Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələrinin həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmənin Cinayət Kollegiyası, Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci, Cinayət Məcəlləsinin 43 və 58-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3-cü maddələrinin sanksiyalarında göstərilən cərimə, 263.1 və 263.1-1-ci maddələrinin sanksiyalarında göstərilən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzalar həmin sanksiyalarda öz əksini tapmış əsas cəzalardan hər birinə əlavə olaraq təyin edilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
N.Adilqızı
XQ

