III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin tarixi çıxışı Azərbaycanın postkonflikt iqtisadi siyasətinin yalnız strateji konturlarını deyil, həm də onun düşünülmüş, mərhələli və dərin dövlətçilik fəlsəfəsinə əsaslanan inkişaf modelini nümayiş etdirdi. Bu model dövlətin iqtisadi planlaşdırmada təkcə mövcud imkanlara deyil, geosiyasi reallıqlara, resursların dayanıqlı istifadəsinə, beynəlxalq iqtisadi tərəfdaşlığın şaxələndirilməsinə və texnoloji transformasiyaya əsaslanaraq qərar verməsini təsdiqləyir.
Prezidentin nitqi klassik “siyasi proqram” anlamından çox, yeni sürətlə dəyişən dünyada modernizasiyanın manifesti funksiyasını yerinə yetirdi. Azərbaycanın bu gün həyata keçirdiyi iqtisadi modelin əsas sütunu – “transformativ dövlətçilik” yanaşmasıdır. Bu konsepsiyaya görə, dövlət təkcə mövcud iqtisadi strukturların idarəçisi deyil, struktur yaradan, sosial-iqtisadi dinamikanı formalaşdıran və onu geoiqtisadi kontekstdə qlobal miqyasda əlaqələndirən əsas aktordur. Prezident İlham Əliyevin çıxışı məhz bu fəlsəfənin canlı nümunəsidir.
Azərbaycanın postkonflikt gələcəyi: Forumdan görünən perspektivlər
III Şuşa Qlobal Media Forumu yalnız informasiya mühitinin rəqəmsal transformasiyası, süni intellektin mediaya təsiri və ya qlobal media dayanıqlılığı mövzularında müzakirələrin aparıldığı platforma deyil. Bu Forum, əslində, Prezident İlham Əliyevin nitqi ilə ölkənin gələcək iqtisadi inkişaf trayektoriyasının intellektual baxımdan əsaslandırıldığı və dünyaya bəyan edildiyi strateji “beyin mərkəzi” funksiyasını daşıdı. Həmin çıxış Azərbaycanın bu gün və gələcəkdə hansı beynəlxalq mövqeləri hədəflədiyini aydın şəkildə ortaya qoydu. Əsas məqamlar aşağıdakılardır:
Transformativ dövlətçilik: müasir iqtisadiyyatın əsas aktoru
İlham Əliyevin nitqi dövlətin yalnız iqtisadi infrastruktur deyil, həm də sosial kapital, intellektual resurs və strateji etimad üzərində qurduğu kompleks və mərhələli inkişaf yanaşmasının ideoloji və praktiki əsaslarını ortaya qoydu. Burada xüsusi diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur kimi ərazilərin reinteqrasiyasına, enerji və nəqliyyat layihələri ilə regional qovşağa çevrilməsinə, habelə “yaşıl iqtisadiyyat” və rəqəmsal texnologiyalar vasitəsilə bilik və innovasiya əsaslı iqtisadiyyata keçidinə yönəlmişdir.
Forumda təqdim olunan yanaşma göstərdi ki, Prezidentin liderliyi ilə formalaşan iqtisadi çərçivə yalnız bərpa mərhələsindən ibarət deyil, həm də dövlətçilik fəlsəfəsinin sosial-iqtisadi əksi, başqa sözlə desək, güc, dayanıqlılıq və qlobal proyeksiya fenomenidir. Bu modeldə dövlət iqtisadi proseslərin tənzimləyicisi olmaqla yanaşı, böhranlara qarşı davamlı institusional platforma və geoiqtisadi oyunçu kimi çıxış edir.
Daha geniş anlamda, bu çıxış Azərbaycanın transformativ inkişaf strategiyasının məntiqi davamıdır: burada neft dövrünün kapitalını strateji planlama və yüksək əlavə dəyər yaradan sahələrə yönəltmək, postmünaqişə dövründə qlobal oyunçularla praqmatik tərəfdaşlıq qurmaq və ən əsası, qazanılan Zəfəri uzunmüddətli iqtisadi və institusional qələbəyə çevirmək əsas prinsiplər kimi müəyyənləşdirilmişdir.
