Düşüncələrdə daşlaşmış millətçilik zəhəri

post-img

Qonşuluğa xəyanət və tarixi cinayət etimada yer qoymayıb

Dante Aligyeri yaradıcılığının zirvəsi sayılan “İlahi komediya” əsərində xəyanəti cəhənnəmin ən dərin qatına yerləşdirir və onu cəmiyyətə yönəlmiş ciddi təhdid olduğunu qeyd edir. Xəyanəti etimadın itirilməsi kimi təsvir edən dahi italyan yazıçısı əsərində mənfur niyyətlərin zamanla əsl mahiyyətinin üzə çıxdığını vurğulayır.

Bu ümumbəşəri reallıqla Azərbaycan çağdaş tarixində üzləşməli oldu. Ölkəmizin Ermənistanla uzun illər sülh danışıqları aparmasına, təkcə Bakının deyil, beynəlxalq təşkilatların da ona torpaqlarımızdan könüllü çıxmağı tövsiyə etmələrinə baxmayaraq, xəyanətkar düşmən dialoqa açıq mövqeyimizdən özünün işğalçılıq planlarını həyata keçirmək üçün istifadə etdi. Halbuki Azərbaycan heç vaxt müharibənin tərəfdarı olmayıb. Prezident İlham Əliyev sonda müharibənin qaçılmaz olacağını bildirsə də, onlar bu acı reallığı qəbul etmədilər. Rəsmi İrəvan hesab edirdi ki, arxalarında duran böyük dövlətlərin dəstəyi, aldığı silahlar, maliyyə yardımı hər zaman onu qoruyacaq. Sülhməramlı mövqeyimizi düzgün qiymətləndirə bilməyən ermənilər 2020-ci il sentyabrın 27-də cəbhəboyu genişmiqyaslı təxribatlara əl atdılar. Qarşılığında Azərbaycan Ordusu düşmənə çevik və güclü cavab verdi, cəmi 44 gün ərzində işğalçını əbədi məğlubiyyətə uğratdı.

Zəfərimizdən sonra da Azərbaycan Ermənistana şans verdi. Amma mənfur düşmən bu şansın əhəmiyyətini dərk edə bilmədi. Prezident İlham Əliyevin sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü zamanı səsləndiyi fikirlər bunu bir daha təsdiqlədi: “Hətta İkinci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin, Azərbaycan qanunlarına tabe olun, gəlin, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq, mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara son dərs oldu. Hamıya dərs oldu”. Bəli, əfsuslar olsun ki, revanşistlər İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etmək istəmirdilər. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxmadı, əksinə, qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi və ərazidən çıxarılması məsələlərinə laqeyd yanaşdı. Bütün bunlar kifayət etmirmiş kimi, Ermənistan qanunsuz silahlı dəstələrin təminatını davam etdirir, Qarabağa silah-sursatla yanaşı, minaların daşınmasına şərait yaradırdı. Eyni zamanda, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerləşən ərazilərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının fəaliyyəti gücləndirilir, yollar və ərazi yenidən minalanırdı. Onların məqsədi sülhün bərqərar olmasını ləngitmək, bölgədə qeyri-sabitlik yaratmaq və beynəlxalq hüququn aliliyini tapdamaq idi. Bütün bunlar 2023-cü ilin sentyabr ayında həyata keçirilən çevik antiterror tədbirlərini zərurətə çevirdi. Həmin tədbirlər göstərdi ki, düşmənin mənfur niyyətləri heç vaxt uğur qazana bilməz. Həm hərbi, həm də hüquqi baxımdan planlaşdırılmış antiterror tədbirləri xalqımızla yanaşı, beynəlxalq ictimaiyyətə mesaj oldu. Bu yerdə dahi Dantenin “xəyanətkarlar ağır cəzalara məhkumdur” postulatının özünü doğrultduğunu demək yerinə düşər.

Lokal antiterror tədbirlərindən sonra Azərbaycan Qarabağdakı erməni əhalinin bölgədə qalmasının mümkünlüyünü açıq şəkildə bəyan etdi. Dövlətimiz onların təhlükəsiz yaşayışının təminatı üçün bütün lazımi zəmanətləri verdi, infrastrukturun bərpası, həyat şəraitinin normallaşdırılması və humanitar dəstək istiqamətində addımlar atdı. Hətta onlayn müraciət və qeydiyyat portalı yaradıldı. Amma Paşinyan hökuməti bunun qarşısını aldı. Rəsmi Bakının reinteqrasiya təklifinə razı olmayan ermənilər bölgəni tərk etməyə başladılar. Tarix boyu işğalçı və xain niyyətlərin qurbanları həmişə sadə insanlar olub. Separatçıların və Ermənistan rəhbərliyinin dediklərinə inananlar, əslində, yad torpaqlarda məskunlaşaraq uzun illər çətinliklərlə üzləşdilər. Onlar anlamaq istəmirdilər ki, etimadsızlıq, manipulyasiya və xaincəsinə qurulmuş planlar yalnız qısa müddət üçün “təhlükəsiz” görünə bilər. Azərbaycanın reinteqrasiya təklifini qəbul etməməklə həm hüquqi, həm də sosial imkanlardan məhrum oldular. Vətəndaşlığı qəbul etsəydilər, tamhüquqlu sakin kimi tanınacaq, seçki hüququndan istifadə edə, dövlət orqanlarında işləyə və hüquqi müdafiə imkanlarından faydalana biləcəkdilər. Bundan əlavə, sosial sığorta, pensiya, təhsil və səhiyyə kimi əsas təminatlardan yararlanmaq da öz yerində. Onlar bundan imtina ilə yalnız imkanlardan məhrum olmadılar, həm də etimadımızı itirdilər. Üz tutduqları Ermənistanda təhlükəsizlik zəmanəti yox, iqtisadi imkanlar məhdud, sosial təminat isə formal xarakter daşıyır. Gündəlik həyatlarını təmin etmək, gələcək nəsillər üçün sabit şərait yaratmaq imkanlarından da məhrum oldular. Onların “ikinci növ erməni” kimi qarşılandıqları Hayastanda əldə etdikləri yalnız qeyri-sabitlikdir. Çünki İrəvanın saxta vədlərinə aldandılar, siyasi manipulyasiyanın qurbanı oldular. Separatçıların aqibəti isə indi hər kəsə bəllidir.

Deyirlər, gedən qatarın arxasınca baxmağa dəyməz. Amma “qarşı tərəf nə itirdi?” sualını cavablamasaq olmaz. Nəfsinin qurbanı olan ermənilər təkcə çörəyimizi, suyumuzu deyil, inam və etibarımızı itirdilər. Həm də birdəfəlik. Çünki onun bərpası, yaxud yenidən qazanılması mümkün deyil.

Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı

Ölkəmiz tarixi ədaləti bərpa edərək torpaqlarını işğaldan azad edib, beynəlxalq münasibətlərdə nümunəvi davranış sərgiləyib. Bu gün dövlətimizin beynəlxalq arenada durmadan artan nüfuzu və tarixi reallıqlar bizi gözü götürməyənlərə qarşı, bir növ, “göz dağı”dır. Prezident İlham Əliyev sentyabrın 15-də Qarabağa səfəri zamanı həm ermənilərə, həm də onların havadarlarına mühüm ismarıclar ünvanladı. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan daim sülh tərəfdarı olmuş, müharibəyə qarşı çıxmışdır. Amma Ermənistan öz xain xislətindən əl çəkmək istəmirdi. Çünki böyük dövlətlər düşmənə silah verir, maliyyə və siyasi dəstək göstərirdilər. Müharibədən sonra bu, açıq göründü. Avropanın bəzi dövlətləri Ermənistanı açıq şəkildə müdafiə edərək bölgəni platsdarma çevirdilər. Fransa prezidenti ermənilərdən də çox ermənipərəst mövqe sərgiləyir, Hindistandan Ermənistana silahlar daşınırdı. Avropa İttifaqının bölgəyə göndərdiyi missiya isə “mülki müşahidə” adı altında fəaliyyət göstərən hərbi kəşfiyyat kontingenti idi. Azərbaycan təkcə Ermənistana qarşı deyil, onun arxasında duran güclərlə də üz-üzə qaldı və qələbə qazandı. Avropa dövlətlərinin bu mövqeyi onların əsl simasını üzə çıxardı. Amma ermənilərin “Böyük Ermənistan” xülyası üzərində qurduqları bütün planlar II Qarabağ müharibəsində məhv edildi. 2023-cü ilin sentyabrında baş tutan antiterror tədbirləri ilə separatizmin tabutuna sonuncu mismar vuruldu. Onlar bundan sonra yaradılan reinteqrasiya şansını da dəyərləndirə bilmədilər.

Azərbaycan Prezidenti iki gün əvvəl Qarabağa səfərində xüsusi vurğuladı ki, Ermənistan Azərbaycan xalqının iradəsini düzgün hesablaya bilmədi. Onlar nə dövlətimizin qətiyyətini, nə xalqımızın birliyini, nə də ölkə başçısının ətrafında sıx birləşən millətin gücünü nəzərə aldılar. Azərbaycanın beynəlxalq nüfuzu da bu qətiyyətin nəticəsi olaraq artmaqdadır. Avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər bunu bir daha təsdiqlədi.

Nəzrin ELDARQIZI
XQ



Siyasət