Türkiyədə Heydər Əliyevin 103-cü ildönümü münasibətilə VI Beynəlxalq Tələbə Simpoziumu təşkil ediləcək

post-img

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə mayın 8-9-da Türkiyənin Bartın şəhərində Bakı Dövlət Universitetinin (BDU) və Bartın Universitetinin İnformasiya və sənəd menecmenti fakültələrinin birgə təşkilatçılığı ilə tələbələrin 6-cı beynəlxalq simpoziumu keçiriləcək.

BDU-dan XQ-yə bildirilib ki, Bartın Universitetinin ev sahibliyi, Türkiyənin İstanbul, Ankara, Hacettepe, Atatürk, Mərmərə, Çankırı Karatekin, Kastamonu, İstanbul 29 Mayıs, İstanbul Mədəniyyət, İzmir Katip Çələbi, Kırıkkale universitetlərinin akademik heyəti və tələbələrinin iştirakı ilə keçiriləcək simpozium “Dəyişən informasiya texnologiyaları və elektron resurslar” mövzusunda təşkil ediləcək. Tədbirdə informasiya və sənəd menecmenti sahəsində əldə olunmuş yeni nəticələr plenar və bölmə iclaslarında gənc tədqiqatçıların iştirakı ilə müzakirə ediləcək, elektron kataloq texnologiyaları sahəsində müasir problemlərin tədqiqi, sahənin aktual məsələlərinin yeni konseptual müstəvidə nəzərdən keçirilməsi, informasiya və sənəd menecmentinin innovativ elmi istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər irəli sürüləcək.

BDU tələbələri simpoziumda ölkəmizin rəqəmsal kitabxana-informasiya resurslarında Ulu Öndər Heydər Əliyevin irsinə və Türk dünyasına dair ədəbiyyatın təhlili, inkişaf dinamikası, elmmetrik şərhi əsasında hazırladıqları təqdimatlarla çıxış edəcəklər. Tədbir çərçivəsində BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşlarının Bartın Universitetinin tələbələrinə mühazirələr oxuması da nəzərdə tutulur.

Daha ətraflı məlumatı linkdən əldə etmək olar.

Elm