Mirasımıza təcavüz – Ermənistan, silinmiş tarix və sülh

post-img

İrəvan anlamalıdır ki, mədəniyyət birləşdirici dəyərdir, bölücü yox!

Zaman-zaman Azərbaycana qarşı erməni mədəni mirasının məhvi ilə bağlı ünvanlanmış əsassız ittihamlar bu gün də müxtəlif təzahür formaları ilə gündəmdədir. Bu, Ermənistan və havadarlarının anti-Azərbaycan ritorikasında mühüm yer tutur. İndiki məqamda belə bir ritorikaya üz tutulmasının hansı xoşagəlməz nəticələr doğura biləcəyini sonda diqqətə çatdıracağıq. Hələlik isə...

Əvvəla, Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə vurğuladığı bəzi məqamlara diqqət çəkək. Dövlətimizin başçısı həmin görüşdə hazırda Ermənistan Respublikası adlanan dövlətin tarixi Azərbaycan torpaqlarında qərarlaşdığını, mövcud reallığın sənədlərdə və xəritələrdə əksini tapdığını, dünya ictimaiyyətinin bütün bunları bilməli olduğunu diqqətə çatdırmışdı. “İndi göstərin görək İrəvanın tarixi mərkəzi haradır?”, - kimi ritorik sual səsləndirən ölkəmizin lideri suala özü cavab vermiş və maraqlı məqama toxunmuşdu: “Bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb”. 

Prezident İlham Əliyev oxşar fikri 2025-ci il yanvarın 10-da yerli televziya kanallarına müsahibəsində də səsləndirmişdi. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, yəni mayın 29-da İrəvanın ermənilərə verilməsindən təəssüfünü ifadə edən dövlətimizin başçısı demişdi: “İrəvan qədim Azərbaycan şəhəridir, Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin çoxəsirlik mövcudluğunu təsdiqləyir. Və İrəvan o şəhərlərdəndir ki, sanki orda “köhnə şəhər” yoxdur. Sadəcə ona görə ki, ora Azərbaycan şəhəri olub və o da sökülüb-dağılıb”.  

Məlum olduğu kimi, 1918-1920-ci illərdə o zamankı Ermənistan Respublikası da Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmişdi. Həmin illərdə azərbaycanlılara qarşı qırğınların törədilməsi fikrimizin sübutudur. O dönəmdə Ermənistanda 135 min soydaşımız soyqırımına məruz qalmış, onların yaşadıqları 198 kənd dağıdılmışdı. Erməni daşnak hökumətinin məqsədi Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləmək idi. Daha sonra Qarabağı və Naxçıvanı ələ keçirmək nəzərdə tutulurdu ki, daşnak parlamenti 28 may 1919-cu il tarixli “Birləşmiş Ermənistanın” yaradılması haqqında qərar versin. Beləliklə, Paris Sülh Konfransı fakt qarşısında qalacaq və sözügedən “Birləşmiş Ermənistan” dünya birliyinin üzvü qismində qəbul ediləcəkdi. 

Deməli, haylar İrəvanın onlara paytaxt verilməsi ilə kifayətlənməmişdilər. Sonrakı dövrlərdə xalqımızın yaşadığı acı və məhrumiyyətlər də bunu göstərdi. Erməni
varlığının bədnam əməllərin nişanəsi olan vandalizm aktları, habelə tarixi saxtalaşdırmaq kursu isə özünü azərbaycanlılara məxsus ayrı-ayrı yer adlarının dəyişdirilməsində, yaxud özününkiləşdirilməsi yönümündəki “fəaliyyətdə”, beynəlxalq humanitar hüququn pozulmasında göstərdi. Söhbət 1949-cu ilin Cenevrə Konvensiyalarına, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarına aşkar həqarətdən gedir.

Lakin ermənilər öz əməllərini, bir növ, ört-basdır ediblər. Bu baxımdan Ermənistanın türk-müsəlman abidələrinin saxtalaşdırılması xüsusundakı qəribə metoduna diqqət çəkək. Məsələn, abidələrimiz, bir qayda olaraq, “fars”, “türkmən” və “monqol” abidələri qismində təqdim olunub. Əlbəttə ki, söhbət məhvə məruz qalmayan mədəni irs nümunələrimizdən gedir. Belələrinin sayı isə çox azdır. Məsələn, Göy Məscidi götürək. İndiyədək mövcudluğunu qoruyan bu məbədin İrana məxsusluğu vurğulanır. Ermənistanda Göy Məscidə şiə məscidi və sair adlar qoyanlar tapılır. Halbuki, belə bir iddia cəfəngiyyatdan başqa bir şey deyil və məsələnin üzərinə qayıdacağıq.

Amma Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin
izlərini silmək və ya həmin nümunələri digər xalqların adına çıxmaq cəhdlərinin heç bir faydası yoxdur. Çünki əlahəzrət tarix var. Elə isə nisbətən əvvələ nəzər salaq və bildirək ki, 1827-ci ildə İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən işğal olunmuş və “Erməni vilayəti” yaradılmışdı. O vilayət ki, tərkibinə daxil edilmiş 1111 kənddən yalnız 62-də ermənilər yaşamışdı. Özü də həmin ermənilərin bölgədə məskunlaşmaları hay mövcudluğuna tarixi aspektdən yanaşmağa imkan vermir. Çünki yalnız 14-ü erməni mənşəli ada malik 62 kənddəki ermənilər 1828-ci ilədək köçürülənlər olmuşdular. 

1920-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra türk mənşəli toponimlərin erməniləşdirilməsi daha geniş vüsət almağa başlamışdı. Təkcə 1935-ci ilədək 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adı dəyişdirilmişdir. 1935-ci ildən sonra isə proses tamamilə yeni məcraya qədəm qoymuşdu.

Belə nəticəyə gəlmək olar ki, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarlarının çıxarılmasında azərbaycanlı və türk mənşəli adların dəyişdirilməsinə xüsusi yer verilmişdi. 1935-ci ildən sonra 1938, 1939, 1940-cı illər bu baxımdan fərqlənmişdi. Haylar, sanki, Böyük Vətən Müharibəsinin bitməsini gözləyirlərmiş. Onlar 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə, belə demək mümkünsə, addəyişmə əməliyyatları həyata keçirmişdilər. 

1948-1953-cü illər deportasiyasından sonra isə soydaşlarımızın tarixən ömür sürdükləri yaşayış məntəqələri ləğv edilmişdi. Həmin illərdə onlardan 60-dan çoxunun adı erməniləşdirilmişdir. Ümumən, 1920-1988-ci illərdə 517 türkmənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. 1918-1988-ci illərdə Ermənistan ərazisindəki 254 azərbaycanlı yaşayış məntəqəsi siyahıdan silinmişdir. Onların bəzilərinin əhalisi soyqırımına məruz qoyulmuş, bəzilərininki isə deportasiya ilə üzləşmişdi.

Ötən əsrin 90-cı illərinin statistikası da ortaya dəhşətli mənzərə qoyur. Həmin illərdə Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə ümumilikdə 106 yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Bilavasitə Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə əvvəllər azərbaycanlılara məxsus olmuş 31 yaşayış məntəqəsinə erməni adı verilmişdir. 2024-cü ilədək 717 türk mənşəli inzibati ərazi vahidinin adı dəyişdirilmişdir.

Bəli, erməni avantürizmini şərtləndirən ən mü¬hüm xüsusiyyətlərdən biri bu sayaq vandalizm aktları olub. Avantürizmin qədim Azərbaycan torpaqlarında türk, azərbaycanlı izini silməyi hədəf seçdiyi   məlumdur. Silinən isə təkcə əhalisi pərənpərən salınmış, adları dəyişdirilmiş yaşayış məntəqələrimiz olmayıb. Dini məbədlərimiz də etnik millətçilik siyasətinin qurbanına çevrilib. Ermənilərə dövlət yaratmaq üçün veril-miş qədim şəhərimiz olan İrəvan dini məbədləri ən çox hücuma məruz qalmış diyarımızdır. Məsələn, şəhərdəki Şah Abbas məs¬cidini götürək. Ona Abbas Mirzə məscidi, Sərdar məscidi və ya Xan məscidi də deyilibmiş. 1606-cı ildə inşa edilmiş bu məbəd ta¬mamilə dağıdılıb. Dərələyəzdəki Əxi Təvəkkül zaviyəsi, Ərgəz məscidi də eyni aqibəti yaşayıb. 

Bundan başqa, İrəvan şəhərinin Dəmirbulaq məhəlləsindəki XVII-XVIII əsrlərə aid Dəmirbulaq məscidi və ya Hacı İmamverdi məscidi də vandalizmin ağır təsirlərinə məruz qalıb. Habelə, İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər bölməsində mövcud olmuş 1766-cı ilə aid Novruzəli bəy məscidi də tamamilə dağıdılmış mədəni irs nü-munələrimizdəndir. 1725-ci ildə Rəcəb paşa tərəfindən İrəvan qalasında inşa edilmiş Rəcəb paşa məscidini, So¬vet Ermənistanı dövründə hissə-hissə sökülərək yerində yaşayış evlərinin tikildiyi Sərdar məscidini də bu sıraya daxil etmək mümkündür.

1827-ci ilədək məscid kimi fəaliyyət göstərən İrəvan¬dakı Şükürbəyli məscidi isə hazırda rus pravoslav kilsəsidir. Şəhərin Təpəbaşı məhəlləsindəki Təpəbaşı məscidinin həyətinin ətrafında gecəqondular inşa edilib. 1766-cı ilə aid və haqqında
söz açdığımız məş¬hur Göy Məscid isə hazırda fars məsci¬di kimi təqdim olunmaqdadır. Halbuki, abidə azərbaycanlı-türk Qacarlar sülaləsinin mirasıdır, Azərbaycan memarlığı üslubunda tikilib. O da məlumdur ki, məscid İrəvan xanı Hüseynəli xan tərəfindən inşa edilib. Son araşdırmalarda hətta onun məhz həmin məbəddə dəfn olunduğu barədə məlumatlara da rast gəlinir. Üstəlik, məscidin həyətindəki 1790-cı ilə aid daş kitabə də xanın ailəsindən olan qadınlardan birinə aiddir.

Əlqərəz, tarixə, mədəni irs nümunələrinə vandal münasibət ermənilərin peşəsidir. Ermənistandakı sovet döründə olan hakimiyyət kimi, müstəqillik illərindəki iqtidar komandaları da eyni “kursu” davam etdirib. Ancaq işğal altındakı torpaqlarımızın hər daşını, hər qayasını viranə qoymuş bu hakimiyyət, eləcə də hazırkı hay iqtidarı və onun havadarları müxtəlif platformalarda ölkəmizin erməni mədəni irs nümunələrinə qarşı hörmətsizliyinə dair cəfəngiyyat yayırlar.

Onu da bildirək ki, Azərbaycanın məqsədi bəşəridir. Ölkəmiz özünün keçmişinə, soy kökünə sahiblənmək əzmindədir. Bu əzmin ən böyük təbliğatçısı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı xalqımızın Qərbi Azərbaycan irsinə sahiblənməsinin də müstəsna əhəmiyyətini vurğulayır. Ona görə vurğulayır ki, başımıza gələn bütün bəlalar zəif davranmağımızdan, qeyri-prinsipiallığımızdan, laqeydlik və unutqanlığımızdan qaynaqlanıb. Səhvləri isə təkrarlaya bilmərik. Əslində, Prezident İlham Əliyevin aşağıdakı fikirləri də səhvləri təkrarlamamaq üçün son dərəcə ciddi ideoloji direktivdir: “Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli, 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır”.

Sonda bildirək ki, mədəniyyət nümunələri və tarixi abidələr insanları birləşdirən dəyərlərdir. Bu dəyərlər xalqlar arasında anlayışa xidmət etməlidir, siyasi mübarizə predmetinə çevrilməməlidir. Halbuki, Ermənistanın belə mütərəqqi baxışdan həmişə uzaq olduğunu vurğuladıq, misallar çəkdik. O misallar ki, saylarını xeyli genişləndirə bilərik. Əvvəldə haqqında söz açacağımızı anons etdiyimiz məqama gəlincə, hazırda Cənubi Qafqazda barış mühitinin qərarlaşmasının vacibliyindən danışan Ermənistan rəhbərliyi bildirdiklərimizdən nəticə çıxarmalı, mədəni irsi siyasi alətə çevirmək yolundan dönməli, köhnə klişeləri tarixin arxivinə yollamalıdır. Yollamalı və əvvəlki yolundan dönməlidir ki, ölkənin sülhlə bağlı mövqeyinin, hərəkət və davranışlarının səmimiliyi şübhə doğurmasın.

Ə.RÜSTƏMOV

XQ

Siyasət