Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli “Fətəli Xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək bildirib ki, bu sənəd Azərbaycanın dövlətçilik tarixində mühüm xidmətləri olan görkəmli siyasi xadim Fətəli Xan Xoyskinin xatirəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.
Akademik bildirib ki, sərəncamda Fətəli Xan Xoyskinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və ilk hökumət başçısı kimi ölkəmizin müstəqillik tarixində oynadığı müstəsna rol bir daha dövlət səviyyəsində qiymətləndirilib. İsmayıl Hacıyev Prezidentin sərəncamından irəli gələn vəzifələrin vacibliyini xüsusilə qeyd edib. Bu vəzifələrin icrası istiqamətində AMEA Naxçıvan Bölməsində müvafiq tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
İsmayıl Hacıyev həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı tədbirlərin hazırlanması və bu prosesdə AMEA Naxçıvan Bölməsinin fəal iştirakı barədə məlumat verib. O, əlavə edib ki, bu yubiley ölkəmizin elmi inkişaf tarixində mühüm mərhələ olmaqla, elm adamlarının fəaliyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Eyni zamanda, akademik Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Bakıda keçiriləcək təntənəli tədbirdə AMEA Naxçıvan Bölməsinin sərgisinin də yer alacağını bildirib.
İclasda, həmçinin Azərbaycan Respublikasının Elm, Texnologiya, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına 2026-cı il üzrə Dövlət Mükafatları üçün əsərlərin təqdim edilməsi məsələsi də müzakirə olunub.
Sonra AMEA Naxçıvan Bölməsinin, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov çıxış edərək bölmədə 2025-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların keçirilməsi və 2026-cı il üçün doktorantura və dissertanturaya qəbul planı haqqında məlumat verib. Bildirib ki, 2025-ci il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə 5 nəfər müxtəlif institutlar və müxtəlif ixtisaslar üzrə doktoranturaya qəbul olub və növbəti il üçün qəbul planı üzrə müvafiq tədbirlər görülüb.
Filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxışında 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar AMEA Rəyasət Heyətinin Tədbirlər Planından irəli gələn vəzifələr barədə məlumat verib. O, keçirilməsi planlaşdırılan elmi konfrans və tədbirlərin əhəmiyyətindən danışaraq, onlar barədə məlumat verib.
Rəşad Zülfüqarov, həmçinin, tender yolu ilə 2026-cı ildə nəşri nəzərdə tutulan monoqrafiya və kitablar barədə danışıb. Qeyd edib ki, gələn il üçün, ümumilikdə, 10 elmi kitab və monoqrafiyanın nəşri planlaşdırılır.
İclasda gündəlikdəki digər məsələlər də müzakirə olunub və İsmayıl Hacıyev müvafiq tapşırıqlarını verib.
S.Həsənov
XQ


