AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri professor Raqub Kərimovun yeni əlavələrlə tərtib etdiyi “Baba bəy Şakir. Əsərləri” kitabı çapdan çıxıb. Kitabda yer almış geniş “Ön söz”ün müəllifi də R.Kərimovdur.
Bu barədə XQ-yə institutdan məlumat verilib. Bildirilib ki, XIX əsrin birinci yarısında yaşayıb-yaratmış Baba bəy Şakir (1778-1845) ədəbiyyat tariximizə Azərbaycan satirik poeziyasının formalaşması və inkişafında xüsusi rola malik sənətkar kimi daxil olub. Kitabda şairin günümüzə qədər məlum olan şeirləri ilə yanaşı, yeni tapılan şeirləri də verilib.
Yeni nəşrin rəyçisi akademik Teymur Kərimli, redaktoru dosent Əli Məmmədbağıroğludur.

