Demokratiyanı maraqlara kim qurban verib: Azərbaycan, yoxsa Qərb?

post-img

Qərb uzun illərdir “demokratiya ixracı” adı altında dünyaya öz ideoloji modelini təqdim edir. Modelin əsas sütunları – insan hüquqları, söz azadlığı, seçki institutları, müstəqil məhkəmə sistemi – ilk baxışda bəşəri tərəqqinin və ədalətin zirvəsi kimi görünür. Ancaq praktikada bu dəyərlər çox vaxt yalnız Qərbin maraqlarına xidmət edən yumşaq güc vasitələrinə çevrilir.

BBC-də dərc edilən “Qaz qarşılığında insan hüquqları?” adlı məqalə məhz bu alətşünas yanaşmanın təzahürüdür. Sözün həqiqi mənasında, məqalə müəllifləri – biri azərbaycanlı, digəri erməni – birləşərək Qərbin seçmə demokratik ritorikasına yeni “etik qidalanma” təqdim etməyə çalışırlar. Lakin bu cəhd nə analitik dərinlik, nə də obyektivlik baxımından ciddi qəbul edilə bilər. Çünki onlar bir tərəfdən Avropa İttifaqının enerji maraqlarını qeyd edir, digər tərəfdən isə həmin maraqlar uğrunda “insan hüquqlarının satıldığını” iddia edirlər. Halbuki bu, jurnalistikadan daha çox, siyasi ittiham aktına bənzəyir.

Ancaq məsələ ondadır ki, Azərbaycan bu münasibətdə nə satıcı, nə də alıcı rolundadır. Azərbaycan, sadəcə olaraq, enerji resurslarını siyasi silaha çevirmədən beynəlxalq bazara çıxarır və bu prosesdə qarşılıqlı maraqlar əsasında münasibətlər qurur. Əgər Qərb bu əməkdaşlığı demokratiyanın zərərinə sayırsa, deməli, özü bu əməkdaşlıqda prinsiplərinə sadiq qalmır.

Bu gün Qərb özü ciddi siyasi transformasiyadan keçir. 2008-ci ildən başlayaraq bir çox Avropa dövlətlərində iqtisadi və sosial qeyri-sabitlik, populizmin yüksəlişi, siyasi institutlara etimadsızlıq dalğası müşahidə olunur. Demokratiyanın öz beşiyində belə zəifləməsi fonunda, digər ölkələrə dərs keçmək artıq ironik görünür. Fransa polis zorakılığı ilə sarsılır, Almaniyada miqrant düşmənçiliyi gündəlik hadisəyə çevrilib. Bütün bunlara rəğmən, Qərb özünü hələ də “mənəvi arbitr” kimi təqdim edir.

Azərbaycan isə yeni dünya düzənində real siyasət yürüdür. Demokratiyanı şüar olaraq deyil, cəmiyyətin təkamülü üçün bir alət kimi qəbul edir. Ən əsası – bu prinsipləri daxili maraqlarla uzlaşdırmağa çalışır.

Qərb mediasının beynəlxalq informasiya məkanındakı hegemonluğu artıq bir sıra suallara yol açır: Onların hegemonluğu tərəfsiz və obyektiv informasiya axını təmin etmək üçündürmü, yoxsa konkret siyasi məqsədlərə xidmət edən “ideoloji montaj xətti” rolunu oynayır? BBC-nin sözügedən məqaləsinə bu baxımdan yanaşsaq çox aydın görünür – Qərb mediası bir çox hallarda reallığı təqdim etmək yox, onu siyasi məqsədlərlə “kodlaşdırmaq” üçün var.

Azərbaycanın guya “avtoritar rejim” kimi təqdim edilməsi, insan haqları ilə bağlı ittihamlar və Qarabağda “etnik təmizləmə” kimi əsassız iddiaların yer alması bu məqsədli informasiya arxitekturasının tərkib hissəsidir. İddialar emosional təəssüratlara əsaslanır. Əgər obyektivlik prinsipinə sadiq qalmaq əsasdırsa, həmin müəlliflər bu qədər cəsarətlə Qarabağda 30 il ərzində azərbaycanlılara qarşı həyata keçirilmiş işğalı, deportasiyanı və mədəni soyqırımı niyə unudurlar? Niyə 1 milyon qaçqın və məcburi köçkünün hüquqları onların yazılarında öz əksini tapmır?

Bütün bunlar seçmə empatiyadır – yəni kiminsə ağrısını görmək, başqasınınkını isə görməzdən gəlmək. Məsələ ondadır ki, Qərb mediası bu ikili standartları təkcə Ermənistan–Azərbaycan kontekstində tətbiq etmir. Demokratiya və insan haqları yalnız Qərbin maraqlarına zidd getməyən ölkələrdə təriflənir. Əgər bir ölkə öz müstəqil kursunu seçirsə və bu kurs Qərbin maraqları ilə üst-üstə düşmürsə, dərhal “avtoritar”, “insan haqları pozucusu” kimi etiketlənir. Azərbaycan da artıq “itaətkar periferiyadan” çıxaraq “regional güc mərkəzinə” çevrilir və bu, “Qərbin postkolonial siyasətində” qəbul edilməyəcək yenilikdir.

Qərb mediası bu narahatlığı öz informasiya hegemonluğu vasitəsilə amortizasiya etməyə çalışır. BBC-nin məqaləsi də bu strategiyanın parçasıdır: Azərbaycanın legitim mövqelərini gözdən salmaq, onun beynəlxalq nüfuzunu zədələmək və enerji əməkdaşlığı kontekstində Avropa ictimai rəyində şübhələr yaratmaq. Lakin artıq XXI əsrdə informasiya plüralizmi bu manipulyasiyaların qarşısını daha effektli şəkildə almağa başlayıb. Azərbaycanın informasiya siyasəti, diplomatik ritorikası və beynəlxalq təşəbbüsləri bu qara rəngləmə kampaniyalarının təsirini ciddi şəkildə neytrallaşdırır.

Qərbin Cənubi Qafqaz siyasətində obyektivlik meyarı çoxdan itirilib. İllərdir ki, regionda mövcud olan ikili yanaşma praqmatik maraqlara əsaslanır. İkili standartların ən açıq-aşkar nümunəsi – Ermənistanla bağlı Qərb ritorikasıdır. Bəs nə üçün Qərb Ermənistana münasibətdə bu qədər tolerant və güzəştli davranır? Əvvəla, Ermənistan Qərbin regionda Rusiya və İran təsirinə qarşı “yumşaq tampon” kimi baxdığı bir məkandır. Coğrafi mövqeyi onu geosiyasi şahmat taxtasında Qərbin manevr nöqtəsinə çevirir.

Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasəti də Qərb tərəfindən ya səssizliklə qarşılanırdı, ya da balanslı və neytral ritorika ilə “konflikt” adı altında gizlədilirdi. Halbuki, bu, beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmətsizlik idi.

Siyasi selektivlik Ermənistanı regionda cəzasızlıq sindromuna düçar etdi. Qərbin dəstəyi ilə formalaşan “etik immunitet” Ermənistan cəmiyyətində və hakim dairələrində yanlış bir illüziya yaratdı – sanki dünyada qəbul olunmuş beynəlxalq hüquq prinsipləri onlara aid deyil. Bütün bunlar 2020-ci ildə baş verən müharibənin, daha sonra 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etməsi ilə yekunlaşan antiterror tədbirlərinin psixoloji köklərində duran əsas faktorlardan biridir. Ermənistan hakimiyyəti reallığı anlamadı, çünki Qərb onu uzun müddət informasiya və siyasi dəstəyi ilə yanlış istiqamətə yönləndirmişdi.

Prosesdə Qərb mediası əsas rollardan birini oynadı. Ermənistan daim “kiçik, əzabkeş xalq, əzilmiş xristian milləti” obrazında təqdim olunurdu. Bu stereotip isə Qərb ictimai rəyində Azərbaycanı “güclü və qəddar müsəlman qonşu” kimi qavramağa zəmin yaradırdı. BBC məqaləsində də bu alt qat açıq hiss olunur: azərbaycanlıların Qarabağda öz suveren hüquqlarını icra etməsi “etnik təmizləmə” adlandırılır, lakin 30 illik işğal dövründə baş verənlər haqqında bir sətir belə yoxdur.

Müasir beynəlxalq münasibətlər sistemində əsl müstəqillik – yalnız ərazi bütövlüyü deyil, həm də qərarların daxili maraqlara uyğun şəkildə qəbul edilməsidir. Azərbaycan məhz bu istiqamətdə son illər ardıcıl və prinsipial bir xətt yürüdür. Azərbaycanın Qərb üçün “problematik ortağa” çevrilməsinin əsas səbəbi – onun Qərbin strateji maraqları ilə hər zaman üst-üstə düşməyən siyasi kurs yürütməsidir. Məsələn, Bakı Moskva ilə də, Ankara ilə də, Brüssel və Pekinlə də paralel və praqmatik əməkdaşlıq siyasəti aparır. Heç bir tərəf ilə qəti bağlılıq və ya mütləq asılılıq yaratmadan balanslaşdırılmış diplomatiya formalaşdırır. Bu isə Qərbin post-sovet məkanında öyrəşdiyi “bloklaşmış vassal münasibətləri” şablonuna uyğun gəlmir. Qərb, xüsusilə də Avropa İttifaqı və ABŞ, qarşısında ya tam loyal, ya da açıq şəkildə düşmən aktorlar görməyə öyrəşib. Amma Azərbaycan bu ikili şkalaya sığmayan üçüncü modeldir – nə marionetdir, nə də konfrontasiya tərəfdarı.

Azərbaycanın balanslı mövqe tutması ona strateji əhəmiyyətli imkanlar qazandırıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində həlledici rola malik olmaq, Şərq–Qərb ticarət yollarında əsas tranzit ölkəyə çevrilmək, regional münaqişələrin diplomatik həlli üçün etibarlı vasitəçi statusu qazanmaq – bütün bunlar müstəqil xarici siyasətin məntiqi nəticələridir.

XXI əsrin ilk rübü tamamlanarkən qlobal güc balansında artıq dönməz xarakter almış struktur dəyişiklikləri müşahidə olunur. Dəyişikliklər fonunda Qərbin klassik “universal dəyərlər” modeli həm praktikada, həm də nəzəriyyədə ciddi suallar doğurur. Demokratiya artıq tək bir mədəniyyətin diktəsi deyil, müxtəlif sivilizasiyaların öz tarixi, dini və sosial kontekstlərinə uyğun şəkildə yenidən yozduğu siyasi konseptə çevrilir. Azərbaycan bu kontekstdə öncül nümunələrdən biridir. O, nə Qərb təsirinə tam tabe olur, nə də Avrasiya tipli avtoritarizmi mənimsəyir. Bakı müstəqil siyasət yürütməklə Qərbə öz iradəsini qəbul etdirmək gücündə olduğunu sərgiləyir. Enerji diplomatiyası, nəqliyyat-logistika layihələri, Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində beynəlxalq aktivliyi Azərbaycanı Qlobal Cənubun yeni intellektual-siyasi mərkəzlərindən birinə çevirir. Reallıqlar Qərbi yeni dilemma ilə üz-üzə qoyur: ya Azərbaycan kimi ölkələrin daxili suverenliyinə hörmət etməyi, onları “problematik tərəfdaş” kimi deyil, bərabərhüquqlu aktor kimi qəbul etməyi öyrənəcək, ya da geosiyasi və iqtisadi tərəfdaşlıqlarını itirmək riski ilə üzləşəcək.

Yazımızın əvvəlindən davam edən əsas sual – “demokratiyanı maraqlara qurban verən kimdir?” – əslində, çağdaş beynəlxalq münasibətlər sisteminin təməl dilemmasıdır. Son onilliklərdə bu dilemma Qərb siyasətində ən açıq formada müşahidə olunur. Lakin bu dəfə məsələ təkcə dəyərlərin instrumentalizasiyası ilə bağlı deyil – məsələ həm də yeni dünya düzənində hansı aktorun hansı etik çərçivəyə uyğun davranacağı ilə bağlıdır. Burada əsas sual yaranır: Dəyişən dünyada legitimlik haradan doğur?

Azərbaycan bu suala praktiki cavab təqdim edən ölkələrdən biridir. Onun uğuru – müəyyən dəyərləri deklarativ şəkildə təkrarlamaqda deyil, həmin dəyərləri öz tarixi, sosial və təhlükəsizlik reallıqlarına uyğun şəkildə sistemə çevirməkdədir. Siyasi idarəetmə, hüquqi mexanizmlər, insan haqları və azadlıqlar məsələsində Azərbaycan nə Qərbin təzyiqi ilə hərəkət edir, nə də rəqib blokların təsirində qərar qəbul edir.

Bütün bunların fonunda cavab daha qətiyyətlidir: Demokratiyanı maraqlara qurban verən Qərbin özüdür. Çünki dəyərlərindən alət düzəldən, onları selektiv şəkildə tətbiq edən, siyasi təzyiq vasitəsinə çevirən məhz odur. Azərbaycan isə bu dəyərləri daxili quruculuğun tərkib hissəsi kimi anlayır və tətbiq edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət