Ermənistan cəmiyyətinin transformasiyası və sülhün yeni mərhələsi
Ermənistan Baş naziri Nikol Paşinyanın xalqa müraciəti bir dövrün sonunu təsdiqləyən tarixi məqamdır. Paşinyan açıq etirafları ilə Ermənistan cəmiyyətində uzun illər yığılıb qalan ideoloji mifləri dağıtmağa cəhd göstərdi. Əslində, bu müraciət yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış strateji mesajdır: Qarabağ məsələsi artıq siyasi gündəmdə yoxdur.
Bəs bəyanat hansı nəticələri doğuracaq? Ermənistan cəmiyyəti illərlə formalaşdırılmış Qarabağ mifindən imtina edə biləcəkmi? Ən əsası isə, bu etiraf regionda sülhün davamlılığı üçün real zəmin yaradır, yoxsa yeni daxili ziddiyyətlərin başlanğıcına çevriləcək?
Nikol Paşinyanın son çıxışında ən diqqətçəkən məqam Ermənistan siyasi tarixində köklü yanlışların etirafı idi. O, açıq şəkildə bəyan etdi ki, “Qarabağ məsələsi” uzun illər dövlət siyasətinin deyil, hakimiyyət uğrunda mübarizənin aləti olub. Müxtəlif siyasi elitalar və qruplar bu mövzunu manipulyasiya vasitəsinə çevirərək seçkilərdə xalqın emosiyalarını idarə edib, sosial-iqtisadi böhranları ikinci plana keçirməyə çalışıblar. Bəs belə bir siyasi manipulyasiya Ermənistan cəmiyyətinə nə verdi? Nəticədə, ölkə inkişaf perspektivlərindən uzaqlaşdı, dövlətçilik isə strateji kursunu itirdi. Paşinyanın “Qarabağ məsələsi həll olunmadan sülh olmayacaq” tezisi həm regional reallığı, həm də tarixi məntiqi ifadə edir. Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi, əslində, uzun illər davam edən qeyri-müəyyənliyi aradan qaldırdı. Artıq bölgədə yeni siyasi və hüquqi nizam formalaşır və bu, sülhün davamlılığı üçün yeganə real zəmin yaradır. Başqa sözlə, Qarabağ problemi həll olunmadan nə Ermənistanın inkişafı mümkün idi, nə də regionda sabitlik.
Burada əsas sual yaranır: Ermənistan cəmiyyəti uzun illər formalaşdırılmış “Qarabağ mifi” ilə vidalaşa biləcəkmi? Əgər bu ideoloji yükdən qurtulmaq baş tutmasa, ölkə daxilində revanşist meyillər güclənə bilər. Əksinə, əgər cəmiyyət real siyasi kursu dəstəkləsə, Ermənistan ilk dəfə olaraq regional əməkdaşlıq və iqtisadi inteqrasiya imkanlarını dəyərləndirə bilər.
Paşinyanın etirafı həm də beynəlxalq hüququn üstünlüyünü qəbul etmək anlamına gəlir. Çünki yalnız Azərbaycanın suverenliyinin bərpası ilə beynəlxalq hüquqa əsaslanan sülh perspektivi mümkün olub. Bu isə göstərir ki, müasir dünyada ideoloji miflərə deyil, hüquqi və siyasi reallıqlara əsaslanan siyasət uzunömürlüdür.
***
Nikol Paşinyanın müraciətində diqqət çəkən ən həssas məqamlardan biri Qarabağdan çıxmış ermənilərin geri qayıtması məsələsinə münasibət oldu. Baş nazir bu ideyanı açıq şəkildə “sülh üçün təhlükəli və zərərli” adlandırdı. Əslində, bu ifadə Ermənistan siyasətində tamamilə yeni yanaşmanın təsdiqidir. Çünki indiyə qədər müxtəlif dairələr bu mövzunu dirçəltməklə ictimai rəydə revanşist hissləri qızışdırmağa çalışırdılar. Bəs nəyə görə bu mövzu təhlükəli sayılır? Birincisi, “qayıdış” ideyası beynəlxalq hüquq və real siyasi şərtlərlə uzlaşmır. Azərbaycanın suverenliyini tam bərpa etdiyi şəraitdə belə bir tələb irəli sürmək yalnız qarşıdurmanı yenidən alovlandıra bilər. İkincisi, bu tezis daxildə siyasi qüvvələr tərəfindən manipulyasiya edilərək, hökumətə təzyiq vasitəsinə çevrilə bilər. Nəticədə isə bu amil sülhün möhkəmlənməsi əvəzinə qeyri-sabitlik doğuracaq.
Paşinyanın verdiyi əsas mesaj isə sadədir: Ermənistanın gələcəyi keçmişin illüziyalarında axtarılmamalıdır. “Qarabağa qayıdış” kimi populist şüarlar nə məcburi köçkünlərə fayda verəcək, nə də dövlətin maraqlarına xidmət edəcək. Əksinə, Ermənistanın inkişaf yolunu bağlayan böyük maneələrdən biri məhz bu illüziyalardır.
Burada vacib sual ortaya çıxır: Ermənistan cəmiyyəti bu “qayıdış mifindən” imtina etməyə hazırdırmı? Əgər bu miflərlə yaşamağa davam edərsə, ölkə yalnız yeni münaqişələrin astanasına sürüklənəcək. Paşinyanın mövqeyi həm də psixoloji transformasiyanın vacibliyini göstərir. Çünki cəmiyyətin ideoloji yüklərdən azad olunması olmadan nə dövlətin modernləşməsi, nə də uzunmüddətli sülh mümkündür. Ermənistanın strateji seçimi məhz buradadır: illüziyalarla yaşamaq, yoxsa reallıqlar əsasında gələcək qurmaq.
***
Nikol Paşinyanın xalqa müraciətində ən kəskin məqamlardan biri onun açıq etirafıdır: əgər xalq Qarabağ məsələsini bağlamaq xəttini qəbul etməsəydi, inqilab edə bilərdi. Lakin belə bir inqilab baş vermədi. Məhz bu fakt, əslində, Ermənistan cəmiyyətinin müəyyən mənada reallığı dərk etməyə hazır olduğunu göstərir. Xalq susqunluq nümayiş etdirdi, çünki hər kəs anlayır ki, münaqişənin davamı ölkəni daha dərin uçuruma sürükləyəcəkdi.
Amma problem tam həll olunubmu? Təbii ki, yox. Ən böyük çətinlik ictimai şüurun transformasiyasıdır. Onilliklər boyu dövlət ideologiyası və siyasi elitalar tərəfindən qidalandırılan “Qarabağ mifi” cəmiyyətin kollektiv psixologiyasına hopmuşdu. Bəs Paşinyanın qarşısında hansı missiya dayanır? Onun üzərinə düşən əsas vəzifə hay cəmiyyətini “islah etmək”, yəni onu reallığa qaytarmaqdır. Ermənistanın gələcək inkişafı məhz bu psixoloji dönüşdən asılıdır. Sual aydındır: Ermənistan lideri öz xalqını illüziyalardan ayıraraq, onu reallıqlar əsasında yeni siyasi gündəmə inandıra biləcəkmi? Cavab məhz Paşinyanın liderlik bacarığından və cəmiyyətin psixoloji hazırlığından asılı olacaq.
***
Paşinyanın çıxışı yalnız Ermənistan auditoriyası üçün deyil, beynəlxalq aktorlar üçün də ciddi siqnallar daşıyır. Ermənistan rəhbərliyi ilk dəfədir ki, bu qədər açıq şəkildə Qarabağ məsələsinin qapandığını və geri dönüşün mümkün olmadığını bəyan edir. Əgər əvvəllər müxtəlif platformalarda “münaqişənin həlli yolları” müzakirə olunurdusa, indi artıq söhbət yalnız sülh müqaviləsinin icrası və praktiki addımların atılmasından gedir.
Burada əsas sual yaranır: bu yeni reallıq beynəlxalq güclərin regiondakı siyasətinə necə təsir edəcək? ABŞ və Avropa İttifaqı Ermənistanın sülh xəttini dəstəkləməklə regionda Rusiyanın təsirini azaltmaq istəyir. Rusiya isə, əksinə, münaqişə gündəminin dirçəlməsində maraqlıdır, çünki yalnız münaqişə olduğu halda vasitəçi statusunu qoruyub saxlaya bilər. Bu mənada Paşinyanın bəyanatı Moskvanın regional təsir mexanizmlərinə zərbə vurur. Digər tərəfdən, Türkiyə və Azərbaycan üçün bu açıqlamalar mühüm əhəmiyyət kəsb edir. Çünki Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycanın mövqelərini təsdiqləyir və regionda yeni əməkdaşlıq imkanlarına qapı açır. Beynəlxalq kontekstdə diqqətçəkən başqa bir məqam da odur ki, Paşinyanın etirafı vasitəçilik institutunun mahiyyətini dəyişir. İndi sual “münaqişənin həlli” deyil, “sülhün möhkəmlənməsi”dir. Bütün bunlar ATƏT-in Minsk qrupu kimi funksiyasını itirmiş qurumların tamamilə gündəmdən çıxmasına gətirib çıxarır. Onların yerini daha çox ikitərəfli və ya regional platformalar tutur.
Beləliklə, Paşinyanın çıxışı regionda geosiyasi nizamı dəyişdirən bir mərhələyə işarə edir. Ermənistan ilk dəfə olaraq açıq şəkildə reallıqları qəbul etdiyini bildirir və bu, beynəlxalq güclərin strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olur.
***
Ermənistanın 30 ildən artıq davam edən təcrid vəziyyətindən çıxması Vaşinqton razılaşmalarının ən mühüm nəticəsi kimi qiymətləndirilə bilər. Çünki uzun illər ərzində regionda kommunikasiya layihələrindən kənarda qalan, qonşularla əlaqələrini məhdudlaşdıran Ermənistan iqtisadi, siyasi və sosial baxımdan dalana dirənmişdi. Blokadadan çıxmaq nə deməkdir? Bu, ilk növbədə Ermənistanın regionda iqtisadi oyunçuya çevrilməsi üçün yeni imkanlar açır. Azərbaycanla yolların açılması həm ticarət, həm logistika, həm də enerji layihələri baxımından mühüm əhəmiyyət daşıyır. Paşinyanın vurğuladığı kimi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası sərhədlərin delimitasiyası ilə müşayiət olunmalıdır. Yəni, bu proses təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sərhədlərin hüquqi dəqiqləşdirilməsi yolu ilə siyasi sabitlik yaratmağı hədəfləyir.
Ermənistan üçün ikinci mühüm nəticə psixoloji baryerin aşılmasıdır. Uzun illər “blokada” və “təcrid” anlayışları siyasi ideologiyanın bir parçasına çevrilmişdi. İndi bu divarların dağıdılması cəmiyyətə yeni perspektivlər təqdim edir. Üçüncü aspekt isə beynəlxalq güclərin roludur. ABŞ və Qərb Vaşinqton razılaşmaları vasitəsilə Ermənistanı regional əməkdaşlıq məkanına daxil etməklə, həm də Rusiyanın təsirini zəiflətmək niyyətindədir.
Nəhayət, Paşinyanın “Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır” sözləri göstərir ki, hökumət artıq konkret praktiki addımlara yönəlir. Əgər bu proses uğurla həyata keçsə, Ermənistan 30 ildən sonra nəinki blokadadan çıxacaq, həm də regionda real tərəfdaşlıqlar qurmaq şansı əldə edəcək.
Paşinyanın xalqa müraciəti Ermənistan üçün tarixi dönüş nöqtəsi ola bilər. Onun açıq etirafları, Qarabağ məsələsini bağlaması və cəmiyyətə verdiyi islahat mesajları yeni bir siyasi mərhələnin başlanğıcıdır. Lakin proses asan olmayacaq. Ermənistanda hələ də revanşist qüvvələr, diaspor təzyiqləri və milli romantizmdən qurtula bilməyən dairələr mövcuddur. Sülhün davamlı olması üçün Ermənistan daxili sabitlik, iqtisadi inkişaf və regional əməkdaşlığı prioritetə çevirməlidir. Son olaraq qeyd etməliyik ki, Qarabağ mövzusunu siyasi alət kimi istifadə edənlər isə artıq tarixdə qalır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru