ATMU TÜRKÜNİB-ə üzv oldu

post-img

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali təhsil müəssisələrini birləşdirən Türk Universitetləri İttifaqının (TÜRKÜNİB) VIII Baş Assambleyası keçirilib. Beynəlxalq tədbirdə türk dünyasının 70-dən çox universitetinin rektoru və rəhbər heyəti iştirak edib.

Assambleyanın 8-ci iclasında ümumilikdə 62 ali təhsil müəssisəsi, o cümlədən Azərbaycanın 13 universiteti TÜRKÜNİB-ə yeni üzv qəbul olunub. Qəbul edilən universitetlər arasında Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) də yer alır.

Assambleyanın sessiyasında TÜRKÜNİB-in daimi katibliyinin və Orhun Mübadilə Proqramı Fondunun yaradılması təklif olunub. Bu təşəbbüs türk dünyası ali təhsil məkanında inteqrasiyanın daha sistemli əsasda aparılmasına və akademik əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Tədbir çərçivəsində üzv universitetlər arasında elm və təhsil sahəsində birgə proqramların uyğunlaşdırılması, tələbə və müəllim mübadilələrinin artırılması, birgə akademik layihələr, elmi konfranslar və forumların təşkili, mədəniyyət, elm və idman sahələrində ortaq müsabiqələrin keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) TÜRKÜNİB-ə üzvlüyü universitetin beynəlxalq əlaqələr şəbəkəsini genişləndirməsinə, türk dövlətləri universitetləri ilə ikitərəfli və çoxtərəfli layihələrdə iştirakına və Orhun Mübadilə Proqramı çərçivəsində tələbə və müəllim mübadilələrinin artırılmasına mühüm imkanlar yaradacaq.

ATMU-nun bu üzvlüyü həmçinin universitetin Türk dünyası ali təhsil məkanında nüfuzunun güclənməsi və regional akademik inteqrasiyanın daha da dərinləşməsi baxımından əhəmiyyətli addımdır.

Z.Hüseynova
XQ

Təhsil