Bakı-Vaşinqton münasibətləri üçün daha dinamik mərhələ gözləntimiz
Bəri başdan deyək ki, Prezident İlham Əliyevin ABŞ-a bu ölkənin dövlət başçısı Donald Trampın dəvəti ilə gerçəkləşən səfərini gözləmək olardı. Çünki Bakı–Vaşinqton ikitərəfli münasibətlərinin hazırkı sabit axarı gələcək üçün perspektiv yaradır. Əsas olan bu axarı sabitlikdən dinamiklik müstəvisinə qaldırmaqdır. Həm də ona görə ki, dinamikliyin regional sabitlik və qlobal təhlükəsizlik aspekti var. Mövcud aspekt isə özlüyündə daha dərin yanaşmalar tələb edir.
Prezident İlham Əliyevin ABŞ-a səfərini, eyni zamanda, o səbəbdən gözləmək olardı ki, dövlətimizin başçısı ilə Birləşmiş Ştatlar lideri arasında yüksəksəviyyəli telefon danışığı və məktub mübadiləsi olub. Məhz bu müstəvilərdə əməkdaşlığın genişləndirilməsi, hətta strateji tərəfdaşlığın enerji və nəqliyyat layihələri xüsusunda möhkəmləndirilməsi, institusionallaşdırılması məsələləri önə çəkilib. Şəxsi etimada əsaslanmış söhbətlər zamanı, həmçinin, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi də vacib məqam kimi diqqətə çatdırılıb.
Etimadın fövqündə dayanan amilə gəlincə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını və regionda balanslı, habelə proaktiv xarici siyasət kursuna sadiqliyini vurğulamaq mümkündür. Deməli, tərəflərin konkret razılıqlar əldə etmələri yeni imkanlar üçün də şansdır. Söhbət ABŞ-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşımaq şansından gedir.
Əlbəttə, regional sabitlik və təhlükəsizlikdən danışırıqsa, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi də önəmlidir. Heç şübhəsiz, ABŞ-da bu məqama xüsusi yanaşma var. Əlamətdar haldır ki, Vaşinqton məsələyə Cənubi Qafqaz siyasətində Azərbaycana böyük rol verilməsi kontekstində yanaşır. Bu yanaşma praqmatizmə əsaslanır, qarşılıqlı faydanı rəhbər tutur. Yəni, sülh gündəmi üçün prioritet həm də iqtisadi faydadır. Buna faydanın sülh diqtəsi kimi də yanaşmaq olar.
Qeyd edək ki, faydanın digər aspekti də var. Məlum olduğu kimi, Donald Tramp hakimiyyətə gələndən ABŞ Avropanın enerji təhlükəsizliyinə böyük önəm verir. Bu isə Azərbaycan üçün vacibdir, çünki ölkəmizə yeni iqtisadi imkanlar açır. Rəsmi Vaşinqton Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına nəqlinə çalışır ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçməsi fikrimizin təsdiqidir. Əlbəttə, sırf ölkəmiz üçün ABŞ-la əməkdaşlığın dərinləşməsindəki faydanın rəqəmsal iqtisadiyyat və süni intellekt kimi aspektləri də diqqətdən yayınmamalıdır. Nəzərə alaq ki, fayda Bayden administrasiyası dövründə Bakı–Vaşinqton münasibətlərində yaranmış soyuqluğun zərərlərini də aradan qaldırmalıdır.
Qeyd etdiyimiz kimi, sabitlik, inkişaf və fayda üçün barış mühiti son dərəcə vacibdir. Ancaq sülh ədalətli olmalıdır. Bunun üçün isə Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindəki qələbəsi əsas götürülməlidir. Daha doğrusu, Zəfərimizin yaratdığı reallıqlar. O reallıqlar ki, Ermənistanın onlarla zaman-zaman qəbullanmadığını, müxtəlif manipulyativ gedişlərə baş vurduğunu görmüşük. Əlbəttə, bu cəhdlər heç bir nəticə verməyib. Hesab edirik ki, Vaşinqtonun sülh təşəbbüskarlığı həmin cəhdləri, obrazlı desək, torpağa tapşıracaq. Yəni, Ermənistan avantüradan uzaq durub haqqında söz açdığımız fayda və mənfəəti düşünməlidir. Deməli, rəsmi İrəvan Bakının sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Yerinə yetirməlidir ki, Cənubi Qafqazın inkişafına maneçilik törədən Azərbaycanla münaqişə məntiqi tamamilə sıradan çıxsın.
Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin açılmasına da maneə yaratmamalıdır. Çünki bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Hüququmuz sülh strategiyamızın qalib tərəf paradiqmasını vurğulamalıdır. Nəzərə alaq ki, bu vurğulanmada tarixi ədalət payı da var. Belə nəticəyə gəlmək mümkündür ki, regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün ədalətli davranmaq şərtdir və nəinki ABŞ-dan, bütövlükdə, dünyadan gözləntimiz də elə budur. Mövcud mənada Trampın təşəbbüsünü Misir və İsrail arasında illərlə davam edən münaqişəyə son qoymuş Prezident Cimmi Karterin missiyası ilə müqayisə etmək üçün şanslar yaranıb. Görəsən, tarixdə, belə demək mümkünsə, ikinci Kemp-Devid reallaşacaqmı? Hər halda, ümidlər var.
Prezident İlham Əliyevin ABŞ-a səfərinin daha bir vacib cəhəti üzərində dayanmaq istərdik. Məlum olduğu kimi, Birləşmiş Ştatlarda aktiv anti-Azərbaycan mövqe tutan qaragüruh düşərgə var. Bu düşərgənin konqresmenlər Frenk Pallone və Adam Şiff kimi “fəal” təmsilçiləri, stajlı ermənipərəstləri də həmçinin. Bundan başqa, “Amnesty International”, “Human Rights Watch” və sair təşkilatların da təqdimatlarında Azərbaycan qərəzli şəkildə yada salınır. Elə təsəvvür formalaşdırılır ki, sanki, ölkəmizlə heç bir münasibət və əlaqə qurulmamalıdır. Hesab edirik ki, dövlətimizin başçısının Birləşmiş Ştatlara səfəri bu xəttin təmsilçilərini də susduracaq. Əlbəttə, onların tam şəkildə susacaqlarını söyləmək düzgün olmaz. Başlıca məqam isə budur ki, hazırda dövlətimizin başçısının məhz Prezident Donald Trampın dəvəti ilə ABŞ-da olması anti-azərbaycançı qüvvələrin böyük məğlubiyyətidir. Elə ermənipərəstlərin də.
Sonda onu da bildirək ki, Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi son dərəcə vacibdir. Ümumiləşdirmə aparsaq, Prezident İlham Əliyevin ABŞ-a səfərinin bu baxımdan mühüm tarixi hadisə olacağını vurğulamaq üçün əsaslar kifayət qədərdir və yazımızda dolayısı ilə bu barədə də söz açdıq. İndi qalır ümid etmək. Ümid edək ki, ölkəmizə qarşı ədalətli yanaşma regional sülh, sülh isə öz növbəsində daha sürətli inkişaf və görünməmiş tərəqqi gətirəcək. Regionun bütün xalqları üçün rifaha hesablanmış inkişaf və tərəqqini.
XQ-nin analitik qrupu