Terrorla mübarizədə “türk strategiyası”: konseptual aspekt

post-img

I MƏQALƏ

Günahkar qloballaşmadırmı?

İndi terrorla bağlı çoxlu sayda elmi tədqiqatlarda əsasən “beynəlxalq terror” ifadəsindən istifadə edilir. Bu bəlanın səbəbi kimi başlıca olaraq qloballaşmanı göstərməyə çalışırlar. Görünür, o mənada ki, qloballaşma dünya dövlətləri arasında öncəki tarixi mərhələlərdə olan maneələri (kommunikasiya, ünsiyyət, müxtəlif xarakterli, o cümlədən informasiya sferalarındakı məhdud təmasları) aşdığından terror beynəlxalq mahiyyətli olmuşdur.

Bu tezisdə həqiqət payını danmaq doğru deyildir. Lakin indi dünyanı təhlükələr qarşısında qoymuş müasir terroru əsas olaraq qloballaşma ilə izah etmək böyük yanlışlıqdır. Çünki terrorun mənbəyi ünsiyyət və ya hər hansı münasibətlərin genişlənməsində deyildir. Çox geniş kontekstdə insanların, ayrı-ayrı qrupların və dövlətlərin bu münasibətlərə hansı niyyətlə daxil olmaları ilə bağlıdır.

İnsan təbiəti elədir ki, daim ünsiyyətdə, müxtəlif xarakterli təmaslarda olmalıdır (elmdə buna kommunikativ aspekt deyirlər və ya qarşılıqlı təsirlər sahəsi də demək olar). Tarixin müxtəlif mərhələlərində bu cür münasibətlərin təsir dairəsi darala və ya genişlənə bilər. Bu anlamda münasibətlərin məhdudluğu terrorun yoxluğunu və genişlənməsi onun çoxluğunu müəyyən edə bilməz. Burada ancaq terrorun forması və təzahür üsulları dəyişə bilər. O cümlədən, onun əhatə dairəsi öncəki tarixi mərhələdən fərqlənər.

Deməli, qloballaşmadan terror mövzusunda “günah keçisi” yaratmaq əslində terroru arxa planda hiyləgərcəsinə dəstəkləməkdir. Burada başlıca məqsəd hansısa dövlət və ya qrupun (siyasi qrup, dövlətlər qrupu, dini qruplar və s.) özünün terroruna haqq qazandırmaqdan, düşmən hesab etdiyi tərəfi isə terrorda günahlandırmağın elmi əsasını formalaşdırmaqdan ibarətdir.

Terror və islamofobiya

Nə qədər təəssüfedici və paradoksal olsa da, indi İslama qarşı müşahidə edilən davranışlar, ilk növbədə müsəlmanlara qarşı terroru “qanuniləşdirməyin”, “onu elmiləşdirməyin”, “bütövlükdə müsəlmanlara qarşı nifrət bəsləməyin təbii olduğu görüntüsü yaratmaq” cəhdlərinin təzahürləridir. Dünyanın müxtəlif regionlarında terrorun antiislam kontekstində təqdimatı və baş verən real terror aktları göstərir ki, bu trek indi kifayət qədər konkret istiqamətlənmiş və ciddi dəstək verilən qlobal proses halına gəlmişdir. Onun başlıca məkanı Qərb ölkələridir. Ancaq islamofobiyaya Uzaq Şərqdə, Latın Amerikasında və Afrikanın müəyyən hissələrində də rast gəlmək olar. Qərbdə ABŞ və əsasən Avropanın inkişaf etmiş ölkələri, Uzaq Şərqdə son illər Hindistan və Myanma, qismən Çin, Latın Amerikasında bir sıra dövlətlər islamofobiyadan əziyyət çəkirlər. Maraqlıdır, niyə məhz İslam və İslamofobiya?

Terrorun qaynağı və dini müstəsnalıq mərəzi

Terrorun birbaşa qaynağı heç zaman din olmamışdır. Terror sosial hadisədir. O, fərdlərin ədalətsizliyə, haq-hüquq pozuntusuna qeyri-qanuni, çılğın, məhvedici reaksiyasının təzahürüdür. Sosial kommunikasiyanın forması və inkişaf dərəcəsindən asılı olaraq terror fərdi, qrupvari və daha geniş əhatəli ola bilər. Daha çox siyasiləşmiş münasibətlər çərçivəsində terror yeni növlərdə özünü göstərə bilər. Onun bu aspektdə ən çox “uğur” qazandığı sfera dindir. Çünki din hər bir cəmiyyət üçün çox qədimdir və insanların duyğuları ilə birbaşa bağlıdır. Din tarixən zaman-zaman ümumiyyətlə, cəmiyyətlərin formalaşmasında, onun identikləşməsində aparıcı rol oynamışdır. Müasir mərhələdə də dini başqa heç bir mənəviyyat sferası əvəz edə bilməz. Əksinə, müasir siyasi, ideoloji və geosiyasi reallıqlar dini cəmiyyət üçün daha da aktuallaşdırmışdır.

Bundan başqa, təcrübə göstərir ki, insanları ən sürətlə birləşdirən məhz dini çağırışlardır. Dini dəvətlər sübut tələb etmədiyindən insan avtomatik olaraq ona uyur və dərhal özü üçün dost və düşmən obrazı yaradır. Bu proses davamlı olaraq intellektual güc hesabına ideya və ideologiya qəlibinə salındıqda isə çox radikal bir şəxs qarşında durmuş olur.

Təsadüfi deyildir ki, əsasən dini təsir sayəsində insanlar özlərini partladırlar. Hansı dinə (və ya məzhəbə) qulluq etməsindən asılı olmayaraq hər biri üçün bu, “Yaradanın ədalətini bərpa etmək” naminə edilmiş olur. Təsəvvür edək ki, İslamda bir fərqli məzhəb mənsubu digərini partladır və arqument kimi Allahın ədalətini bərpa etməyi istəyini gətirir. Katolik xristian pravoslavı partladır və adını eynilə Yaradan ədaləti qoyur. Qarşı tərəf də terror törətməyi eyni arqumentlə izah etməyə çalışır. Nəticədə sağlam məntiqə ziddi situasiya yaranır – hər partlayış ədalətli imiş, yəni düşmən saydığını məhv edə bilərsən. Bu isə dinin mahiyyətinə zidd olan cəfəngiyatdır! Bir nümunə hər şeyi aydınlaşdırır!

İmam Əli döyüşlərin birində düşmən əsgərini məğlub edir və xəncərini çıxardır ki, onu öldürsün. Bu zaman məğlub əsgər nalayiq hərəkət edir. Əli xəncəri yerinə qoyub, onu öldürməyəcəyini deyir. Bundan düşmən əsgər çox təəccüblənir. Səbəbini soruşanda imam Əli cavab verir ki, mən səninlə Allah və din naminə savaşdım, lakin sən mənə qarşı nalayiq hərəkət etməklə nəfsimi oyatdın. Mən nəfsimə görə kimsəyə zərər vermərəm!

Əsl müsəlman islami düşüncə və tərbiyə qətiyyən terror qaynağı ola bilməz. Əksinə, haqq-ədalət uğrunda mübarizənin çarcısıdır! Bəs hansı səbəblərdən İslamofobiya yaradırlar?

İslama qarşı radikal davranışların bir mənbəyi məzhəbi düzgün anlamamaqla bağlıdır. Digər səbəbi isə başqa dinlərin nümayəndələrinin özlərinin müstəsna olmaları haqqında xülyalara uymasıdır. İslam daxilində məzhəbçiliyi hər hansı formada radikal məzmunda təbliğ edirlərsə, bu artıq dini çərçivəni aşmaq deməkdir. Yəni siyasətdir, xüsusi düşünülmüş ideologiyadır. İnsanlar adi dini təsəvvürlərdən onun siyasi maskalanmış formasını ayırd edə bilmirlər. Bunu dünya təcrübəsi göstərir.

Başqa dinlərin nümayəndələrinin özlərini müstəsna kimi təsəvvür etmələri isə, məsələn, “Səlib yürüşləri”ni yaradır. Bu da artıq daha geniş miqyasda toplumsal və camaat düşmənçiliyi deməkdir ki, birbaşa siyasi və geosiyasi məna çalarlarına da malikdir. Buradan beynəlxalq terrorun mahiyyəti haqqında bir mühüm fəlsəfi nəticə çıxara bilərik.

Beynəlxalq terror

Beynəlxalq terrorun kökü birbaşa audendtik (olduğu kimi) dində deyildir. Əslində onun mahiyyətcə dinə elə bir aidiyyatı yoxdur. Beynəlxalq terror hər hansı dinin pərdəsi altında kimlərəsə qarşı düşmənçiliyin xüsusi formasıdır. Burada “din” anlayışı əsl məqsədi ört-basdır etmək üçün işlədilir. Onun da sübutu kimi konkret dinə aid zahiri faktorlardan – geyim, ibadət forması, məişətdə həyat tərzi və s. istifadə edilir. Deməli, beynəlxalq terror dindən bəhanə kimi istifadə etməklə müəyyən siyasi dairələrin (və ya dini dairələrin) öz maraqlarını təmin etməyin silahlı üsullarından biridir. Bir-birinə mahiyyət və məzmunca çox tərs olsalar da, hər birinin əsas arqumenti Allahın ədaləti uğrunda savaşla məşğul olmasından ibarətdir. Ölən də belə deyir, öldürən də!

Bütün bunlara görə, dünyada terrora məruz qalmış hər bir ölkənin, qövmün, xalqın, millətin öz təcrübəsi vardır. Terror hər qövmə qarşı standart məqsəd və üsullarla aparılmır. Onun konkret tarixi və məqsədləri olur. Bu bağlılıqda dünyada son yüzillər ən çox terrora məruz qalan qövm türk xalqları və onların qurduqları dövlətlərdir. Ümumi halda türk toplumlarına qarşı terroru onların dövlətçiliyinə qarşı xainliklə qurulmuş “böyük sui-qəsd” adlandıra bilərik.

Xüsusilə, Azərbaycanla bağlı məsələnin bu tərəfi fövqəladə əhəmiyyətlidir. Çünki həm Azərbaycana qarşı terrorun mahiyyətini, məzmun, üsul və məqsədlərini fəlsəfi anlamaq imkanı yaranır, həm də dövlətin buna qarşı mübarizəsinin anatomiyasını dərk etmək mümkün olur.

Azərbaycana qarşı terrorun mənbəyi və hədəfi

Son bir neçə yüz ilin faktları göstərir ki, türk-müsəlman qövmlərinə qarşı terrorda başlıca məqsəd onları insan kimi məhv etməkdən, coğrafi məkanlarından qovmaqdan və həm də dövlətçiliklərini aradan qaldırmaqdan ibarət olmuşdur. Burada təəssüf hissi ilə vurğulamalıyıq ki, bir müddət hansısa səbəblərdən Səfəvi-Osmanlı silahlı qarşıdurmaları da “düşmən dəyirmanına su tökmüşdür”. Çünki nə oldusa, türk-müsəlman dövlətçiliyinə, coğrafi məkanına və demoqrafiyasına oldu. İki güclü türk imperiyası həm öz coğrafiyalarında məzhəb ayrı-seçkiliyinə, həm də dövlətçiliyin zəifləməsinə təkan verdilər.

İşin qurucuları isə kənardan bunları seyr etmədilər – müxtəlif üsullarla münasibətləri barışmaz hala gətirdilər. Nəticədə hər iki türk dövləti itirdi. Bu da düşmənlərə və fürsət yoxsullarına daha geniş dərin qatlarda Azərbaycana qarşı hərəkətə keçməyə əlavə imkan verdi. Niyə məhz Azərbaycanı deyirik? Çünki Osmanlı Səfəvidən xeyli sonra dağıldı və dəyən Azərbaycana dəydi.

Birincisi, Azərbaycanı ikiyə böldülər və sonra da bəzi torpaqlarını ona-buna “hədiyyə” etdilər. İndi adını nə qoysaq da, cəmi 100 ilə 2 milyon kvadratkilometrlik bir coğrafiyada hökm edən azərbaycanlıların XX əsrin ikinci onilliyinin sonunda cəmi 114 min kvadratkilometrlik ərazidə müstəqil dövlətləri vardı. Onu da cəmi bir ilə çökdürdülər.

İkincisi, ən ağrılısı o oldu ki, bu prosesdə Azərbaycan bir neçə yerə coğrafi və demoqrafik olaraq parçalandı. Tarixən böyük bir coğrafiyanın ən potensiallı etnosu olan azərbaycanlılar qısa müddətdə düşmən təbliğatı ilə kiçik regional (bölgəsəl) maraqlarına tapınmış və öz qan qardaşını yad sayan, ona yuxarıdan aşağı baxan və məişətdə ayrı-seçkilik edən tayfaçılığa və regionçuluğa sığındı.

Üçüncüsü, burada əsas məsələ Azərbaycanın bir hissəsinin çoxlu sayda xanlıqlara bölünməsi ilə bağlı deyil. Bu bölünmədə düşmən ssenarisi üzrə xalqın psixologiyasına və şüuruna öz qanından, canından olanlara qarşı qərəzli münasibətin formalaşdırılması əsas bəla idi. Yəni müəyyən dairələrin psixologiya, ideya, ideologiya, şüur səviyyəsində bizi bir-birimizə yad etməsi tariximizdə ən böyük terrordur! Həmin məqam Azərbaycana qarşı terrorun başlıca özəlliyidir.

Bununla da Azərbaycana qarşı terror yeni mərhələsinə qədəm qoydu. Ancaq onun mahiyyəti dəyişmədi: Azərbaycan dövlətçiliyi, demoqrafik özəlliyi, mədəniyyəti, coğrafiyası, mənəvi-əxlaqi dəyərləri tam məhv edilməli idi! Dini məzhəbçilik müsəlmanların bir-birinə qarşı qatı düşmənçiliyi səviyyəsinə qaldırılmalı idi. Paralel olaraq Azərbaycan coğrafiyasında xristian dövləti yaratmalı və xristianlığın yüksək keyfiyyətə malik kimi təbliği beyinlərə yeridilməli idi. Bunun fonunda İslam və ona qulluq edənlər “köhnəlik əlamətləri” adı ilə aşağılanmalı idi.

Deməli, Azərbaycana qarşı terror həm ideya və məqsəd baxımından, həm də həyata keçirilmə formaları aspektində çoxtərəfli prosesdir. Burada fərdlərə qarşı terror aktları ilə bütövlükdə topluma və dinə qarşı hücumlar, dövlətçiliyin və mədəniyyətin aşağılanması və s. kimi hallar sistemli aparılırdı.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət