Yaxud Ermənistanda dövlət rəmzləri ilə bağlı məsələyə sözardı
Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin yayında ölkə parlamentində çıxış edərkən, dövlət gerbi məsələsinə toxunmuşdu. Baş nazir demişdi ki, gerbdə təsvir olunan simvollar müasir Ermənistan dövləti ilə əlaqəli deyil, oradakı bəzi elementlər sual yaradır. Paşinyanın sözlərinə görə, ermənilərin “Ararat” adlandırdıqları Ağrı dağının rəmzi əhəmiyyəti böyükdür. Amma bu rəmzin gerçək və praktiki aspektlərinə müasir Ermənistanın dövlət sərhədləri prizmasında yanaşılmalıdır.
Ölkəsinin gerbinin “real Ermənistan” ilə “tarixi Ermənistan” anlayışı arasında dualizm yaratdığını vurğulayan Nikolun söylədiklərindən gələn başlıca qənaət bu olmuşdu ki, gerbin müasir Ermənistanın kimliyi ilə daha yaxından uyğunluğu üçün onun bəzi rəmzlərinin yenidən nəzərdən keçirilməsi vacibdir. Əlbəttə, baş nazir ehtiyatı əldən verməmiş, bu mövzuda konkret qərara gəlməzdən əvvəl məsələnin açıq müzakirəsinin, xalqın və parlamentin öz fikrini formalaşdırmasının zəruriliyini vurğulamışdı.
Qeyd edək ki, Ermənistanda sözügedən mövzu yenidən gündəmə gəlib və ölkədəki revanşist-şovinst kəsimin təmsilçiləri həmişəkitək Paşinyanı tənqid, hətta təhqir hədəfinə çeviriblər. Məsələ ilə bağlı ucuz populizmə güc verənlərdən biri də ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyandır. O, hökumətin Ermənistanın giriş-çıxış möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq, həmçinin bu təsvirin ümumən dövlət gerbindən götürülməsi ehtimalı ilə bağlı müzakirəyə reaksiya verib, daha doğrusu, hakimiyyətin belə bir qərar vermə ehtimalını pisləyən bəyanatla çıxış edib. Onun sözlərinə görə, ölkə iqtidarının düşüncəsi, sadəcə, rəmzin dəyişdirilməsi deyil, bütövlükdə erməni xalqının kimliyinə, yaddaşına və ləyaqətinə vurulan zərbədir. “Ağrı dağı sadəcə coğrafi obyekt deyil, erməni mədəniyyətində və dünyagörüşündə dərin kök salmış simvoldur”, - deyən Oskanyan özünü nəinki ucuz populizmə kökləyir, avantürizmi də təbliğ edir.
Yada salaq ki, Paşinyan əvvəlki çıxışlarının birində Ağrı dağını nəzərdə tutaraq onu başqa dövlətin ərazisindəki dağ kimi göstərmiş və dolayısıyla dağın təsvirinin Ermənistanın dövlət gerbində mövcudluğunun yolverilməzliyini vurğulamışdı. Oskanyan isə fikirlərini eyni zamanda Nikolun vaxtilə söylədiklərinə cavab kontekstində səsləndirib. Əlbəttə ki, mənasız pafosa üstünlük verməklə: “Ağrı İrəvandan və Ermənistanın bir çox guşəsindən görünür. Onun qarla örtülü zirvələri baxışımıza, yaddaşımıza və təxəyyülümüzə hakimdir. Bizim üçün, ermənilər üçün Ağrı, sadəcə, Türkiyədə yerləşən dağ deyil. Bu, irsimizin ürəyidir. O, Ermənistanın gerbində təsvir olunub, kilsələrin daşlarında həkk olunub, divarlara çəkilib, İrəvandan diaspora qədər hər bir erməni evində mövcuddur”.
Bəli, Oskanyan da haqlıdır. O anlamda ki, həqiqətən, Qarabağ kimi Ağrı dağının saxta nisgili də erməni avantürizminin hərəkətverici qayəsini təşkil edib. Bu yerdə Vardanın dünya ölkələri ilə müqayisə aparması mənasızdır. Çünki onun misal gətirdiyi İrlandiya, Yunanıstan, Hindistan və digər ölkələrin dövlət rəmzlərində həmin ölkələrin müasir sərhədlərindən kənarda yerləşən ərazilərin təsvirlərindən istifadə edilməsi avantürizm üçün əsas yaratmır. Amma məlumdur ki, hay millətçiləri Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası irəli sürürlər və Ağrı dağı məhz həmin iddianın rəmzidir. Əlbəttə, ölkəmizə qarşı təzavüz olmasaydı, heç kəsin ağlına gəlməzdi ki, Ermənistanın dövlət gerbi ilə bağlı fikir bildirilsin.
İndiki durumda belə təəssürat var ki, Paşinyan problemin, bir növ, kökündən həllinə çalışır. O, ölkəsinin dövlət rəmzlərinin də hansı böyük problemlər yaratdığını dərk edən erməni obrazındadır. Axı sadə məntiq var: Bir dövlət başqa dövlətlə normal münasibətlər qurmaq istəyirsə, bunu faydalı sayırsa, deməli, münasibət qurmağa, imkanlarından faydalanmağa çalışdığı ölkəyə hörmətlə yanaşmalıdır. İndi belə bir durum istisnadır və Paşinyanın aradan qaldırmağa səy göstərdiyi də budur. Oskanyan isə baş nazirin istəklərinin reallaşmaması üçün immunitet formalaşdırmaq yolu tutur. Bu yola Ermənistanı yenidən rupora çevirmək mərəzi hakimdir.
Aydındır ki, Ermənistanın özünün müstəqil şəkildə hansısa avantüra gerçəkləşdirmək imkanı yoxdur. Ümumən, hay cəmiyyətinin damarına yeridilmiş avantürizm kənar güclərin siyasi baxışlar sistemindən qaynaqlanır. Hansı güclərin, bu da hər kəsə yaxşı bəllidir və həmin güclər hazırda Ermənistanda hakimiyyəti devirməklə, ölkəni, bütövlükdə erməni varlığını region üçün quduz it qiyafəsində görmək planlarını gerçəkləşdirmək məqsədi güdürlər. Eynilə otuz ilə yaxın müddətdə güddükləri kimi.
Bəli, V.Oskanyan da obrazlı desək, quduz itlərdən olub. Daha doğrusu, onların düşərgəsində yer alıb. Görünür, onun kimilərinə heç bir peyvənd kar eləmir və Vardan bildirir ki, siyasi mühit daha müdrik olsaydı, Ermənistanın tapındığı rəmzlər maneə yox, körpü ola bilərdi. Sabiq nazirin fikrincə, Türkiyənin ermənilərin Ağrı dağı ilə xüsusi bağlılığını tanıması ziddiyyətləri dərinləşdirmək yox, barışığa doğru addım olardı.
Göründüyü kimi, Oskanyan nəinki həyasızılıq edir, eyni zamanda, riyakarlıqla məşğuldur. Məsələ ondadır ki, Vardanın da sıralarında təmsil olunduğu quldur iqtidar otuz ilə yaxın müddətdə nəinki Azərbaycanla, habelə Türkiyə ilə də normal münasibətlərə can atmayıb. Həmin iqtidar Rusiyanın buyruq qulu qiyafəsində davranmaqdan başqa heç bir iş görməyib. Bir anlıq təsəvvürə gətirək ki, Oskanyanı xarici işlər naziri təyin etmiş (eks prezident – red.) Serj Sarkisyan İrəvanın Ankara ilə münasibətlərinin normallaşmasına səy göstərir. O zaman sual olunur: Az qala, ayaqyoluna gedəndə də Rusiyadan icazə istəyən Serjik çoxmu müdrik idi?.. Yox bir, Türkiyə ermənilərin Ağrı dağına bağlılığını tanıyacaqmış. Görəsən, hansı əsasla? Ona görə ki, Oskanyan eramızın 301-ci ilində Ermənistanın xristianlığı qəbul etdiyini bildirib Ağrı dağını dinin rəmzi qismində göstərir?
Sonda onu da bildirək ki, V.Oskanyan kimi siyasi populistlərin düşüncələri Ermənistandakı revanşist və şovinist kəsimin başlıca ideya mənbəyidir. Baxın, keçmiş nazir onu da bildirib ki, “burada söhbət möhürlərdən, gerblərdən və ya sənədlərdən getmir. Söhbət ondan gedir ki, erməni xalqı öz kimliyini qoruya biləcəkmi, yoxsa başqalarının onu redaktə etməsinə imkan verəcək? Öz xalqını diplomatiya naminə dərin rəmzlərdən imtinaya məcbur edən hökumət lider deyil, kapitulyantdır. Ağrı dağı Türkiyədə yerləşir. Amma o, hər zaman erməni xalqının ruhuna məxsus olacaq. Heç bir fərman, heç bir silinmiş möhür, heç bir dəyişdirilmiş gerb bu həqiqəti dəyişməyəcək. Bu həqiqəti unudan hökumət qonşunu sakitləşdirmir, öz xalqını satır”.
Bəli, vardanyanlar normal məntiqdən uzaqdırlar. Onlar qızışdırıcı mövqe tutaraq erməni cəmiyyətindəki xəstə stereotipləri diri saxlamağa cəhd göstərirlər. Onların anlamlarında qonşularla daimi müharibə və mübarizə kimi sərsəmlik var. Elə bir ideya ki, yekun nəticədə Ermənistanı bir dövlət olaraq yer üzündən silmək təhlükəsini daim aktual saxlayır.
Ə.RÜSTƏMOV
XQ