AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) 27 mart – Elm Günü münasibətilə “Elm düşüncənin çırağıdır” mövzusunda mərasim keçirilib.
Mərasimi giriş sözü ilə açan Şəki REM-in elmi işlər üzrə direktor müavini, filologiya elmləri dokturu, dosent Kamil Adışirinov Elm Gününün əhəmiyyətindən danışıb, bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib.
Kamil Adışirinov vurğulayıb ki, Elm Günü Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən təsis olunub və ölkədə elmin inkişafına diqqətin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir”, – deyə bildirən direktor müavini belə tədbirlərin alimlər arasında elmi müzakirələrin genişlənməsinə, yeni ideyaların formalaşmasına və təcrübə mübadiləsinə şərait yaratdığını söyləyib.
O, həmçinin qeyd edib ki, xüsusilə gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi və elmi mühitdə fəallığının artırılması gələcək elmi potensialın formalaşmasında mühüm rol oynayır.
Sonra Mərkəzin Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəf doktoru Akif Məmmədli “XIX–XX əsrlərdə Balakənin elm-irfan nümayəndələri” mövzusunda məruzəsini təqdim edərək Azərbaycanın şimal-qərb bölgəsinin, xüsusilə Zaqatala–Balakən ərazisinin elmi-mədəni mühiti barədə məlumat verib.
Azərbaycanın şimal-qərb bölgəsinin zəngin elmi-mədəni irsindən bəhs edən məruzəçi qeyd edib ki, Zaqatala–Balakən bölgəsi tarixən elm və mənəviyyat mərkəzlərindən biri olub. Əcnəbi səyyahların bu ərazi ilə bağlı qeydlərinə istinad edən məruzəçi bildirib ki, bölgə yalnız təbii gözəllikləri ilə deyil, həm də savadlı, ziyalı insanları ilə diqqət çəkib. Bildirilib ki, səyyahların yazılarında yerli əhalinin elmə, kitaba və təhsilə xüsusi maraq göstərdiyi vurğulanır.
Akif Məmmədli Balakəndə mövcud olmuş kitab bağışlamaq ənənəsini xüsusi qeyd edərək, bunun bölgədə elmin yayılmasına mühüm təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, ziyalılar dini və elmi kitabları mədrəsələrə və ya fərdi şəxslərə hədiyyə etməklə maarifçiliyin inkişafına töhfə veriblər. Bu ənənə nəticəsində bölgədə zəngin kitab mühiti formalaşıb.
Məruzədə ərəb əlifbasının Tala xətt növünə də toxunulub. Diqqətə çatdırılıb ki, bu yazı üslubunun bölgədə yayılması burada yazı mədəniyyətinin inkişaf etdiyini və yerli alimlərin xəttatlıq sahəsində də müəyyən nailiyyətlər qazandığını göstərir ki, bu da öz növbəsində elmə və irfana verilən yüksək dəyərin göstəricisidir.
Nəqşibəndi təriqətinin bölgədəki təsirindən də bəhs edən Akif Məmmədli bildirib ki, bu təriqətə bağlı şəxslər həm dini, həm də dünyəvi elmlərin yayılmasında mühüm rol oynayıblar.
Məruzəçi, həmçinin balakənli ziyalıların elmi fəaliyyətinə diqqət çəkərək bu cür əsərlərin bölgədə savad səviyyəsinin yüksək olmasına və elmi düşüncənin inkişaf etməsinə təsirini vurğulayıb, Balakənin zəngin elm və irfan ənənələrinin bu gün də öyrənilməli, tədqiq olunmalı və gələcək nəsillərə çatdırılmalı olduğunu bildirib.
Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ələddin Sultanov “Azərbaycanın XX əsr ərəbşünas alimləri” mövzusunda çıxışında ərəb dilinin tarixi və əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, ərəb dili əsrlər boyu yalnız ünsiyyət vasitəsi deyil, həm də elm, fəlsəfə və mədəniyyət dili kimi böyük rol oynayıb. Xüsusilə orta əsrlərdə Yaxın Şərq və Qafqaz regionunda elmi əsərlərin əksəriyyəti ərəb dilində qələmə alınıb və bu dil beynəlxalq elmi ünsiyyət vasitəsi kimi çıxış edib. Məruzəçi vurğulayıb ki, Azərbaycan alimləri də bu prosesdə fəal iştirak edərək ərəb dilində qiymətli əsərlər yaradıblar.
Məruzədə ərəb dili ilə ivrit dili arasında müqayisə aparılaraq onların hər ikisinin semit dillər ailəsinə aid olduğu, qrammatik quruluş və leksik xüsusiyyətlər baxımından oxşarlıqlar daşıdığı bildirilib. Bununla yanaşı, fonetik sistem, yazı qaydaları və bəzi sintaktik xüsusiyyətlər baxımından fərqli cəhətlər də diqqətə çatdırılıb.
Ələddin Sultanov Azərbaycanın müxtəlif dövrlərdə yetişdirdiyi ərəbşünas alimlər haqqında da ətraflı məlumat verib. O, orta əsrlərdə fəaliyyət göstərmiş Xətib Təbrizi, Səfiyəddin Urməvi, Gəmaləddin Məhəmməd əl-Ərdəbili, Məhəmməd b. Əhməd əl-Hüveyyi, Mahmud əl-Arrani, Məhəmməd əl-Təbrizi əl-Qarabaği və Əbu Məhəmməd əl-Vərəndi kimi alimlərin ərəb filologiyası və dilçilik sahəsində mühüm töhfələr verdiyini qeyd edib.
O, XX əsrdə Azərbaycanda ərəbşünaslığın inkişaf mərhələlərinə toxunaraq bildirib ki, sovet dövründə mövcud ideoloji məhdudiyyətlərə baxmayaraq, bu sahədə ciddi elmi məktəb formalaşıb.
Qeyd edilib ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Azərbaycanda ərəb dilinin tədrisi və inkişafında əsas mərkəzlərdən biri kimi çıxış edib. Bu fakültədə yetişən mütəxəssislər ölkədə ərəbşünaslıq məktəbinin formalaşmasında mühüm rol oynayıblar.
Məruzəçi Professor Ələsgər Məmmədov, professor Malik Mahmudov, akademik Aida İmanquliyeva, akademik Vasif Məmmədəliyev, akademik Gövhər Baxşəliyeva, professor Çimnaz Mirzəzadə və başqaları kimi alimlərin fəaliyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, onların ərəb dili, ədəbiyyatı və tərcümə sahəsində apardıqları tədqiqatlar Azərbaycan şərqşünaslıq elminin inkişafına mühüm töhfə verib.
Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova çıxışında “Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi nəşrləri” mövzusunu ətraflı şəkildə təqdim edərək şöbənin uzun illər ərzində gördüyü elmi-tədqiqat işlərindən və nəşr fəaliyyətindən bəhs edib.
Bildirib ki, şöbə fəaliyyət göstərdiyi dövr ərzində Şəki və ətraf bölgələrin zəngin folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri istiqamətində mühüm işlər həyata keçirib. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində həm regionun, həm də ümumilikdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının təmin olunduğunu söyləyib.
İradə Yusifova qeyd edib ki, nəşr olunan əsərlər yalnız folklor nümunələrinin toplusu deyil, eyni zamanda elmi-tədqiqat xarakteri daşıyaraq dil, etnoqrafiya, tarix və ədəbiyyat sahələrində də mühüm mənbə rolunu oynayır. O, “Şəki folkloru antologiyası”, “Ulularımızdan qalma öyüd-nəsihət və xeyir-dualar”, “Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə” kimi topluların xalq müdrikliyinin, adət-ənənələrin və qədim biliklərin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Məruzədə iki cildlik “Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabının xüsusi yeri qeyd olunub. Bildirilib ki, bu nəşr şəhərin sosial-struktur xüsusiyyətlərini, soy-kök sistemini və yerli adlandırma ənənələrini əks etdirən dəyərli mənbədir. Eyni zamanda “Qədim türk-Oğuz yurdu Oxud” və “Göynük mahalı: ictimai-siyasi, mədəni-tarixi və folkloru” kimi əsərlərin regionun tarixi və etnik köklərinin araşdırılması baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
İradə Yusifova, həmçinin ədəbiyyat və ədəbi mühitlə bağlı nəşrlərdən də bəhs edərək “XX əsr Şəki ədəbi-mədəni mühiti”, “İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı”, “Yaqub Mahirin poetik irsi”, “Şəki ədəbi mühitində Sabir satira ənənələri” kimi kitabların bölgənin ədəbi həyatının öyrənilməsinə mühüm töhfə verdiyini bildirib.
O, vurğulayıb ki, şöbə yalnız yerli folklorla kifayətlənməyərək daha geniş coğrafiyanı da əhatə edən tədqiqatlar aparıb. Bu baxımdan “Azərbaycan və Şimali Amerika hindu folkloru” kimi nəşr müxtəlif xalqların folklorunun müqayisəli şəkildə öyrənilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardır.
İradə Yusifova şöbənin gələcək fəaliyyət istiqamətlərindən danışaraq folklor materiallarının toplanması, rəqəmsallaşdırılması və beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.
Daha sonra Şəki REM-in Gənc alim və mütəxəssislər şurasının sədri Elvin Rüstəmov “Azərbaycanda elmi potensialın gücləndirilməsində gənclər və dövlət siyasəti” mövzusunda məruzəsini təqdim edib.
Bildirilib ki, müasir dövrdə elmin inkişafı birbaşa gənc alimlərin fəallığı, onların elmi-tədqiqatlara cəlb olunması və yaradılan şəraitlə sıx bağlıdır. Azərbaycanda son illər gənclərin elmə marağının artırılması istiqamətində mühüm addımlar atılır, onların beynəlxalq elmi mühitə inteqrasiyası üçün geniş imkanlar yaradılır.
Məruzəçi vurğulanıb ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində gənc tədqiqatçılar üçün müxtəlif qrant proqramları, təqaüdlər və elmi layihələrə qoşulmaq imkanları təmin olunur ki, bu da ölkədə elmi potensialın gücləndirilməsinə və innovativ ideyaların inkişafına şərait yaradır.
Elvin Rüstəmov bildirib ki, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında gənc alimlərin fəaliyyətinin dəstəklənməsi, onların müasir texnologiyalara çıxışının təmin edilməsi və xaricdə təhsil imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən və Azərbaycanın gələcək elmi inkişafının əsas təminatlarından biridir.
Qabil YUSİFOĞLU
XQ






