İrəvanın Kreml ilə “dəmir” oyunu

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində dəmir yollarının Rusiya nəzarətində olmasının problem yaratdığını deyib. Yəni ki, rəsmi İrəvan ölkənin geoiqtisadi kursunda dönüş mesajı verir. Paşinyan onu da bildirib ki, gərginlik həmişə mövcuddur, amma Ermənistan Rusiya ilə döyüşməyəcək, problem yaratmayacaq, əksinə, bütün məsələləri müzakirə edəcək və öz maraqlarını güdəcək. Qısası, Nikol deyir ki, “nə şiş yansın, nə kabab”. Amma erməni baş nazir mühüm bir məsələni unudur. Kreml ilə oyun oynamaq və ya buna cəhd etmək Ermənistana zərərdən başqa heç nə verməyəcək.

***

Baş nazirin bu fikirlərindən sonra rəsmi formada necə deyərlər, tam qaydasında Moskva cavab verdi. “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov İdarə Heyətinin yekun iclasında dedi ki, Rusiya taxılının RF Dəmir Yolları şəbəkəsi ilə Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana tədarükü müntəzəm xarakter alıb və (ən əsası) bu marşrutun inkişafının davam etdirilməsi planlaşdırılır. 2008-ci ildə imzalanmış 30 illik konsessiya müqaviləsinə əsasən, “Cənubi Qafqaz Dəmir Yolları”nın idarəçiliyi “Rusiya Dəmir Yolları” ASC-yə verilib. Şirkət Ermənistan dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və istismarı öhdəliyini daşıyır. Lakin ötən illər ərzində şəbəkənin yenilənməsi tempinin aşağı olması, investisiya həcmlərinin gözləntiləri doğrultmaması və marşrutların regional inteqrasiyaya uyğunlaşdırılmaması İrəvanda narazılıq yaradıb. Paşinyanın açıqlaması həmin struktur problemin siyasi səviyyədə ifadəsidir.

Mühüm bir məqamı vurğulayaq ki, Rusiya üçün Ermənistanın dəmir yolu şəbəkəsi Cənubi Qafqazda təsir alətidir. Gürcüstanla münasibətlərin məhdudluğu və Azərbaycan üzərindən alternativ təsir imkanlarının zəifliyi fonunda Moskva üçün Ermənistan infrastrukturu strateji əhəmiyyət daşıyır. Buna görə də idarəetmə mexanizminin dəyişdirilməsi, sadəcə iqtisadi qərar kimi qəbul edilməyəcək. Paşinyanın açıqlamasında “Rusiya ilə dəmiryolu məsələsində siyasi baxımdan müsbət cavab aldıq” ifadəsi göstərir ki, məsələ artıq danışıqlar predmetinə çevrilib. N.Paşinyan “razılaşmışıq” deyir, Rusiya tərəfi isə bu sahədə inkişafın davam etdirilməsinin planlaşdırıldığını bildirir. Sadə dildə izah etsək, ya heç bir razılaşma yoxdur, ya da yenə gizlin siyasət yürüdülür. Ələlxüsus...

***

Məlumdur ki, 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndi regionda nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur. Azərbaycan Naxçıvanla quru əlaqənin bərpasını strateji prioritet kimi irəli sürüb və son məlumatlara görə, bu məqsədlə artıq Zəngilan istiqamətində Horadiz–Ağbənd dəmir yolu xətti üzrə layihə işlərinin 85, tikinti-quraşdırma işlərinin isə 70 faizi icra olunub. Ermənistan ərazisindən keçəcək Meğri seqmenti isə hələ də layihələndirmə və siyasi razılaşma mərhələsindədir. Bu xəttin reallaşması Ermənistan üçün tranzit gəlirləri, logistika mərkəzlərinin formalaşması və regional ticarətə inteqrasiya deməkdir. Lakin xəttin idarəetmə mexanizmi məsələsi investorlar üçün əsas risk parametrinə çevrilib. Beynəlxalq maliyyə institutları üçün sanksiya riskləri, əməliyyat nəzarəti və hüquqi yurisdiksiya məsələləri prioritet qiymətləndirmə meyarlarıdır.

Bütün çətinliklərə baxmayaraq, demək olar ki, hər iki tərəf yolun açılmasında maraqlıdır. Bu isə təbii ki, Kremli narahat etməyə bilməz. İlk olaraq, Naxçıvanla quru əlaqənin bərpası bölgədə tranzit marşrutlarının yenidən konfiqurasiyası deməkdir ki, bu da Moskvanın sözügedən xətt üzrə təsir imkanlarını azaldır. Digər bir məsələ alternativ logistik arxitekturadır. Rusiya üçün ən arzuolunan model regiondakı bütün strateji xətlərin ya öz ərazisindən keçməsi, ya da onun idarə etdiyi şəbəkəyə bağlı olmasıdır. Əks halda hazırki gedişat Rusiyanın Cənubi Qafqazda infrastruktur üzərindən zəifləməsinə doğru aparır.

Digər tərəfdən, Qars–Naxçıvan, daha dəqiq desək, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi konteksti daha da mürəkkəbləşdirir. Türkiyə və Azərbaycan ötən ilin avqustundan tikinti işlərinə başlayıb. Layihə tamamlanarsa, Naxçıvanın Türkiyə üzərindən birbaşa bağlantısı təmin olunacaq və Ermənistan ərazisindən keçən alternativ xətt iqtisadi baxımdan daha zəif mövqedə qala bilər, elə böyük ehtimal ki, qalacaq da. Orta Dəhlizin gücləndiyi, Çin–Avropa yük axınının Xəzər üzərindən yönləndirildiyi bir dövrdə marşrut seçimi sürət, təhlükəsizlik və siyasi sabitlik kriteriyaları ilə müəyyənləşir. Məhz bu nöqtədə məsələ Rusiyaya bağlanır. Çünki Naxçıvanın Türkiyə üzərindən birbaşa inteqrasiyası regionda formalaşan yeni logistika arxitekturasını Moskvanın nəzarətindən kənarda qoyur, Ermənistan dəmir yolları üzərindəki Rusiya konsessiyasının strateji çəkisini azaldır və Cənubi Qafqazda nəqliyyat üzərindən təsir rıçaqlarını mərhələli şəkildə zəiflədir.

Azərbaycan üçün yaranan mənzərə iki istiqamətdə dəyərləndirilə bilər. Birincisi, Qars–Naxçıvan xətti Bakı–Ankara tandeminin regional logistika üzərində müstəqil nəzarətini gücləndirməklə yanaşı, Cənubi Qafqazda alternativ nəqliyyat arxitekturasını Moskvanın operativ iştirakından kənarda formalaşdırır. Bu isə Rusiya üçün regiondakı ənənəvi tranzit imkanlarının nisbi azalması deməkdir. İkincisi, Ermənistan tranzit potensialını itirməmək üçün daha çevik mövqe tutmağa məcbur qalarsa, sülh sazişi prosesinə iqtisadi motivasiya əlavə olunacaq. Bu dinamika Moskvanın vasitəçilik monopoliyasını zəiflədən yeni regional qarşılıqlı asılılıq modeli yarada bilər.

Nəticə etibarilə, Paşinyanın bəyanatı daxili auditoriyaya hesablanmış ritorika olmaqla yanaşı, xarici tərəfdaşlara yönəlmiş növbəti strateji siqnaldır. Qarşıdakı mərhələdə əsas müzakirə mövzusu Rusiya ilə imzalanmış konsessiya modelinin taleyi, alternativ maliyyələşmə və idarəetmə mexanizmlərinin qurulması və regional layihələrin hansı geosiyasi balans çərçivəsində icrası olacaq. Bu qərarlar təkcə Ermənistanın nəqliyyat siyasətini deyil, Moskva ilə münasibətlərinin strukturunu və ümumi geoiqtisadi istiqamətini də müəyyən edəcək.

Fikrət SADIXOV,
politoloq

Reallıq ondan ibarətdir ki, Ermənistanın dəmir yolu şəbəkəsi hazırda Rusiyanın nəzarəti altındadır və bu, danılmaz faktdır. Bu kontekstdə Rusiyanın ölkədə təsir imkanlarının zəiflədiyini söyləmək çətindir. Paşinyan hökuməti Avropa istiqamətini prioritet kimi təqdim edir, Avropa İttifaqına inteqrasiya niyyətini açıq şəkildə bildirir. Mövcud geosiyasi vəziyyət göstərir ki, Rusiya hələ də Ermənistanda öz mövqelərini qoruyub saxlayır və təsir rıçaqlarını itirməyib.

Digər tərəfdən, yeni reallıqlar da formalaşır. Əgər ABŞ kimi aktor marşrutun reallaşdırılmasında maraqlıdırsa və artıq yüksəksəviyyəli təmaslar baş tutursa, sənədlər imzalanır, konsepsiya hazırlanırsa, bu, qüvvələr balansına təsirsiz ötüşməyəcək. Amerika şirkətlərinin Ermənistana daxil olması perspektivi də Rusiyanın mövqelərinə müəyyən dərəcədə təsir göstərə bilər.

Bu prosesdə Rusiyanın passiv müşahidəçi kimi qalacağını düşünmək sadəlövhlük olardı. Moskva açıq qarşıdurmaya getmədən, daha çox dolayı mexanizmlər vasitəsilə təsir göstərməyə çalışa bilər. Müxtəlif siyasi, iqtisadi və ya institusional alətlərdən istifadə etməklə müəyyən çətinliklər yaradılması ehtimalı istisna deyil. Bu cür ssenarilərin necə inkişaf edəcəyini isə zaman göstərəcək.

Ümumilikdə, əgər marşrutun açılması ABŞ tərəfindən ardıcıl və sistemli şəkildə dəstəklənərsə, layihənin reallaşma ehtimalı artar. Bununla belə, prosesin maneəsiz və qarşıdurmasız keçəcəyi real görünmür. Geosiyasi rəqabət fonunda müxtəlif təzyiq və müqavimət elementlərinin ortaya çıxması gözləniləndir.

Tacir SADIQOV
XQ



Siyasət