Zəfərdən inkişafa: postmünaqişə dövrünün modeli
Forumda Prezident İlham Əliyevin çıxışı, əslində, müasir dövlətin postmünaqişə dövründə necə yenidən qurulmalı olduğuna dair nəzəri və praktiki çərçivəni təqdim etdi. Burada İlham Əliyevin iqtisadi baxışı klassik resursyönümlü inkişaf modelini aşaraq, sinerji əsaslı çoxsahəli inteqrasiya modelinə əsaslanır. Bu modelə görə, bərpa olunan enerji, nəqliyyat infrastrukturunun qlobal dəhlizlərə inteqrasiyası, rəqəmsal iqtisadiyyat, sosial kapital və etimad paralel şəkildə inkişaf etdirilir.
Bunun kökündə dövlətin müvəqqəti böhranlar qarşısında reaktiv deyil, təşəbbüskar və proaktiv davranması, uzunmüddətli məqsədləri qısamüddətli mənfəətə qurban verməməsi dayanır. Prezidentin Forumdakı vurğuları göstərdi ki, Azərbaycan modeli — işğalın ağır mirasını tarixi yaddaşda qoruyaraq, onu iqtisadi inkişaf və regional reinteqrasiya ilə əvəzləyən nadir və uğurlu bir transformasiya nümunəsidir.
Bunun əsası odur ki, Azərbaycanın postmünaqişə inkişaf modeli fərqli nəzəriyyələrin sintezinə əsaslanır. Fridrix List “Milli iqtisadiyyatların müdafiəsi” nəzəriyyəsində göstərir ki, ölkələr öz inkişaf yollarını xarici güclərin açıq bazar diktələrindən qorumaq üçün milli iqtisadi quruculuğa və dövlət himayəsinə ehtiyac duyurlar. Azərbaycanın “yaşıl enerji”, nəqliyyat və informasiya texnologiyalarında yaratdığı daxili ekosistem bu yanaşmaya cavab verir. Amartya Senin “İnkişaf azadlıqdır” yanaşmasına görə, inkişafın məqsədi, yalnız iqtisadi artım deyil, insanların seçim azadlığının, imkanlarının və sosial iştirakının genişlənməsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən müasir sosial-iqtisadi infrastruktur layihələri bu fəlsəfənin iqtisadi təzahürüdür.
İlham Əliyevin çıxışı bu klassik nəzəriyyələrin çağdaş birləşməsini – yəni, güclü dövlət, inklüziv iqtisadiyyat və beynəlxalq konstruktiv etimad formatını reallığa çevrilmiş formada təqdim etdi.
Tarixən münaqişlərə məruz qalmış müxtəlif ölkə təcrübələri göstərir ki, postkonflikt dövrlərində iqtisadi inkişafın ən ciddi problemi dövlətlərin resurs ayırmaqla bərpa mexanizmini yaratması deyil, həmin mexanizmin institusional və ictimai etimada əsaslanan uzunömürlü sistemə çevrilməsidir. Azərbaycan isə bu modeldə dövlət, cəmiyyət və bazar “üçlüyü” arasında real və sabit sinxronluq yaratmağa müvəffəq olmuşdur. Nəticə etibarilə, Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışı Azərbaycanın iqtisadi sistemində “postkonflikt rasionalizmi” deyilən bir yanaşmanın bünövrəsini əks etdirir. Bu, eyni zamanda, Azərbaycan dövlətçiliyinin çağdaş izahıdır: yəni, Zəfərdən inkişafa qədər formalaşmış strateji ardıcıllıqdır.
Tarixdən dərs: postkonflikt modernizasiya nəyi tələb edir?
Dünyanın müxtəlif bölgələrində postkonflikt bərpa proseslərinə nəzər salsaq, görərik ki, iki nümunə diqqətəlayiqdir. Bunlardan biri Bosniya-Herseqovinadır. Deyton sülh sazişindən sonra 10 il ərzində Avropa Birliyi və BMT-nin dəstəyi ilə təxminən maliyyə yardımı ayrıldı. Lakin bu yardımlar yerli idarəetmənin institusional zəifliyi səbəbilə davamlı iqtisadi sistem yaratmağa imkan vermədi. Digər nümunə kimi, Ruanda soyqırımından sonra Prezident Pol Kaqamenin liderliyi ilə inkişafyönümlü model (“2020-ci ilədək baxış” layihəsi) həyata keçirildi. Nəticədə, iqtisadiyyat orta hesabla hər il 7 faiz artdı, texnologiya, turizm və s. sahələrdə mühüm nəticələr əldə olundu.
Bu təcrübələr göstərir ki, postmünaqişə dövründə iqtisadi uğurun açarı yalnız donor dəstəyi və ya kapital axını deyil. Dövlətin transformasiya qabiliyyəti, liderin strateji ardıcıllığı müəyyən etmək və institusional quruculuq bacarığı əsas amillərdir. İlham Əliyevin çıxışı məhz bu baxımdan Azərbaycan modelinin müstəqil, milli və rasional əsaslara söykəndiyini aydın şəkildə nümayiş etdirdi.
Qarabağ və Şərqi Zəngəzur: büdcə yükündən iqtisadi lokomotivə
Prezident İlham Əliyevin Forumdakı nitqi resurs zənginliyinin ağıllı idarəetmə ilə necə strateji üstünlüyə çevrilə biləcəyini aydın formada göstərdi. Qarabağın işğaldan azad edilməsi ilə bərabər başlayan bərpa və innovasiya dövrü artıq yalnız dövlət investisiya proqramları ilə deyil, həm də özəl sərmayələr, xüsusi iqtisadi zonalar və “yaşıl enerji” layihələri ilə strukturlaşır.
Prezident İlham Əliyev çıxışında açıq şəkildə göstərdi ki, Azərbaycanın Qarabağda apardığı işlər, ilk növbədə, sistemli bir strateji iqtisadi bərpa aktıdır. Postkonflikt regionların inkişafı ilə bağlı dünya təcrübəsində – məsələn, Ruanda, Bosniya və ya Kosovoda – iqtisadi reinteqrasiya çox vaxt gecikmiş və dayanıqsız formada aparılmışdı. Azərbaycan isə bu prosesə “sabitlik+innovasiya+enerji bərpası” formatında start verərək, postkonflikt regionların iqtisadi yenidənqurulmasında müstəqil və intellektual yol seçmişdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, 2021-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, infrastrukturun qurulması və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi məqsədilə təxminən 19 milyard manat məbləğində dövlət vəsaiti ayrılmışdır. 2025-ci il üçün isə əlavə olaraq 4 milyard manat vəsaitin yönəldilməsi planlaşdırılır ki, bu da prosesin davamlılığını və genişlənməsini təmin edir.
Bərpa strategiyasının enerji komponenti də xüsusilə diqqətəlayiqdir. Bu çərçivədə 280 MVt gücündə su elektrik stansiyasının istifadəyə verilməsi, yalnız daxili tələbatı ödəməklə kifayətlənməyib, eyni zamanda, bölgənin potensial enerji ixracatçısı kimi formalaşmasına zəmin yaradır.
Nəticə etibarilə, Qarabağ artıq uzun illər davam edən münaqişədən sonra dövlət büdcəsindən maliyyələşən bir ərazi deyil, öz resursları, istehsal potensialı və infrastruktur imkanları ilə iqtisadi töhfə verən, inteqrasiya olunmuş iqtisadi məkana çevrilməkdədir. Bu rəqəmlər eyni zamanda Con Bellamy Fosterin “yaşıl kapitalizm”i ilə milli modelin uyğunluğunun göstəricisidir. Belə yanaşma enerji suverenliyini artırmaqla yanaşı, xarici investisiya və texnoloji transferlər üçün də mühüm platforma yaradır.
Zəngəzur dəhlizi: Regional tranzitdən qlobal iqtisadi arteriyaya
İlham Əliyevin çıxışında xüsusi yer ayırdığı Zəngəzur dəhlizi iqtisadi və strateji baxımdan yalnız regional əlaqə vasitəsi deyil. O, həm də klassik iqtisadi nəzəriyyədə “pozitiv eksternalitetlər yaradan marşrutlar” konsepsiyasına (Paul Kruqman, Yeni iqtisadi coğrafiya) tam cavab verir. Bu dəhliz Qafqaz−Mərkəzi Asiya−Avropa makrozonasında yeni iqtisadi nizam arteriyasıdır. Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Aralıq dənizi limanlarını, hətta Çindən Avropaya qədər uzanan logistika zəncirlərini birləşdirən yüksək sinerjili bir sistemdir. Azərbaycanın təşəbbüs ilə həyata keçirilən Zəngəzur dəhlizinin ilkin mərhələdə 15 milyon ton yük potensialı yalnız region üçün deyil, Avropa və Asiya üçün də strateji enerji və logistika alternatividir.
Prezidentin qeyd etdiyi kimi, bu dəhliz təkcə Azərbaycanı Naxçıvanla deyil, Türkiyə, İran, Mərkəzi Asiya və Avropa ilə rəqəmsal və enerji əsaslı nəqliyyat əlaqələri ilə birləşdirəcək. Bu kontekstdə Zəngəzur dəhlizi artıq bir coğrafi yol yox, iqtisadi inkişaf vektorudur – ticarətin liberallaşdırılması, gömrük inteqrasiyası və rəqəmsal ticarət axınlarının sinxronlaşmasını təşviq edən bir platformaya çevriləcəkdir.
COP29: “yaşıl güc”ün yeni məzmunu
COP29-un irsi, Prezident Əliyevin qeyd etdiyi kimi, yalnız ekologiyaya yönəlmiş təşəbbüs deyil, həm də qlobal ədalət və resursun ədalətli bölgüsü ideyasının iqtisadi formullaşdırılmasıdır. İlham Əliyevin COP29-un irsinə verdiyi əhəmiyyət, Azərbaycanın artıq yalnız “faydalı qazıntı ölkəsi” stereotipindən çıxaraq qlobal yaşıl transformasiyanın fəal təşəbbüskarına çevrildiyini nümayiş etdirir. Tomas Pikettinin “Qlobal Cənub və Şimal arasında resurs ədalətsizliyi” nəzəriyyəsinə uyğun olaraq, COP29 zamanı 6-cı maddə (karbon bazarları) üzrə razılaşmanın əldə olunması və inkişaf etməkdə olan ölkələrə ayrılan maliyyə yardımının 3 dəfə artırılaraq 300 milyard ABŞ dollarına çatdırılması Azərbaycanın “ekoloji irəliləyiş”də əsas oyunçu kimi yüksəlidiyini təsdiqləyir.
Bu yanaşma “Yaşıl dövlətçilik” (“Green Statecraft”) konsepsiyasının milli miqyasda realizə olunmasının əyani göstəricisidir. Əgər əvvəllər Azərbaycan yalnız enerji resursları ilə tanınırdısa, indi artıq ekoloji etimad və beynəlxalq iqlim etikasının qurucusu kimi çıxış edir.
Bilik iqtisadiyyatı: süni intellektə strateji yanaşma
Forumda texnoloji və rəqəmsal inkişaf istiqamətindəki fikirlər isə Prezidentin gələcək iqtisadi strategiyasının təbii resursdan intellektual resursa transformasiyasını təsdiqlədi. İlham Əliyevin vurğuladığı kimi, süni intellekt və informasiya texnologiyaları sahəsində aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq artıq başlanmışdır və bu, “ənənəvi iqtisadiyyat + innovasiya” hibrid modelinin əsasını təşkil edir. Beləliklə, Prezidentin vurğuladığı kimi, Azərbaycanın iqtisadi prioritetləri artıq faydalı qazıntıların kənarında, yüksək texnologiyalar – xüsusilə də rəqəmsal transformasiya, süni intellekt və informasiya təhlükəsizliyi sahələrində cəmləşir.
Nümunə olaraq, Estoniya və Sinqapur kimi ölkələr “Rəqəmsal Cəmiyyət” (Digital Nation) modelinə keçid zamanı informasiya suverenliyini iqtisadi suverenliklə birləşdirmişdilər. Azərbaycan isə, eyni zamanda, regional media dayanıqlılığı və informasiya təhlükəsizliyi sahəsində regional mərkəzə çevrilmək potensialını ortaya qoyur.
Rəqəmlərə əsaslansaq, son üç ildə Azərbaycanın İT sektorunda yaradılan əlavə dəyər orta hesabla hər il 14.4 faiz artım nümayiş etdirmişdir, Körfəz ölkələri və Mərkəzi Asiya isə İT xidmətləri ixracında əsas bazarlar kimi çıxış edir. Bu, intellektual istehsalın yeni ixrac növü olduğunu göstərir. Eyni zamanda, ölkə daxilində rəqəmsal savadlılıq və informasiya təhlükəsizliyi sahələrində yeni konseptual yanaşmalar hazırlanır.
Bu yanaşma, “İnformasiya iqtisadiyyatı + rəqəmsal inkişaf” konsepsiyasını nəzərdə tutur. Yəni, informasiya və texnologiya sahələrindəki inkişaflar dövlətin iqtisadi təsirini artırmaq üçün istifadə etdiyi “yumşaq güc”ün (soft power) rəqəmsal formasına çevrilir. Başqa sözlə, rəqəmsal alətlər vasitəsilə ölkə beynəlxalq səviyyədə təsir və nüfuz qazandıqca, bu, onun iqtisadi gücünü də artırır.
Etimad əsaslı liderlik: Regionaldan qlobal iqtisadi tərəfdaşlığa
Prezidentin çıxışında xüsusilə diqqətəlayiq olan yanaşma etibarlı tərəfdaşlıq və qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli iqtisadi əməkdaşlıq modelidir. İlham Əliyev həm region dövlətləri ilə (Türkiyə, Gürcüstan, Özbəkistan və s.), həm də qlobal güclərlə (Çin, AB, ABŞ) münasibətlərdə praqmatik və dayanıqlı əlaqələrin iqtisadi nəticə verən əsas siyasət olduğunu nümayiş etdirdi.
Məsələn, iqtisadi islahatlar çərçivəsində bu gün ölkənin xarici borcunun ümumi daxili məhsula nisbətinin 6.9% olması, yoxsulluğun 49%-dən 5%-ə endirilməsi, beynəlxalq iqtisadi reytinqlərdə ən qabaqcıl mövqelərdə qərarlaşma, habelə aparıcı iqtisadi güclərlə enerji və “yaşıl keçid” üzrə strateji sazişlər imzalaması bu etibarın iqtisadi göstəriciləridir. Eləcə də, Dövlət Neft Fondunun çevik və şəffaf idarəetməsi ilə ölkədə maliyyə sabitliyi və iqtisadi təhlükəsizlik uğurla qorunur. Bu göstəricilər ölkəmizin yeni iqtisadi inkişaf modelinin makrostabillik + geoiqtisadi təşəbbüskarlıq əsaslı olduğunu göstərir.
Beş strateji sütun: Yeni iqtisadi modelin arxitekturası
İlham Əliyevin çıxışında təqdim olunan yanaşma Azərbaycanın inkişaf strategiyasının strukturlaşdırılmış və məqsədyönlü modelə əsaslandığını göstərir. Bu modelin beş əsas sütunu ölkənin uzunmüddətli inkişafını təmin etmək üçün qarşılıqlı əlaqəli və bir-birini tamamlayan sahələrə diqqət yetirir. Hər bir sütun ölkənin sosial-iqtisadi sabitliyini, geoiqtisadi mövqeyini və gələcəkdə inkişaf perspektivlərini gücləndirməyə yönəlmişdir:
1. Sabitlik və təhlükəsizlik: Bu sütun dövlətin işğaldan azad edilmiş ərazilərdə təmin etdiyi sülhə və sabitliyə əsaslanır. Sülh və sabitlik ölkənin daxili inkişafını təmin etmək, xarici investorlar üçün cəlbedici mühit yaratmaq və sosial rifahı qorumaq üçün vacibdir.
2. Enerji və nəqliyyat suverenliyi: Zəngəzur dəhlizi, müasir infrastrukturlar və yaşıl enerji istehsalı ilə ölkənin strateji mövqeyinin gücləndirilməsi bu sahənin əsas məqsədidir. Azərbaycanın enerji və nəqliyyat sahələrindəki suverenliyi onun regional və qlobal geoiqtisadi nüfuzunu artırır.
3. Rəqəmsallaşma və texnologiya: Süni intellekt və İT sektorunda aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq və rəqəmsal media mühitinin inkişafı ölkə iqtisadiyyatını müasir texnologiyalarla inteqrasiya etməyə və qlobal rəqabətə uyğunlaşdırmağa yönəlir. Bu yanaşma həm də rəqəmsal iqtisadiyyatın inkişafını təmin edir.
4. Çoxvektorlu iqtisadi əməkdaşlıq: Azərbaycanın Çin, ABŞ, Avropa İttifaqı, Türkiyə və İslam dünyası ilə balanslaşdırılmış və strateji iqtisadi əməkdaşlıq qurması ölkənin beynəlxalq aləmdə nüfuzunu artırır. Bu yanaşma ölkənin müxtəlif regional və qlobal maraqları önləyən iqtisadi siyasət yürütməsini təmin edir.
5. İnsan kapitalı və sosial inklüzivlik: İşğaldan azad edilmiş ərazilərdə müasir sosial-iqtisadi infrastruktur quruculuğu və Böyük Qayıdış proqramları ilə sosial inklüzivlik və insan kapitalının inkişafı nəzərdə tutulur. Bu sahə sosial sabitliyi və ölkə vətəndaşlarının rifahını gücləndirir.
Bütün bu yanaşma “məqsədyönümlü dövlət” (mission-oriented state) modelinə uyğun gəlir. Mariana Mazzukato tərəfindən təklif olunan bu modeldə dövlət yalnız tənzimləyici rol oynamır, eyni zamanda innovasiyanı təşviq edən, resursları strateji istiqamətləndirən və gələcəyin bazarlarını formalaşdıran əsas iqtisadi aktor kimi çıxış edir. Bu yanaşma, Azərbaycanın həm iqtisadi, həm də sosial inkişafında dövlətin mərkəzi rolunu vurğulayır və gələcəkdə uğurlu və davamlı inkişafı təmin etməyə yönəlmişdir.
Nəticə: Strateji liderlik və zamanı irəlidən görmək bacarığı
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın ağıllı, mərhələli və davamlı transformasiya modelinə əsaslanan inkişaf trayektoriyasını nümayiş etdirdi. Bu çıxışda ölkənin postmünaqişə dövründə artıq post-sənaye mərhələsinə keçdiyi, yəni rəqəmsal, “yaşıl” və bilik əsaslı iqtisadi modelə yönəldiyi vurğulandı.
Əgər əvvəllər Azərbaycan münaqişədən çıxan ölkə kimi tanınırdısa, bu gün o, sülhün və sabitliyin daşıyıcısı, enerji təhlükəsizliyinin aparıcı aktoru və intellektual iqtisadi modelin qurucusudur. Prezidentin strateji yanaşması göstərir ki, uğurlu iqtisadi inkişaf yalnız mövcud alətlərlə deyil, eyni zamanda, qabaqlayıcı düşüncə və gələcək tendensiyaları əvvəlcədən görmək bacarığı ilə mümkündür.
Forumda təqdim olunan iqtisadi baxış sübut edir ki, Azərbaycanın inkişafı enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, yaşıl enerji və insan kapitalı sahələrində proaktiv siyasətə əsaslanır. Süni intellekt və yaşıl keçid kimi sahələrə inteqrasiya isə ölkəni müasir texnoloji iqtisadi modelə doğru aparır.
Prezident İlham Əliyevin çıxışı yalnız davamlı inkişafı deyil, strateji və təhlükəsiz inkişaf modelini də önə çəkir. Bu baxış Azərbaycanın gələcək onilliklər üzrə iqtisadi inkişaf xəritəsini müəyyənləşdirir. Liderliyin əsas uğur düsturu isə “zamanı qabaqlamaq”, yəni çağırışlardan əvvəl strategiya qurmaq, proseslərdən əvvəl mövqe tutmaq və nəticələrdən əvvəl model yaratmaq bacarığıdır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, ölkənin iqtisadi inkişafında və qlobal nüfuz qazanmasında bu faktorlar mühüm rol oynamışdır. Ölkə liderinin belə yanaşması XXI əsrin ən effektiv idarəetmə meyarlarından biri kimi Azərbaycanın iqtisadi yüksəlişini təmin edən mühüm sütundur.
Şaiq Adıgözəlov,
iqtisad üzrə fəlsəfə doktoru