Yaxud “stəkanda fırtına” qoparmaq istəyənlərə zəruri xatırlatma
Azərbaycan insan hüquqlarına dair qoşulduğu konvensiya, müqavilə və paktlarda göstərilən müddəalara riayət edən, beynəlxalq hüququn təsbit etdiyi prinsipləri gözləyən bir ölkədir. Müstəqilliyini bərpa etdiyi dövrdən etibarən Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasında göstərilən prinsiplərə, “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyasının müddəalarına, BMT Baş Məclisinin 1984-cü il dekabrın 10-da qəbul etdiyi “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya”nın tələblərinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Roma Konvensiyasına riayət edir. Dünyada açıq siyasət yürüdən, çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən rəsmi Bakı bütün ölkələrlə, xüsusilə də qonşuları ilə səmimi əməkdaşlıq mühitinə yönəlik əlaqələrə üstünlük verir.
Müvəqqəti saxlanılan və yaxud həbsxanada cəzasını çəkən yerli və xarici vətəndaşların hüquq və imtiyazları qüvvədə olan “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Qanunla tənzimlənir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər ailə üzvləri və yaxınları ilə telefonla danışmaq və onlarla görüşmək, bağlama almaq hüquqlarından istifadə edirlər. Burada heç bir ayrıseçkiliyə yol verilə bilməz.
***
“İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin, guya, Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib. A.Hacızadə şərhində qeyd edir ki, həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.
Yəni Azərbaycan tərəfinin, həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi Tehrana yaxşı məlumdur. Azərbaycan XİN rəsmisi iranlı həmkarının diqqətinə onu da çatdırır ki, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 may 2025-ci il tarixli sərəncamı ilə 5 nəfər İran vətəndaşı əfv olunub.
Daha sonra A.Hacızadə Bəqaiyə xatırladır ki, sorğu verilməsinə baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir.
***
Bu günlərdə İran XİN-in sözçüsü İsmayıl Bəqainin adı başqa dezinformasiyada da hallandı. O, Ermənistan mediasına müsahibəsində Azərbaycanın İsrailə öz ərazisindən İrana qarşı istifadə imkanı yaratması barədə dediklərini təkzib etməyə məcbur oldu. Bəqai erməni jurnalistin təxribatçı sualına cavabında bildirib ki, Prezident Pezeşkianla Azərbaycan lideri İlham Əliyev arasında baş tutan telefon danışığında bu məsələyə toxunulub, amma Bakının hücuma cəlb olunduğu anlamında danışılmadığını açıqlayıb. Bəqai bunun konkret ittiham deyil, ümumi xarakterli çağırış olduğunu deyib. “Qaşınmayan yerdən qan çıxarmaq” buna deyirlər. Ona sifarişin hansı cinahdan verildiyi məlum olsa da, Azərbaycan keçənləri elə keçmişdə buraxaraq, ikitərəfli, regional və transmilli layihələrdə birgə əməkdaşlığa hazır olduğunu açıq və səmimi şəkildə bəyan edib.
A.Hacızadənin vurğuladığı kimi, ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub: “Digər məsələlərlə yanaşı, bu istiqamətdə danışıqlar 15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri zamanı aparılıb”.
Ardınca XİN rəsmisi onu da qarşı tərəfin nəzərinə çatdırır ki, İran İslam Respublikasında saxlanılan və həbs edilən bir çox vətəndaşlarımız barədə məlumatlar ölkəmizin Tehrandakı diplomatik missiyasına təqdim edilmir, onlara əksər hallarda Azərbaycanın İrandakı diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi yaratmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.
Hesab edirik ki, beynəlxalq hüquqa, eləcə də humanizm prinsipi kimi bəşəri dəyərə söykənən bu cavabın qarşısında İran XİN-in sözçüsünün deməyə sözü olmayacaq.
***
Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi icmalçı Tofiq Abbasov bu məsələnin, sanki, yox yerdən tapılmış kimi ortaya atıldığına diqqəti çəkdi: “Açıq şəkildə görürük ki, İran tərəfinin Bakıya qarşı arqumentləri tükənib və heç nədən uydurma iddialar səsləndirilir. Hesab edirəm ki, bu, elə böyük və ciddi əhəmiyyət kəsb edən məsələ deyil ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü belə açıqlama versin. Madam ki, cənab Bəqai bu məsələyə toxunmağı vacib sayıb, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi ona yerindəcə, operativ şəkildə, həm də arqumentli və tutarlı cavab verdi. Təbii ki, burada hansısa ikili yanaşmadan, nöqsandan söhbət gedə bilməz. Azərbaycan Penitensiar Xidməti kifayət qədər böyük təcrübəyə malik peşəkar qurumdur. Bu prosesdə xidmət tərəfindən yerli, yaxud xarici vətəndaşlara münasibətdə heç bir fərq qoyulmadan eyni standartlar tətbiq edilir. O da məlumdur ki, belə həssas sahədə olan vəziyyəti vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri daim diqqətdə saxlayırlar. Onlar vaxtaşırı istər məhbus həyatı yaşayanlara, istərsə də saxlanılanlara baş çəkir, giley-güzarlarını dinləyir və müvafiq orqanların nəzərinə çatdırırlar. Bu zaman bu və ya digər səbəbdən nəzarətə götürülmüş İran vətəndaşlarına sərt yanaşmanın tətbiq edilməsi, onların gözüm-çıxdıya salınması, yaxud saxlanma şəraitinin keyfiyyətsiz olması mümkün deyil. Çünki həmin yerlərin özünəməxsus qayda və prosedurları var. Əgər hər hansı insan qanunu pozubsa və məhkəmə onun barəsində hökm veribsə və o, cəzaçəkmə müəssisəsində müəyyən müddət qalmalıdırsa, hamı kimi, eyni şəraitdə cəzasını çəkir. Yəni, şərait hamı üçün eynidir. Azərbaycan vətəndaşları, xarici ölkə vətəndaşları üçün bərabər şərait yaradılır”.
Bu məsələnin süni surətdə şişirdilməsini bir daha vurğulayan siyasi şərhçiyə görə, adətən, bu cür hallar yarananda, bununla bağlı xüsusi kanallarla iki ölkə arasında informasiya mübadiləsi həyata keçirilir: “Eləcə də beynəlxalq təşkilatlar tərəfindən təmas dəhlizləri yaradılır və narazılığa səbəb ola biləcək məsələlər mütəxəssislərin iştirakı ilə dərhal dinlənilir, müzakirə edilir. Ortaq məsləhətləşmələrdən sonra isə konkret məsələ ilə bağlı lazımi qərarlar verilir. Konkret bu halda İran XİN-in süni şəkildə rəngləri tündləşdirdiyini görürük. Sanki Tehran bu yolla ikitərəfli münasibətlərdə problem yaratmağa çalışır. Axı, İran–Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığını nəzərə alsaq, əlavə problem yaratmağa lüzum yoxdur. Son üç ayda İran Prezidenti Məsud Pezeşkian iki dəfə Azərbaycana səfər etdi. İkinci səfərində İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən sammitinə qatıldı. O, ikitərəfli münasibətlərin perspektivi ilə bağlı olduqca nikbin açıqlamalar verdi. Yəni, umu-küsüləri arxada qoyaraq, keyfiyyətcə yeni bir mərhələyə adlamaq ərəfəsindəyik. Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarını necə böyük ehtiramla qarşılamasına, qardaş sevgisi ilə səmimi təmaslarda olmalarına şahidlik etdik. Bu səmimiyyət özünü onların gələcəyə yönəlik uğurlu əməkdaşlığa verdikləri mesajlarda aydın şəkildə göstərdi”.
Olub-keçənləri arxada buraxmaq və yalnız irəli baxmaq! İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana iki səfərinin məzmununu bu cür ifadə etmək mümkündür. Möhkəm siyasi iradəyə söykənən qarşılıqlı istək və arzu problemsiz dövrə qədəm qoymağın rəhnidir.
Beləliklə, ekspertin də qeyd etdiyi kimi, təsadüfdən ortaya atılmış kimi görünən, “stəkanda fırtına” yaratmağa bənzəyən bu süni problem nə mədəni, dini və tarixi bağlara malik qonşu xalqlar, ölkələr arasında yeni ruhda formalaşmağa başlayan və uğurlu perspektivə yönələn əlaqələrə, nə də iki liderin şəxsi münasibətlərindəki etimad və səmimiyyətə xələl gətirə bilər.
İmran BƏDİRXANLI
XQ