu olmayan və başqa dövlətlə müqayisə olunmayacaq zirvədədir. Ən çətin sınaqlardan keçən və dünyanı heyrətə gətirən münasibətlərimiz arzulanan səviyyəyə çatıb. Ölkələrimiz arasında hərbi, iqtisadi, diplomatik əməkdaşlıqdan tutmuş mədəni əlaqələrə qədər bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə durmadan inkişaf edir. Region üçün təhlükəsizliyin və sabitliyin qarantı olan Azərbaycan Türkiyə hər hansı xarici təcavüzə qarşı birgə çıxış etməklə əsl qardaşlıq nümunəsi sərgiləyir. 44 günlük haqq müharibəmizdə Türkiyənin Azərbaycana siyasi-diplomatik dəstəyi zəfərimiz üçün nə qədər önəmli idisə, 15 may Qurtuluş Günündə Şuşa Bəyannaməsinin imzalanması da bölgədə vahid gücün mesajı oldu. Qars müqaviləsinin 100 illiyində imzalanan bu sənəd həm də Ümummilli liderin xilaskarlıq missiyasının Şuşanın azadlığı ilə tamamlanması və “Bir millət, iki dövlət” deyə qeyd etdiyi Azərbaycan-Türkiyə dostluğunun möhtəşəm möhürü idi.
Azərbaycan da öz növbəsində dar günündə həmişə Türkiyənin yanında olub və bütün dərdlərini öz dərdi bilib. Cənab Ərdoğanın bildirdiyi kimi ən çətin günlərdə Azərbaycan necə Türkiyənin yanında oldusa, Türkiyə də Azərbaycanın çətin günündə onun yanında olacaq.
Türkiyədə baş verən dəhşətli zəlzələ ölkəmizdə də böyük hüznlə və kədərlə qarşılandı. Çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələdən sonra dövlət və millət olaraq qardaş Türkiyənin yanında olduq.
Təsadüfi deyil ki, dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan da məhz Azərbaycan oldu. Ölkəmiz ilk gündən etibarən axtarış-xilasetmə məqsədilə Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərdi. Təkcə dövlətimiz deyil, eləcə də xalqımız himanitar aksiyalara qoşularaq qardaşlıq dəstəyini Türkiyədən əsirgəmədi.
Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələdən sonra ölkəmiz bütün resursları ilə səfərbər olundu. Dağıntıya məruz qalan ərazidə “Azərbaycan məhəlləsi"nin inşasının da ölkəmizin öz üzərinə götürməsi iki qardaş ölkə arasında sarsılmaz dostluq və həmrəyliyin növbəti dəfə dünyaya bəyanı idi. Azərbaycan bu layihəni reallaşdırmaqla bütövlükdə Türk dünyasında qardaşlığın və birliyin möhkəmlənməsinə töhfələrini verdi.
Qeyd olunduğu kimi dövlətimiz tərəfindən məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrılıb və 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Bununla yanaşı yeni inşa olunan məhəllədə məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə qardaşlığın rəmzi, həmrəylik və birliyin göstəricisidir.
Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi və Preziden İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın tədbirdə iştirakı son dərəcə qürurlu anlar yaşatdı.
Çıxışında cənab Ərdoğan bir daha vurğuladı ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələnlərdən biri də Azərbaycan olub. Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağını bildirən Türkiyə lideri yardıma görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirdi.
Azərbaycanın hər zaman Türkiyənin Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu bildirən dövlətimizin başçısı “Azərbaycan” məhəlləsinin açılışında iştirakını bu birliyin, dostluğun təzahürü adlandırdı. “Azərbaycan” məhəlləsinin yaradılmasının çox gözəl hadisə olduğunu vurğulayan Prezident İlham Əliyev söylədi ki, biz xoş və kədərli günlərdə də daim bir-birimizin yanındayıq, bu da bir-birimizin gücünü artırır, bu qardaşlıq, birlik nəinki bölgəmiz üçün, eyni zamanda dünya miqyasında önəmli amildir.
Kahramanmaraşda tikilən Azərbaycan məhəlləsi bir daha dünyaya təsdiq etdi ki, bu bölgədə iki qüdrətli liderin qarşıya qoyduğu hədəflər böyük Türk birliyinə doğrudur və bunun qarşısını kimsə ala bilməz!
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti