Yaxın Șərq yanır, “Qoca qitə” tərəddüd edir

post-img

Beynəlxalq hüquqi və strateji maraqlar araında kövrək balans

Yaxın Şərqdə davam edən hərbi qarşıdurmaya Avropanın ilk reaksiyası tərəddüd, ehtiyat və siyasi hesablarla dolu idi. Qarşılıqlı zərbələr beynəlxalq hüquq baxımından ciddi suallar doğursa da, Avropa paytaxtlarının çoxu uzun müddət açıq mövqe bildirməkdən çəkinirdi. Mövcud susqunluq isə bir daha göstərirdi ki, qlobal siyasətdə prinsiplər çox vaxt geosiyasi maraqların kölgəsində qalır. Lakin İspaniyanın baş naziri Pedro Sançezin məsələ ilə bağlı mövqeyi elə ilk vaxtdan fərqli idi.

Rəsmi Madrid Vaşinqtonla toqquşmaqdan çəkinmədi, hücumu açıq şəkildə “qanunsuz” adlandırdı və beynəlxalq hüququn pozulmasına göz yumulmasının gələcəkdə daha böyük böhranlara yol aça biləcəyini bildirdi. O zaman bir çoxları Sançezin mövqeyini emosional və ya populist hesab edirdi. Lakin zamanla Avropa liderlərinin də fikrinin dəyişdiyi müşahidə olundu. 

Ümumən, “Qoca qitə”nin siyasətində uzun illərdir formalaşmış bir refleks var – Vaşinqtonun addımlarını açıq şəkildə tənqid etməmək. Həmin refleks xüsusilə təhlükəsizlik məsələlərində daha güclü işləyir. NATO çətiri altında formalaşmış təhlükəsizlik arxitekturası Avropa paytaxtlarını ABŞ-la açıq qarşıdurmadan çəkinməyə vadar edir. Məhz buna görə də İran ətrafında başlayan yeni qarşıdurma zamanı Brüssel, Berlin və Roma ilk günlərdə daha çox narahatlıq ifadə edən, lakin konkret mövqe ortaya qoymayan bəyanatlarla kifayətləndilər. Lakin son həftələrdə Avropa İttifaqı daxilində ritorikanın dəyişməsi, hətta Vaşinqtona yaxınlığı ilə tanınan İtaliyanın baş naziri Corcia Meloni kimi siyasətçilərin belə hücumun beynəlxalq hüquq çərçivəsindən kənara çıxdığını etiraf etməsi geniş rezonans doğurdu. Əslində, müşahidə olunan dəyişiklik təsadüfi deyil. Avropa liderləri artıq anlayırlar ki, beynəlxalq hüququn selektiv tətbiqi sonda onların öz təhlükəsizliyini də zəiflədə bilər. Rəsmi Brüssel hesab edir ki, İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq sistemin əsas ideyası güc siyasətinin qaydalarla məhdudlaşdırılmamasıdır. BMT Nizamnaməsi, beynəlxalq hüquq, kollektiv təhlükəsizlik mexanizmləri məhz bu məqsədlə formalaşdırılmışdı. Lakin son illərdə baş verən hadisələr təsdiqlədi ki, böyük dövlətlər bu qaydaları yalnız öz maraqlarına uyğun gəldikdə xatırlayırlar. 

Bundan öncə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen köhnə dünya nizamının artıq işləmədiyini deyərkən, əslində, qitənin qarşısında duran dilemmadan bəhs edirdi. Köhnə nizamın zəifləməsi yeni və daha sabit sistemin yaranması anlamına gəlmirdi. Əksinə, qaydaların zəiflədiyi dövrdə güc balansı daha sərt və daha təhlükəli şəkildə formalaşır. Bu isə Avropa kimi iqtisadi gücə malik, lakin hərbi baxımdan hələ də ABŞ-dan asılı olan birlik üçün ciddi risklər yaradır. 

İspaniyanın baş naziri Xose Manuel Albares Lyayenin fikirlərinə cavab olaraq bildirmişdi ki, Aİ liderləri artıq həqiqəti anlayıblar: “Əsl realizm sülh naminə danışmaq, vətəndaşlarımızın rifahını qorumaq və gərginliyin azaldılmasını müdafiə etmək deməkdir. Biz köhnə və yeni dünya nizamı arasında toqquşma yaşamırıq. Məsələ Avropaya ən uzun sülh və rifah dövrünü bəxş etmiş dünya nizamının taleyidir”.

Nazirin “Politico”ya müsahibəsi də diqqət edilməli məqamlardandır. O, sanksiyasız həyata keçirilən İran hücumu ilə Rusiyanın Ukraynaya müdaxiləsi, eləcə də Vaşinqtonun Venesueladakı addımları və Trampın Qrenlandiyanı ilhaq etmək istəyi arasında paralellər aparıb: “Xarici siyasət məqsədləri heç vaxt müharibə yolu ilə diktə edilə bilməz, qlobal qaydalara əsaslanan sistemin pozulması yalnız xaosa gətirib çıxaracaq. Birlik bizim müharibəmiz olmayan, barəsində nə məsləhətləşdiyimiz, nə də məlumatlandırıldığımız birtərəfli müharibəyə qarşı çıxmalıdır”. 

Bu gün Avropa liderləri hesab edirlər ki, birtərəfli hərbi addımlar qitənin özünü də sarsıdır. Enerji bazarlarında qeyri-sabitlik, neft və qaz qiymətlərinin artması, logistika marşrutlarının təhlükə altına düşməsi artıq Avropa iqtisadiyyatına birbaşa təsir edir. İran ətrafında yaranan gərginlik Hörmüz boğazının bağlanması riskini artırır ki, bu da qlobal enerji təchizatının böyük hissəsinin təhlükə altına düşməsi deməkdir. Digər tərəfdən, humanitar nəticələr də Avropa üçün az təhlükəli deyil. Yaxın Şərqdə hər yeni müharibə qaçqın axını riskini artırır. Livanda, Suriyada və regionun digər ölkələrində yüz minlərlə in sanın evsiz qalması Avropa paytaxtlarında 2015-ci ilin miqrasiya böhranını yenidən xatırladır. Nəzərə alsaq ki, o zaman Avropa daxilində siyasi balans dəyişmiş, sağçı partiyalar güclənmiş, birlik daxilində ciddi parçalanma yaranmışdı, bu gün Brüsselin həmin ssenarinin təkrarlanmasından ehti yat etməsi təəccüb doğurmamalıdır. Məhz buna görə də Madridin əvvəlcə tək görünən mövqeyi hazırda Avropanın ümumi xəttinə çevrilir. 

Məsələ ilə bağlı XQ-yə açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi ki, ABŞ və Aİ arasındakı soyuqluq sadəcə Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı deyil: “Problem Rusiya-Ukrayna müharibəsi ilə də əlaqəlidir. Donald Trump hakimiyyətə gəldikdən sonra Bayden administrasiyasının siyasətinə zidd bir xətt ortaya qoydu, Rusiya-Ukrayna müharibəsində fərqli mövqe tutdu. Ukraynaya dəstəyin azaldılması və ya tam dayandırılması Avropaya təhlükəsizlik təminatından boyun qaçırmaq demək idi. Eyni zamanda, Danimarka-Qrenlandiya məsələsi və digər ərazi iddiaları bu fikir ayrılığını daha da artırdı. Lakin Avropada Yaxın Şərq mövzusu daha çox enerji böhranına dair narahatlıqdam irəli gəlir. Çünki bundan öncə Rusiya-Ukrayna müharibəsi Avropanı ciddi enerji çatışmazlığı ilə üz-üzə qoymuşdu. Eyni ssenari İranla aparılan müharibədə də öz əksini tapdı. Donald Tramp Ukrayna məsələsində demişdi ki, Ukrayna bizim müharibəmiz deyil, o, Baydenin idarəçiliyinin nəticəsi olaraq başlayıb. Ona görə də Amerika birbaşa müharibəyə qarışmayacaq. İndi Avropa liderləri də eyni ritorika ilə cavab verirlər ki, İran müharibəsi bizim müharibəmiz deyil və biz o münaqişədə iştirak etmək istəmirik”. 

Politoloq, həmçinin qeyd etdi ki, Tramp, əslində, güc baxımından Avropanın, dəstəyinə o qədər də ehtiyac duymur: “NATO üzvləri oradadır və NATO-nun 5-ci maddəsi hər hansı üzv dövlət hücuma məruz qalarsa, digər üzvlərin dəstək verməsini tələb edir. ABŞ Avropa dövlətlərini prosesə daha çox qoşmaqla, ekspertlər və beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş “ABŞ-ın İrana hücumu beynəlxalq hüquqa ziddir” arqumentinə gələcəkdə legitimlik qazandırmaq istəyir. Digər tərəfdən, ABŞ-ın çağırışlarına Avropa ölkələrinin səs verməməsi tarixi analoq yaradır. Məsələn, 1956-cı ildə Misir prezidenti Cəmal Əbdün Nasir Süveyş kanalını milliləşdirərkən müharibə baş verdi və ABŞ fransız və ingilisləri dəstəkləmədi. Ona cavab olaraq Vyetnam müharibəsində də Avropa ölkələri Fransaya və İngiltərəyə dəstək vermədi. Eyni proses Rusiya-Ukrayna mövzusunda da təkrarlanmışdı. ABŞ dəstəyi azaldarkən, Fransa və İngiltərə də analoji mövqe ortaya qoydu”. 

X.Bəşirov prosesin gedişatında baş verə biləcək ehtimallar barədə də danışdı: “Ərəb ölkələri öz təhlükəsizliyini ABŞ-a etibar edir, neftlərini dollarla satır, böyük sərmayələr yatırırlar və eyni zamanda dolların güclü qalmasını təmin edirlər. Lakin ABŞın təmin etdiyi təhlükəsizlik əsasən İsrailin maraqlarına xidmət edir. Ona görə də ərəb ölkələrinin ərazilərinə hərbi toqquşmalar zamanı ciddi zərər dəyir. Halbuki onlar müharibənin birbaşa tərəfi deyillər, sadəcə müdafiə tədbirləri görürlər. Trampın siyasətinə qarşı çıxan Avropa ölkələrinin pərdərxası danışıqlar aparmaqla enerji problemlərini qısa yolla həlletmə ehtimalı da var. İranla razılaşmaqla Fars Körfəzi vasitəsilə enerji resurslarının daşınmasını bərpa etmək mümkündür”.

Nəzrin ELDARQIZI

XQ



Siyasət